Rusiyanın HHM-ini gücləndirmək məqsədi daşıyan JOKER-10 PUA-sına baxış – TƏHLİL

Rusiyanın HHM-ini gücləndirmək məqsədi daşıyan JOKER-10 PUA-sına baxış – TƏHLİL

Rusiya-Ukrayna müharibəsinin başlanmasından bəri pilotsuz uçuş aparatları (PUA) təkamüldə böyük bir yol keçib.

“Poliqon”un məlumatına görə, bu gün həm Rusiyanın, həm Ukraynanın, həm də Qərb ölkələrinin müdafiə sənayesi müəssisələri, eləcə də özəl istehsal müəssisələri geniş tapşırıqlar üçün müxtəlif tipli PUA-lar istehsal edir.

PUA-ların istifadə olunduğu yeni sahələrdən biri isə hava hücumundan müdafiədir (HHM). HHM sahəsi döyüşən hər iki tərəf üçün çox aktualdır və tərəflərin döyüş mövqelərindən uzaqda yerləşən obyektlərə/şəhərlərə endirdiyi PUA zərbələri bu sahədə boşluqların olduğunu təsdiq edir.

Rusiya Silahlı Qüvvələrinin hissə və bölmələri müxtəlif sinif və tipli PUA ilə silahlandırılıb. Bu texnikaların parkında nəzərəçarpan yeri JOKER seriyalı FPV (First Person View – birinci şəxsdən görüntü) PUA-lar tutur. Müxtəlif faydalı yüklərdən istifadə etmək qabiliyyəti sayəsində JOKER PUA zərbə tapşırıqlarını yerinə yetirə və yerüstü və ya suüstü hədəfləri vura bilər. Ailənin son modeli olan JOKER-10 FPV PUA bu yaxınlarda HHM məqsədləri üçün təkmilləşdirilib. İndi bu məmulat həm yerüstü, həm suüstü, həm də hava hədəflərini vura bilir.

Ümumiyyətlə, PUA-lardan qorumağın bir neçə yolu var. Birincisi, onlar radioelektron mübarizə (REM) sistemləri ilə susdurulur. İkincisi, onlara qarşı müxtəlif HHM sistemləri tətbiq edilir. Nəhayət, uçan aparatları məhv etmək üçün istənilən mümkün vasitələrdən, o cümlədən şəxsi odlu silahlardan istifadə olunur. PUA-larla mübarizənin yeni istiqaməti isə onlara qarşı tutucu PUA-ların istifadəsidir. Müvafiq uçuş xüsusiyyətləri və döyüş yükü olan bir PUA-dan istifadə edərək digər PUA-nın qarşısını almaq ideyası bu kontekstdə yaxşı perspektivlərə malikdir.

Rusiyalı mühəndislər izah edirlər ki, FPV PUA-ların HHM tapşırıqlarına uyğunlaşdırılmasının zəruriliyini Ukrayna PUA-larının çox vaxt penoplastdan (həmçinin polistirol köpüyü və ya styrofoam olaraq da bilinir) hazırlanmasıdır. Bu səbəbdən də radarlar onları tanımır. REM sistemləri də belə dronlarda həssas radiokanalların olmaması səbəbindən təsirsizdir. Üstəlik, nisbətən kiçik kopterlərin və təyyarələrin HHM sistemləri ilə vurulması iqtisadi baxımdan sərfəli deyil. Müasir zenit-raket kompleksinin (ZRK) bir raketi tam hüquqlu bir fərdi ev qiymətindədir, bir dron isə velosipeddən daha ucuz ola bilər.

486524660 1215797056712237 3842827416402821378 n

Rusiyanın Moskva vilayətinin Jukovsk şəhərində yerləşən “Kompleks pilotsuz həllər mərkəzi” (KPHM, Центр комплексных беспилотных решений – ЦКБР) 2024-cü ilin aprel ayında özünün JOKER-10 FPV PUA-sının yeni modifikasiyasını təqdim edib. JOKER-10 PUA-da istifadə edilən yenilik təyyarələrin ona bərkidilmiş saxta termal hədəf (“istilik tələsi” kimi də tanınır) borularının (gilizlərinin) istifadəsidir. Bu zaman boruya (gilizə) yüksək temperatur kütləsi (pirotexniki vasitə) əvəzinə, partlayıcı maddələr və hazır məhvedici elementlər doldurulur. Operatorun komandası ilə alışdırlır və atəş açılır. Nəticədə atəş zamanı düşmən PUA-sını vuran qəlpə buludları əmələ gəlir. Döyüş sursatının dəqiq parametrləri hələlik məlum deyil.

Sınaqlar zamanı JOKER-10 PUA altı belə sursat daşıyıb. Sınaq PUA belə bir yükdən öz konstruksiyası üçün risk etmədən istifadə etməyin mümkünlüyünü nümayiş etdirib. Bundan başqa, atış sabitliyi pozmayıb və uçuşun davam etdirilməsinə və tapşırıqların yerinə yetirilməsinə imkan verib. Döyüş sursatlarını istifadə etdikdən sonra PUA kinetik zərbə endirə (taran) bilər.

JOKER-10 PUA layihəsi Aviasiya Sistemlərinin Dövlət Elmi Sınaq Poliqonunda verilmiş tapşırıqlara uyğun olaraq təyyarə tipli PUA-ların vurulması üzrə sınaqlardan uğurla keçib. Gələcəkdə texnologiyanın mövcud raket əleyhinə sistemlərə nisbətən büdcə üçün daha sərfəli alternativə inkişaf etdirilməsi planlaşdırılır.

Təbii ki, bu atəş imkanlarından istifadə etmək həmişə mümkün deyil. Məsələn, bu, qorunan obyektin ərazisində edilməməlidir. Və hər bir özəl təşkilatın və ya sənaye müəssisəsinin hətta özünün müdafiəsi üçün belə partlayıcı maddələrlə doldurulmuş PUA-ları havaya qaldırmaq hüququ yoxdur. Belə vəziyyətlərdə JOKER-10 PUA PUA kinetik zərbənin köməyi ilə (taran üsulu tətbiq etməklə) öz vəzifələrinin öhdəsindən mükəmməl gəlir. Bu gün bu, ən təsirli, ən sürətli və ən təhlükəsiz üsuldur. Lakin o, yalnız FPV PUA-nın operatorun yüksək bacarığından – ustalığından asılıdır. Sonuncu xüsusilə vacibdir. Çünki, FPV PUA, populyar inanca baxmayaraq, PUA özbaşına heç nə etmir, o, insanın əlində bir vasitədir.

Yaradıcı şirkətdən bildiriblər ki, JOKER-10 PUA HHM heyəti bir neçə nəfərdən ibarətdir. Tək bir FPV pilotunun havada hədəfi aşkarlaması və ona tuşlanması çətin prosesdir. Yalnız bir komandada işləmək, müəyyən metodikadan istifadə etməklə, havadakı hədəfi aşkar etmək olar. Üstəlik, tutma trayektoriyasını qurmaq və onu məhv etmək üçün kifayət qədər sürətli yerinə yetirmək lazımdır bu fəaliyyətləri. Düşmən hava hədəfini tutmaq üçün FPV heyəti, demək olar ki, heç bir yük olmadan yüksək enerjili PUA-nı buraxır. Bu o deməkdir ki, mühərriklərdə olan bütün güc və batareyaların yüksək cərəyan çıxışı cəmi iki-üç dəqiqə ərzində tam istifadə olunur. Bu müddət bir hava hədəfini aşkar etmək və tutmaq üçün kifayətdir.

Qeyd edək ki, açıq mənbələrin məlumatına əsasən, bu xəttin ilk məmulatı 2023-cü il may ayının sonunda təqdim edilib. Ukraynadakı müharibə zamanı onun istifadəsinə dair ilk açıq hesabatlar ortaya çıxıb. Yaradıcı şirkət isə gələcək JİKER PUA-nın inkişafının hələ 2021-ci ildə başladığı bildirir. Sonradan onların daimi inkişafı prosesi başlayıb və bu tipli bir neçə yeni PUA yaradılaraq istehsal səviyyəsinə çatdırılıb.

JOKER PUA-larının ilkin versiyasının ilk partiyaları Rusiyanın Xüsusi Əməliyyat Qüvvələri bölmələrinə verilib. Artıq 2022-ci ilin martında onlar bu PUA-ları ilk dəfə geniş miqyasda döyüşdə tətbiq ediblər. Belə texnikanın geniş imkanları nümayiş etdirilmiş və bu perspektivli istiqamətin inkişafı davam etdirilmişdir. Sonradan PUA-ların kütləvi istehsalını qurmaq və qoşunları bu cür texnikalarla təchiz etmək mümkün olub. İstehsal genişləndikcə istismar edən bölmələrin sayı və döyüş istifadəsinin intensivliyi artıb. Lakin müəyyən vaxta qədər yeni PUA-lar haqqında məlumat açıqlanmayıb. Rəsmi təqdimat yalnız 2023-cü ilin yazında, yəni ilk istifadədən bir il sonra baş tutub. İnkişafın davamı olaraq, bu günə qədər JOKER çoxməqsədli hava platforması və onun üçün bir sıra müxtəlif cihazlar və faydalı yüklər yaradılıb. Sonuncu olaraq isə, 2024-cü ilin mart ayının sonunda genişləndirilmiş imkanlara malik JOKER-10 PUA-nın meydana çıxdığı barədə məlumat yayılıb.

JOKER ailəsinin bütün modifikasiyaları kurs kamerası olan radiokanal ilə idarə olunan kvadrokopterlərdir. Onlar öz sinfinə görə yüksək uçuş xüsusiyyətlərinə malikdirlər və döyüş başlıqları daşıya bilirlər. Ailənin ilk modelləri yer hədəflərinə qarşı işləmək üçün təyin edilmişdi və son layihədə yeni döyüş tapşırıqları nəzərdə tutulub.

JOKER-10 PUA-nın quruluşu

Məlum məlumatlara görə, JOKER ailəsinə bir neçə kvadrokopter tipli PUA daxildir. Onlar oxşar quruluşa malikdirlər, lakin ölçüləri və taktiki-texniki xassələri ilə bir-birindən fərqlənirlər. Əvvəlki JOKER FPV PUA-ları mövcud və ya xüsusi hazırlanmış döyüş sursatı şəklində döyüş başlığı ilə təchiz edilib. Bu konfiqurasiyada onlar yüksək səviyyəli mühafizəyə malik zirehli texnika da daxil olmaqla yerüstü hədəfləri məhv etmək üçün istifadə olunur. Bu günə qədər müxtəlif tapşırıqları həll etmək üçün müxtəlif sursatların geniş çeşidi hazırlanıb. Onlardan bəziləri zərbə yerinə yetirərkən PUA-nın qurban verilməsini tələb edir, digərləri isə bazaya qayıtmasına və ya tapşırıqları yerinə yetirməyə davam etməsinə icazə verir. JOKER PUA həmçinin döyüş sursatı atmaq üçün bir qurğu da daşıya bilir. Bu halda hədəfə zərbə endirildikdə PUA itirilmir.

Digər FPV PUA-lar kimi, JOKER-10 da quruluşunun müəyyən sadəliyinə malikdir. O, kvadrokopter konstruksiyası əsasında hazırlanıb, bazarda mövcud olan komponentlərdən və KPHM istehsalı detallardan yığılır. PUA 3D çap üsulundan istifadə edərək plastikdən hazırlanmış düzbucaqlı gövdəyə malikdir. Əsas idarəetmə elementləri və batareya gövdədə yerləşir. Gövdədə faydalı yük üçün kronşteynlər də var. Gövdənin yan tərəflərində pərvanəli mühərrik qrupları olan şüalar bağlanır. PUA pərvanəli dörd elektrik mühərriki ilə təchiz edilir. Onlar şaquli qalxmanı və üfüqi uçuşu təmin edir. JOKER-10 PUA, aparıcı pərvanələr istisna olmaqla, 254 mm kəsiyə malikdir.

Nəticədə, yaradılmış JOKER-10 FPV PUA 5 kiloqrama qədər faydalı yük daşımaq və saatda 100 kilometrə qədər sürətlə uçmaq qabiliyyətinə malikdir. Faydalı yük olmadan isə saatda 200 kilometrə qədər sürətlə uça bilir. Uçuş məsafəsi yükdən və digər amillərdən asılı olaraq 15-20 km-i keçə bilər. Yüksək manevr qabiliyyəti təmin edilib.

KPHM JOKER-10 PUA üçün yenilənmiş idarəetmə sistemini işləyib hazırlayıb və ona hibernator (“yuxu reimi”) adlanan sistemi daxil edib. Lazım gələrsə, döyüş rejimində olan PUA gözləmə rejiminə keçə və operatordan uçuş komandası alana qədər yerində qala bilir. Yayda gözləmə müddəti 1 aya, ilin soyuq dövründə isə 1 həftəyə qədərdir. Eyni zamanda, “yuxuda olan” PUA-nı aşkar etmək olduqca çətindir.

JOKER PUA-lar təhlükəsiz radio kanalı vasitəsilə uzaqdan idarəetmə sisteminə malikdirlər. Naviqasiya vasitələri də mövcuddur. Aparatın burnunda kəşfiyyat və hədəf təyin etmək üçün istifadə olunan sabit kurslu videokamera var. PUA adi qaydada döyüş növbəsi həyata keçirə və ya hibernator rejimindən istifadə edərək verilən mövqedə növbətçiliyini davam etdirə bilər.

Pilotsuz təyyarə sisteminə PUA ilə yanaşı, müxtəlif cihazlar dəsti də daxildir. Hər şeydən əvvəl, bu, operator pultu, videosiqnal çıxışı üçün FPV eynəkləri və rabitə vasitələri də daxil olmaqla idarəetmə cihazları dəstidir. Həmçinin çıxarılma antena postları, müxtəlif texniki xidmət qurğuları və s. də PUA-nın dəstinə daxildir.

Radiasiyanı ölçmək və kimyəvi çirklənməni aşkar etmək üçün cihzalarla təchiz edilmiş PUA-lar barədə də məlumatlar var. Faydalı yüklərin siyahısının həm kəmiyyət, həm də keyfiyyət baxımından genişlənəcəyi gözlənilir.

JOKER PUA HHM tərkib hissəsi kimi

490522678 1215797536712189 3835333490274948934 n

Artıq yuxarıda yazıldığı kimi, hazırda düşmənin kəşfiyyat və zərbə PUA-ları ilə mübarizə aparmaq üçün müxtəlif tipli zenit sistemlərindən, eləcə də radioelektron mübarizə vasitələrindən istifadə olunur. Hazırkı müharibə zamanı hər iki tərəfin hərbi birləşmələrinin silahlanmasında olan ZRK/zenit-raket-top kompleksi (ZRTK) və REM sistemləri kimi əkstəsir vasitələri öz imkanlarını açıq şəkildə nümayiş etdirir. Bununla belə, tərəflər kütləvi şəkildə müxtəlif PUA-ları buraxır və onların bir hissəsi mövcud əkstəsir vasitələrinin köməyi ilə məhv edilsə də, bir çoxu HHM sistemini keçə bilir.

Yaradıcıların fikrincə, JOKER-10 PUA-nın tutucu versiyası ənənəvi HHM vasitələrini tamamlamalıdır. Bu konfiqurasiyada olan PUA bir sıra mühüm xüsusiyyətlərə və üstünlüklərə malikdir ki, bu da ona pilotsuz hava hədəflərini effektiv şəkildə məhv etməyə imkan verəcək və ümumilikdə qoşun və obyekt HHM sisteminə müdafiəsinə töhfə verəcək.

İlk növbədə isə KPHM iqtisadi komponenti qeyd edir. Bildirilir ki, çox vaxt düşmənin hücum PUA-ları mürəkkəb və ya bahalı olmur. Onları tutmaq daha bahalı zenit raketləri tələb olunur və obyektlərin təhlükəsizliyi ola biləcəyindən daha baha başa gəlir. PUA əleyhinə PUA-nın istifadəsi tutma xərclərini minimuma endirməyə imkan verir. Üstəlik, bir zenit raketinin qiyməti kifayət qədər çox sayda PUA-nın qiymətinə bərabərdir.

Yarış konstruksiyasına əsaslanan FPV PUA-lar yüksək sürət və manevr xüsusiyyətlərinə malikdir. Bunun sayəsində onlar məhdud sürətlə uçan və manevr edə bilməyən hücum PUA-larına uğurla tuşlana bilirlər. Bununla belə, bu cür tuşlanmanın effektivliyi, ilk növbədə, operatorun bacarıqlarından asılıdır. Bütün bunlarla birlikdə, sürət və manevr qabiliyyətinə görə, tutulan PUA zenit raketlərinə uduzur, lakin onların uçuş xüsusiyyətlərindək üstünlükləri əksər PUA-larla mübarizə zamanı həddindən artıq yüksəkdir.

Həm raketlər, həm də pilotsuz tutucular REM sistemləri ilə müqayisədə aşkar üstünlüklərə malikdir. Müdaxilə peyk naviqasiyasından və PUA ilə operator arasında rabitədən gələn radio siqnallarını susdurmaq üçün istifadə olunur. Bununla belə, hava hədəfi inersial naviqasiyaya malik ola və əvvəlcədən müəyyən edilmiş marşrut üzrə hərəkət edə bilər. Bu vəziyyətdə, müdaxiləyə qarşı immunitet yaranır və o yalnız vurula bilər.

Aydındır ki, PUA-lardan istifadə edərək hava hədəflərinin tutulmasının da çatışmazlıqları var. Əvvəla, bu, FPV PUA-nın məhdud uçuş məsafəsidir. Əgər hədəfə çata bilməsə və ya onu tuta bilməsə, tapşırıq uğursuzluqla başa çatacaq. Bundan başqa, təşkilati məsələlər ortaya çıxır. Pilotsuz tutucuların heyətləri üçün hava məkanının izlənməsi və hədəf təyinatını təmin etmək lazımdır. Ola bilsin ki, bu tapşırıqlar mövcud HHM vasitələri ilə həll olunsun. Hazırki vəziyyətdə bu məsələ tam həll olunmamış görünür.

JOKER PUA-nın inkişaf yolları, mərhələləri və perspektivləri

Əslində, JOKER PUA özündə xüsusi idarəetmə sisteminə malik universal hava platforması-kvadrokopteri tərənnüm edir. Sifarişçinin ehtiyac və istəklərindən asılı olaraq, müxtəlif növ cihazlar və faydalı yüklərlə təchiz oluna bilər. Eyni zamanda, PUA lazımi funksiyaları alır və müxtəlif vəzifələri həll edə bilir.

2023-cü ildə hibernator qurğusu olan PUA-ların istehsalına başlanıb. Bu qeyd edildiyi kimi PUA-nı azaldılmış enerji sərfiyyatı ilə gözləmə rejiminə keçirən qurğudur. Köhnə modellərin sadə partlayıcılarını əvəz etmək üçün “Drayver” (“Sürücü”) detonasiya idarəetmə qurğusu hazırlanıb. Mahiyyətcə bu, bir neçə iş rejimi olan bir partlayıcıdır. O, hədəfə dəydikdə, verilmiş vaxt keçdikdən sonra və ya operatorun komandası ilə işə salınır. Bundan başqa, partlayış düşmənin düşmüş PUA-nı zərərsizləşdirməyə cəhd etdiyi zaman da baş verir.

Qeyd edildiyi kimi, 2024-cü ilin martında məlum olub ki, JOKER təkcə yerüstü hədəflərə qarşı mübarizə aparmayacaq. Onun üçün hava hədəflərini vurmağa imkan verən yeni döyüş atımı hazırlanıb. Orijinal qəlpəli döyüş sursatları mövcud məmulat əsasında yaradılıb və sınaqlardan uğurla keçib. Bir PUA altı belə döyüş sursatı daşıya bilir.

Eyni zamanda, təkcə yeni PUA-lar deyil, həm də köməkçi cihazlar və qurğular hazırlanır. Bu kontekstdə icra olunan “Lodır” (“Tənbəl”) layihəsi üzrə işlər artıq yekunlaşıb. Onun məqsədi PUA idarəetmə stansiyasını simulyasiya edəcək qurğu yaratmaq olub. Bu cür məmulatların ərazidə antenanın həqiqi mövqeyindən müəyyən məsafədə yerləşdirilməsi təklif olunur. Düşmən onları aşkarlaya biləcək, lakin əsl antenanı yamsılayıcıdan ayıra bilməyəcək.

Bundan başqa, JOKER PUA-ların döyüş istifadəsi üsulları da hazırlanır. KPHM 20 müxtəlif üsul və ssenarinin hazırlandığını bildirir. Məlum səbəblərdən bu üsulların təfərrüatları açıqlanmır, lakin onların müxtəlif növ tapşırıqların geniş spektrini əhatə etdiyi qeyd edilir. KPHM baza PUA platformasını inkişaf etdirməyə və onun komponentlərini təkmilləşdirməyə davam edir. Mövcud faydalı yük variantları da təkmilləşdirilir və yeniləri yaradılır. Pilotsuz sistemlərin digər komponentlərinə də diqqət yetirilir. Yaxın gələcəkdə JOKER PUA-ların potensialını bu və ya digər şəkildə artıracaq yeni inkişafların açıqlanacağı gözlənilir.

Ümumilikdə, PUA-ların əlavə HHM vasitəsi kimi istifadə edilməsi ideyası məntiqlidir və müəyyən perspektivlərə malikdir. Eyni zamanda, Rusiyanın JOKER-10 PUA-sı bu tip tək inkişaf deyil. Oxşar ideyalar başqa təşkilatlar tərəfindən də irəli sürülür. Yaxın keçmişdə “Lancet” süzən sursatının istehsalçısı olan “Zala Aero” şirkəti hava minalanması adlandırılan konsepsiyanı təklif edib. Bu ideya PUA-ların müəyyən rayonda döyüş növbətçiliyini, vəziyyətin izlənməsini və hədəflərin axtarışını nəzərdə tutur. Beləliklə, hava hədəfi aşkar edildikdə, döyüş sursatı onun qarşısını almalıdır. Yaradıcılar hava minalanmasının həm tam hüquqlu təyyarələrə, həm də PUA-lara qarşı təsirli olacağını güman edirlər.

Yekun

Beləliklə, Rusiya sənayesi və qoşunları tutucu PUA-lar mövzusunda artıq inkişaflara malikdir və onları həyata keçirməyə, həmçinin praktik istifadəyə verməyə hazırdır. İstehsal və təchizat tapşırıqları uğurla yerinə yetirilərsə, qoşunlar tamamilə kütləvi istehsal olunan və kifayət qədər sadə yeni tipli HHM vasitələri əldə edə biləcəklər. Əlbəttə, tutucu PUA-lar bütün HHM vəzifələrini həll edə bilməz və digər sinif sistemlər orduda qalmalıdır. Bununla belə, mövcud və perspektiv radarlar, ZRK, ZRTK, REM və PUA-ların birlikdə istifadəsi bir sıra tipik vəziyyətlərdə HHM effektivliyinin artırılmasını təmin etməlidir. Yeni imkanların nə verəcəyini və yeni vasitələrin tam olaraq necə tətbiq ediləcəyini zaman göstərəcək. Həmçinin PUA-lara qarşı döyüş sursatına malik JOKER-10 FPV PUA-nın real vəziyyətdə nə dərəcədə effektiv olacağı da gələcəkdə aydınlaşacaq.

Əhəd Vahidoğlu

CATEGORIES
TAGS