Rusiyada BMP-3 və “Bradley” PDM-lərinin müqayisəli sınaqları tamamlanıb

Rusiyada BMP-3 və “Bradley” PDM-lərinin müqayisəli sınaqları tamamlanıb

Rusiyada BMP-3 və ABŞ istehsalı “Bradley” M2A2 ODS SA piyada döyüş maşınınlarının (PDM) müqayisəli sınaqları tamamlanıb.

“Poliqon” “Voyennoye obozreniye” nəşrinə istinadən xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin Oktyabr ordenli İnqilabı Qırmızı Bayraqlı Zirehli Tank Qoşunları marşalı Yakov Nikolayeviç Fedorenko adına 38-ci Zirehli Texnikaların Elmi-Tədqiqat Sınaq İnstitutu (qısaca RF MN 38-ci ZT ETSİ) Ukraynada döyüş bölgəsində döyüş meydanından qənimət kimi götürülmüş Amerikanın “Bradley” M2A2 ODS SA PDM-inin müqayisəli sınaqlarını başa çatdırıb.

Bildirilib ki, sınaqların nəticələri heç də “Rusiya maşınının xeyrinə deyil”.

Açıq mənbələrdə dərc edilən nəticələrə görə, ABŞ tərəfindən Ukrayna Silahlı Qüvvələrinə (USQ) tədarük edilən “Bradley” M2A2 ODS SA PDM-i əsas parametrlərinə görə Rusiya Silahlı Qüvvələrinin istifadə etdiyi BMP-3 PDM-dən üstündür. Bu üstünlüklərə döyüş maşınının konstruksiyası ilə əldə edilən mərmi əleyhinə, güllə əleyhinə və mina əleyhinə dayanıqlıq daxildir. “Bradley” PDM-nin minadan mühafizəsi maşının dibinə iki polad və alüminium təbəqənin, minaya davamlı “xalça”nın və amortizatorlayıcı oturacaqların quraşdırılması ilə təkmilləşdirilib. BMP-3 PDM gülləkeçirməz müdafiəyə malikdir, “Bradley” PDM isə 30 mm-lik mərmilərə tab gətirə bilir.

Atəş gücü baxımından 25×137 mm-lik M242 “Bushmaster” avtomatik topu 30×165 mm-lik 2A42 və 2A72 avtomatik toplarından üstündür, daha yüksək dəqiqliyə və effektiv atəş məsafəsinə, həmçinin zirehdəlmə qabiliyyətinə malikdir.

“Bradley” PDM-in üstünlükləri siyahısına həm də istismar-texniki xüsusiyyətləri və erqonomik xüsusiyyətləri daxildir. BMP-3 PDM isə dinamika, yanavcaq üzrə gediş ehtiyatı, yolsuzluq şəraitdə hərəkət qabiliyyəti və su maneələrini üzərək dəf etmək qabiliyyəti, eləcə də 100 mm-lik silahın olması səbəbindən üstündür.

Sınaqların nəticələrinə əsasən, Rusiya Müdafiə Nazirliyi 38-ci ZT ETSİ Rusiyanın BMP-3 PDM-nin “Bradley” M2A2 ODS SA PDM-indən üstün etməli olan bir sıra tövsiyələr verir.

Qeyd edək ki, ABŞ-ın “Bradley M2” PDM-i general Ömər Bredlinin (Omar Nelson Bradley) adını daşıyır. XX əsrin 70-ci illərin ikinci yarısında XM723 prototipi əsasında keçmiş SSRİ istehsalı BMP-1 PDM-in döyüş təcrübəsi və Almaniyanın “Marder” PDM-nin konstruktiv xüsusiyyətləri nəzərə alınmaqla M113 zirehli transportyorunun daha yaxşı qorunan və silahlı əvəzedicisi kimi yaradılıb. 1981-ci ildə ABŞ Ordusunun silahlanmasına qəbul edilib. “Bradley” M2 PDM-nin silahlanması 25 mm-lik M242 “Bushmaster” avtomatik topundan, 7.62×51 mm-lik M240C (United States Machine Gun, 7.62mm, M240) pulemyotundan, bir BGM-71 ТOW (Tube-launched Optically-tracked Wire-guided) tank əleyhinə idarə olunan raket kompleksinin buraxma qurğusundan və altı çıxarıla bilən 5.56 mm-lik M231 FPW (Firing Port Weapon — mazğal silahı, M16A1 tüfənginin modifikasiyasıdır, rəsmi olaraq tapança-pulemyot kimi təsnif edilir) pulemyotundan ibarətdir.

Silahlanmaya qəbul edildiyi vaxtdan indiyədək “Bradley M2” PDM-i yüksək döyüş səviyyəsini qorumaq və xidmət müddətini uzatmaq üçün bir neçə təkmilləşdirmədən keçib. “Bradley” M2A2 ODS (Operation Desert Storm) modifikasiyaları 1991-ci ildə İraqa qarşı hərbi əməliyyatın, “Səhrada Fırtına Əməliyyatı”nın (Operation Desert Storm) döyüş təcrübəsi əsasında yaradılıb. Dəyişikliklər əsasən döyüş maşınının elektron sistemlərini əhatə edib. “Bradley M2A2 ODS SA PDM hazırda dünyanın ən yaxşı PDM-lərindən biridir. Onun atəş gücü, modilliyi və sağqalma qabiliyyəti şəxsi heyəti təhlükəsiz saxlayır və ərazidən, temperaturdan və ya təhlükədən asılı olmayaraq düşmən üzərində üstünlük təmin edə bilir. “Bradley” M2A2 ODS SA PDM, Zirehli tank briqadasının döyüş qrupu daxilində optimal situasiya məlumatlılığı, şəbəkə bağlantısı və rabitə üçün ən son rəqəmsal elektronika ilə təchiz edilib. “Bradley” M2A2 ODS SA PDM-nin sübut edilmiş etibarlığı və konstruksiyanın unifikasiyası logistik yükü azaldır, eyni zamanda yaxın döyüşlərdə, şəhər ssenarilərində və açıq döyüş vəziyyətlərində müxtəlif tapşırıq tələblərinə cavab vermək üçün döyüş xüsusiyyətlərini artırır.

BMP-3, nüvə silahının istifadəsi və döyüşdə tanklarla birgə hərəkətlər şəraitində şəxsi heyətin cəbhə xəttinə daşınması, onların mobilliyinin, silahlanmasının və döyüş meydanında müdafiəsinin artırılması üçün nəzərdə tutulmuş Sovet və Rusiya döyüş zirehli tırtıllı döyüş maşınıdır. 1987-ci ildə keçmiş SSRİ Silahlı Qüvvələrinin silahlanmasına qəbul edilib.

BMP-3 PDM 100 mm-lik 2A70 top/buraxma qurğusu, qoşalaşdırılmış 30 mm-lik 2A72 avtomatik top və 7,62×54 PKT pulemyotları (gövdəyə quraşdırılmış 2 kurs və 1 qüllədə toplarla cütləşdirilmiş) ilə təchiz edilib.

BMP-3 PDM-in çoxsayı modifikasiyaları mövcuddur, lakin bunlardan yalnız bir neçəsi silahlanmaya qəbul edilib. Qalanları ya sınaq nümunəsi, ya da maket olaraq müxtəlif sərgilərdə nüçayiş etdirilməkdədir.

Əhəd Vahidoğlu

CATEGORIES
TAGS