Rusiya Ukraynada hərbi gücünün 20 faizini itirib

Rusiya Silahlı Qüvvələri tərəfindən Ukraynaya qarşı başladılan genişmiqyaslı müharibə davam edir. Ukrayna müqavimət göstərir və dəstək qazanır, dünya Rusiyanı təcrid edir. Bəzi istiqamətlərdə Ukrayna silahlı qüvvələri əks-hücuma keçir, Rusiya qoşunlarını işğal etdiyi Ukrayna torpaqlarından çıxarır.
“Poliqon” rəsmi məlumatlara əsasən, Rusiya-Ukrayna müharibəsinin qırx beşinci gününün xronikasını təqdim edir.
Aprelin 9-da Ukrayna Silahlı Qüvvələri Xarkov vilayətinin Olxovka kəndini Rusiya hərbçilərindən tamamilə azad edib.
Ukrayna Müdafiə Nazirliyi bildirib ki, Rusiyanın bəzi hərbi bölmələri Belarus ərazisində yerləşirlər. Mövcud məlumata görə, Rusiya Silahlı Qüvvələri yenidən qruplaşmaq üçün Şərq Hərbi Dairəsinin 35-ci Ümumqoşun Ordusunun və Rusiya Silahlı Qüvvələrinin Hava Desant Qüvvələrinin 76-cı Hücum Diviziyasının bölmələrini Belqorod və Voronej vilayətlərində hərəkətə gətirir. Severski istiqamətində Rusiya tərəfin qüvvələri yenidən qruplaşdırılır. Bunun üçün Mərkəzi Hərbi Dairəsinin Bryansk və Kursk vilayətlərindəki bölmələrinin döyüş qabiliyyəti bərpa edilir, həmçinin 41-ci Ümumi Ordu və 90-cı Panzer Diviziyasının ayrı-ayrı hissələrinin Donetskə köçürülməsi başa çatdırılır. Slobojanski istiqamətində Xarkovun intensiv atəşə tutulması və şəhərin qismən blokadası davam etdir. Belqorod vilayətində ruslar digər əməliyyat bölgələrindən köçürülmüş hərbçilər üçün səhra düşərgələri qurublar.
Ukrayna tərəfinin rəsmi məlumatlarına görə, Rusiya Silahlı Qüvvələri İzyum istiqamətində Brajkivka və Sulyhivka yaşayış məntəqələri istiqamətində hücuma keçsə də, heç bir uğur qazana bilməyib. Donetsk istiqamətində hücumlar davam edir. Əsas səylər Rubijne, Nıjne, Popasna və Novobaxmutivka yaşayış məntəqələrinin nəzarətə götürülməsinə və Mariupol şəhəri üzərində tam nəzarətin yaradılmasına yönəlib. Cənub Buq istiqamətində rus kəşfiyyatı gücləndirilib.
Maryanske, Novovorontsovka, Novohryhorivka və Şevçenkove yaşayış məntəqələri Rusiya Silahlı Qüvvələrinin bölmələri tərəfindən artilleriya atəşinə tutulub. Krım yarımadası ərazisindən Odessa vilayətinin yaşayış məntəqələrinə raket zərbələri endirilib.
Ukraynanın Donetsk və Luqansk vilayətlərində Rusiya Silahlı Qüvvələrinin 9 tankı, 7 zirehli maşını məhv edilib. Həmçinin ötən sutka ərzində rusların 2 helikopteri, 1 PUA-sı, 1 qanadlı raketi vurulub. Rusiyanın müasir “Orion” pilotsuz uçuş aparatını (PUA) məhv edilib.
Ümumilikdə, fevralın 24-dən bu günədək Ukrayna Ordusu Rusiya Silahlı Qüvvələrinin 151 təyyarəsini, 136 helikopterini, 705 tankını, 1895 zirehli texnikasını, 1363 hərbi avtomobilini, 335 artilleriya qurğusunu, 112 PUA-sını, 55 hava hücumundan müdafiə sistemini, 108 yayılım atəşli reaktiv sistemini, 25 xüsusi nəqliyyat vasitəsini, 76 yanacaq sisternini və 7 gəmi/qayığını, 4 OTRK / TRK işəsalma qurğusunu məhv edib. İndiyədək Rusiya Ordusunun 19100 nəfər hərbiçisi öldürülüb.
Müttəfiqləri tərəfindən Ukrayna Ordusunu silahlandırılması davam edir. Britaniya mənbələri Ukrayna Silahlı Qüvvələrinə “Mastiff” adlı ağır zirehli texnika veriləcəyini açıqlayıb. Çəkisi 23 ton olan zirehli döyüş maşını 8 əsgər və 2 ekipaj daşımaq qabiliyyətinə malikdir.
ABŞ Müdafiə Nazirliyi bildirib ki, Rusiya Ukraynada hərbi gücünün 20 faizinin itirib. Məlumata görə, 800-1000 hərbçidən ibarət taktiki qrup taborların hissələri, faktiki olaraq, məhv edilib. Qoşunların qalıqları Rusiya və Belarus ərazisinə çəkilib. Pentaqonun hesablamasına əsasən, Donbasda və ya ona yaxın ərazidə Rusiyanın 40 taktiki tabor qrupu yerləşdirilib.
Rusiyanın silahlı hücumu nəticəsində Ukraynada 176 uşaq ölüb, 324 uşaq isə yaralanıb. Uşaqlar daha çox Donetsk (102 nəfər), Kiyev (91), Xarkov (76), Çerniqov (50), Nikolayev (40), Luqansk (35), Zaporojye (35), Xerson (29) vilayətlərində, Kiyev (16), Sumı (16), Jitomir (15) şəhərlərində xəsarət alıb.
Rusiya Müdafiə Nazirliyinin rəsmisi İqor Konaşenkov bildirib ki, Ukraynanın Mirqorod aerodromuna yüksəkdəqiqlikli raketlə endirilən zərbə nəticəsində bir MiQ-29 qırıcısı və bir Mi-8 helikopteri məhv edilib. Konaşenkov əlavə edib ki, gecə ərzində yüksəkdəqiqlikli raketlərlə Dnepropetrovsk vilayətində, Novomoskovsk yaxınlığında böyük sursat anbarı da vurulub.
Rusiya Müdafiə Nazirliyi Su-30 və Su-35 qırıcıları ilə Ukraynanın “Buk-M1” zenit-raket kompleksinin vurulmasını əks etdirən görüntüləri yayıb.
Rusiya Müdafiə Nazirliyinin son məlumatına əsasən, Rusiya ordusu tərəfindən fevralın 24-dən bu günədək Ukraynanın ümumilikdə 127 təyyarəsi, 98 helikopteri, 229 yayılım atəşli reaktiv sistemi, 428 PUA-sı, 2037 tank və digər zirehli döyüş maşınları, 1941 xüsusi nəqliyyat vasitəsi, 886 artilleriya qurğusu və minaatanı məhv edilib.
Rusiya Silahlı Qüvvələrinin bölmələri Ukraynanın Zaporojye və Xerson istiqamətində səylərini gücləndiriblər.
Ukrayna və Rusiya genişmiqyaslı müharibənin başlanmasından bu günə kimi üçüncü dəfə əsir mübadiləsini həyata keçiriblər.
Rizvan Fikrətoğlu




