Rusiya-Ukrayna müharibəsinin üçüncü günü – XRONİKA
Fevralın 24-də səhər tezdən Rusiya Prezidenti Vladimir Putin Ukraynada genişmiqyaslı xüsusi hərbi əməliyyatlara başladığını elan edib. Rusiya silahlı qüvvələri Ukrayna şəhərlərini, hərbi obyektlərini atəşə tutmağa başlayıb, paralel olaraq hava və quru əməliyyatı həyata keçirilir. Əsasən Kiyev, Xarkov, Sumı və Xerson yaxınlığında döyüşlər gedir.
“Poliqon” Rusiya-Ukrayna müharibəsinin üçüncü gününün xronikasını təqdim edir.
Fefralın 26-da Rusiya paraşütçülərinin gecə eniş etdiyi şəhərətrafı Vasilkovda aktiv döyüş əməliyyatları keçirilib. Vasilkov şəhəri Ukrayna paytaxtı Kiyevdən 30 kilometr aralıda yerləşən Kiyev-Odessa magistralına yol açır. Şəhər meri bildirib ki, Ukrayna hərbçiləri Vasilkova hücumu dəf edə biliblər. Qeyd edək ki, Vasilkov strateji nöqtədir, çünki Ukrayna paytaxtına ən yaxın aerodromlardan biri orada yerləşir. Digər mühüm aerodrom uğrunda – Qostomeldə döyüşlər davam edib.
Rusiya hərbçiləri səhər saatlarından etibarən Kiyevi işğal etmək üçün əməliyyatlar həyata keçirib. UNİAN-ın məlumatına görə, Bohdan Xmelnitski küçəsində və Peçerski rayonunda atışma səsləri eşidilib. Bura Ukrayna paytaxtının tam mərkəzidir. Məlumata görə, döyüşlər metronun “Beresteyskaya” stansiyası yaxınlığında gedib – orada Baş Qərargahın ayrıca mühafizə briqadası yerləşir. Prezident Zelenski şəhərin müdafiəsinə şəxsən rəhbərlik edir. Zelenski səhər saatlarında videomüraciətlə insanları, ordunu silahı yerə qoymağa çağırdığı barədə yalan xəbərlərə inanmamağa çağırıb. Prezident Kiyevdə qaldığını və ölkəni sona qədər müdafiə edəcəyini vurğulayıb.
Ukrayna Silahlı Qüvvələrinin yaydığı məlumata görə, Kiyevin “Beresteyskaya” metrostansiyası yaxınlığında Rusiya hərbi texnikasının karvanı – iki yük maşını, iki minik maşını və bir tank məhv edilib.
Kiyevdə raket zərbəsindən sonra Solomenski rayonunda Lobanovski prospekti yerləşən yaşayış binası qismən dağılıb. Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin məlumatına görə, raketin düşdüyü evdə 6 nəfər yaralanıb. Yaşayış sahəsinin yaxınlığında, Rusiya hərbçiləri tərəfindən hədəf alınan “Julyany” hava limanı yerləşir.
Böyük Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat xidmətinin məlumatında isə bildirilib ki, Rusiya hələ də Ukrayna hava məkanına nəzarəti ələ keçirə bilməyib və bu onun Hərbi Hava Qüvvələrinin effektivliyini əhəmiyyətli dərəcədə azaldır. Ukrayna Silahlı Qüvvələri ölkə boyunca güclü müqaviməti davam etdirir. Bildirilib ki, Rusiya qüvvələrinin böyük hissəsinin Kiyevə doğru hərəkəti davam etdirilib və onlar şəhər mərkəzindən 30 km məsafədədir.
Şəhər meri Andriy Sadovinin sözlərinə görə, Lvov vilayətinin Brodı bölgəsində rus qoşunları üç helikopterlə yerə enib. Merin sözlərinə görə, Ukrayna hərbçiləri eniş edən 60 nəfərə yaxın rus əsgərlərini meşəyə geri çəkilməyə məcbur ediblər.
Bu arada, BMT-nin baş katibi Antonio Quterres bildirib ki, Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra 100 mindən artıq ukraynalı evlərini tərk etmək məcburiyyətində qalıb.
Ukrayna baş nazirinin müavini İrina Vereşçuk Beynəlxalq Qızıl Xaç Komitəsindən Ukraynada həlak olan rus əsgərlərinin cəsədlərini çıxarmağı xahiş edib. Söhbət minlərlə işğalçı cəsədindən gedir.
Kiyevdə komendant saatının vaxtı dəyişdirilib. Şəhərin meri Vitali Kliçko məlumat verib ki, Kiyev vilayətində bu gün saat 17:00-dan sabah saat 08:00-a qədər komendant saatı olacaq. Bu komendant saatı fevralın 28-i səhərə qədər tətbiq edilir.
Günün ikinci yarısı Xarkov şəhəri raket zərbələrinə məruz qalıb. Şəhərə atılan mərmilərdən biri metrostansiyanın yaxınlığına düşüb. Şəhər administrasiyası təcili şəkildə sakinləri sığınacaqlara yerləşməyə çağırıb.
Bayden Dövlət Departamentinə Ukraynaya yardım üçün 600 milyon dollar ayırmağı tapşırıb. ABŞ Dövlət katibi Entoni Blinken Ukraynaya 350 milyon dollar dəyərində təcili hərbi yardımın edilməsinə icazə verib. CNN-nin xəbərinə görə, E.Blinken bildirib ki, yardım paketinə daxil olan silahlar Ukraynanın quru və havadan edilən hücumlara qarşı mübarizə qabiliyyətini gücləndirəcək. E.Blinken qeyd edib ki, bu paket Ukraynaya hazırda üzləşdiyi zirehli, hava-desant və digər təhlükələri aradan qaldırmaq üçün əlavə ölümcül müdafiə yardımını əhatə edəcək”.
Gürcüstan hökuməti də ehtiyat fondundan Ukraynaya 1 milyon lari (540 min manat) yardım ayrılacaq. Bu barədə Gürcüstan Baş naziri İrakli Qaribaşvili qərar imzalayıb. Ayrılan maddi yardım münaqişədən əziyyət çəkmiş Ukrayna vətəndaşlarına tibbi vasitələrin alınmasına yardım etməyə yönəldiləcəyi bildirilib.