Rusiyada gələn il “Bumeranq” zirehli maşınların dövlət sınaqları keçiriləcək
Rusiyada perspektiv “Bumeranq” platformalı təkərli K-17 piyadanın döyüş maşını (PDM) və K-16 zirehli transportyorunun (ZTR) 2022-ci ilin mart-aprel aylarından dövlət sınaqlarına başlanması planlaşdırılıb.
“Poliqon” “RİA Novosti”yə istinadən xəbər verir ki, dövlət sınaqları gələn ilin noyabr-dekabr aylarına qədər davam edəcək.
“Bumeranq” Rusiya hərbi sənaye kompleksi tərkibində fəaliyyət göstərən “Hərbi-sənaye şirkəti” MMC tərəfindən hazırlanan unifikasiya edilmiş perspektivli təkərli zirehli platformadır. Bu platforma əsasında təkərli K-17 PDM və K-16 ZTR yaradılıb.
K-17 PDM baza versiyasında qoşalaşdırılmış 7,62 mm-lik PKTM pulemyotu və “Kornet” tank əleyhinə raketləri olan 30 mm avtomatik 2A42 toplu “Epoxa” (“Bumeranq-BM”) döyüş modulu ilə təchiz edilib. K-16 ZTR isə 12.7 mm pulemyotu olan döyüş modulu ilə təchiz edilib.
Bunlardan başqa, “Bumeranq” bazasında zirehli tibb maşını, atəş dəstək maşını, özüyeriyən zenit raket kompleksi (“Sosna” ZRK variantı), özüyeriyən minaatan, radioaktiv-kimyəvi-bioloji müdafiə maşını, komanda-qərargah maşını və zirehli təmir-təxliyyə maşını yaradılıb.