
Rusiyada “Qrom” ağır zərbə PUA layihləndirilir
Rusiyanın “Kronştadt” şirkəti “Qrom” ağır zərbə pilotsuz uçuş aparatının (PUA) eskiz layihələndirilməsinə başlayıb.
“Poliqon” “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, “Qrom” ağır zərbə reaktiv PUA konsepti ilk dəfə “Armiya-2020” Beynəlxalq hərbi -texniki forumunda təqdim edilib.
Hazırda PUA eskiz layihələndirilməsi mərhələsindədir və texniki parametrlərinin işlənməsi davam edir.
O zaman qeyd edilirdi ki, aparatın kütləsi 7 ton, döyüş yükünün çəkisi isə 2 ton olmalıdır. PUA-nın X-38ML aviasiya idarə olunan raketləri və ya KAB-500S idarə olunan kasset aviasiya bombaları kimi müxtəlif sinif aviasiya məhvetmə vasitələrini daşıya biləcəyi də bildirildi. Gələcək aparatın maksimal sürəti saatda 1000 km göstərilir.
Xəbərdə bildirilir ki, “Qrom” ağır zərbə PUA-nın pilotlu təyyarə ilə birlikdə döyüş tapşırıqlarını yerinə yetirmə imkanlı müxtəlif versiyaları da hazırlanacaq.
PUA-nın Su-35 və Su-57 qırıcıları ilə birlikdə işləyəcəyi düşünülür. Onunn əsas vəzifəsi pilotların və pilotlu təyyarələrin həyatını xilas etməkdir.
“Qrom” PUA təkcə öz silahları ilə zərbələr endirməklə kifayətlənməyəcək, həm də başqa aviadaşıyıcıdan buraxılan 10 ədəd “Molniya” hücum pilotsuz uçuş aparatını idarə edə biləcək.
Aparatın açıq mənbələrdə göstərilən əsas texniki xüsusiyyətləri aşağıdakı kimidir: uçuş kütləsi – 7 ton, döyüş yükünün kütləsi – 2 ton, qanad açıqlığı – 10 metr, hündürlüyü – 3.8 metr, uzunluğu – 13.8 metr, maksimal uçuş sürəti – 1000 km/saata qədər, kreyser sürəti – 800 km/saat, praktiki uçuş tavanı – 12000 metr, uçuş məsafəsi – 800 km.
Əhəd Əzizov