Rusiyada 57 mm-lik proqramlaşdırılan mərmilərin sınağı keçirilib

Rusiyada 57 mm-lik proqramlaşdırılan mərmilərin sınağı keçirilib

Rusiya 57 mm çaplı 2S38 “Derivasiya”(ZAK-57) zenit-artilleriya kompleksi proqramlaşdırıla bilən mərmilərin ilkin sınaqlarını həyata keçirib.

“Poliqon” “RİA Novosti”yə istinadən xəbər verir ki, zenit-artilleriya kompleksinin idarəetmə sistemi hər bir mərmi üçün taymer təyin etməklə mərminin uçuş istiqamətini, onun ballistikasını və partlayış nöqtəsini hesablayacaq.

Bu, təkcə kiçik ölçülü hava hədəfləri effektiv şəkildə vurmağa deyil, həm də düşməni maneələrin arxasında (məsələn, səngərlərdə) vurmağa imkan verəcəkdir.

Xatırladaq ki, 2S38 “Derivasiya” kompleksinin texniki xüsusiyyətləri ilk dəfə “Armiya-2017” forumunda açıqlanıb və bir il sonra onun tam ölçülü nümunəsi nümayiş olunub. Yaradıcıların fikrincə, BMP-3 piyadanın döyüş maşını bazasında hazırlanmış kompleks 57 mm-lik avtomatik topla müxtəlif hava hədəflərini, o cümlədən pilotsuz uçuş aparatları, təyyarələr, helikopterlər, reaktiv mərmilər, idarə olunan döyüş sursatlar və s. 6000 m-ə qədər məsafədə və 4500 m-ə qədər yüksəklikdə məhv etməyə qadirdir.

Atış tezliyi dəqiqədə 120 atəş, mərminin başlanğıc sürəti saniyədə 1000 metr, atəş məsafəsi 10 kilometrə qədər, döyüş dəsti 148 atəş yığımıdır.

57 mm-lik avtomatik topla 7,62 mm-lik PKTM pulemyotu qoşalaşdırılıb. Pulemyotun döyüş dəsti 500 patrondur.

Ştat passiv növ aşkaretmə və müşahidə vasitələri fəzanın ayrı-ayrı sektorlarını müşahidə etmək imkanı ilə dairəvi görünüş təmin edən, “Pelenq” ASC tərəfindən hazırlanmış optoelektronik sistem (OES) ilə təmsil olunur. Heyət 10 kilometrə qədər məsafədə 2,3×2,3 metr ölçülü hədəfi aşkar edə bilir.

Döyüş modulu yaşayışsızdır və məsafədən idarə olunur. Maşının heyəti üç nəfərdir: komandir, tuşlayıcı operator və sürücü-mexanik.

Qeyd edək ki, 2S38 “Derivasiya” zenit-artilleriya kompleksi Rusiyanın “Uralvaqonzavod” Elmi-İstehsalat Konserni” tərəfindən yaradılıb. Hazırda maşınların sınaq-sənaye partiyasının hazırlanması və dövlət sınaqlarının keçirilməsi davam etdirilir. Kompleksin 2022-ci ildə Rusiya Ordusunun silahlanmasına qəbul ediləcəyi gözlənilir.

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS