Rusiya yeni “Checkmate” qırıcısını BƏƏ-də nümayiş etdirəcək
Rusiyanın yeni “Checkmate” (Şahmat) döyüş təyyarəsinin prototipi 14-18 noyabr tarixlərində Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) keçiriləcək “Dubai Airshow” beynəlxalq aviasiya sərgisində nümayiş etdiriləcək.
Bu barədə “Poliqon” “Rostex” Dövlət Korporasiyasının mətbuat xidmətinə istinadən məlumat verib.
Məlumatda bildirilib ki, beşinci nəsil təkmühərrikli “Checkmate” döyüş təyyarəsinin prototipi “Rostex” Dövlət Korporasiyasına daxil olan “Sukhoi” Dizayn Bürosunda hazırlanıb.
Beşinci nəsil “Checkmate” yüngül çəkili təyyarə Su-57 qırıcılarının hazırlanması zamanı əldə edilmiş elmi-texniki təcrübə əsasında yaradılıb.
“Checkmate” qırıcısının 2023-cü ildə havaya qalxması planlaşdırılır. Gələcəkdə onun əsasında iki yerli pilotlu və pilotsuz versiya da yaradıla bilər.
Qeyd edək ki, “Checkmate” qırıcısı ilk dəfə cari ilin iyun ayında Moskvada keçirilmiş MAKS-2021 sərgisində nümayiş etdirilib.