Rusiyada Mi-171A3 çoxməqsədli helikopter ilk uçuşunu edib
Rusiyanın “Rostex” Dövlət Korporasiyasının “Vertoletı Rossii” şirkəti tərəfindən hazırlanan Mi-171A3 çoxməqsədli helikopterin uçuş sınaqları başlayıb.
“Rostex” Dövlət Korporasiyasının mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, Mi-171A3 helikopterin ilk uçuş sınaqları 15 dəqiqə davam edib və uğurla tamamlanıb.
Sınaq uçuşu zamanı helikopterin bütün sistemlərinin stabil işləməsi nümayiş etdirilib. Mi-171A3 helikopteri dəniz əməliyyatları və dəniz-qazma platformalarına texniki xidmət göstərmək üçün nəzərdə tutulub.
Mi-171A3-ün hazırlanmasına 2018-ci ildə başlanılıb. Yeni helikopterin IOGP (Beynəlxalq Neft və Qaz İstehsalçıları Assosiasiyası) standartlarına tam uyğun olması və dəniz səthi üzərində uçuşların təhlükəsizliyini təmin etmək üçün artan tələblərə cavab verəcəyi bildirilib.
Rəqəmsal idarəetmə sisteminə malik Mi-171A3 helikopterin maksimal qalxma çəkisi 13 000 kq, maksimal uçuş məsafəsi 1000 km-dir. Helikopter 24 nəfərə qədər heyəti daşımaq qabiliyyətinə malikdir, Mi-171A3 helikopteri müxtəlif iqlim şəraitində, ətraf mühitin temperaturu -50 ilə +50 dərəcə hava şəraitində işləmək üçün nəzərdə tutulub.
Rizvan Fikrətoğlu