
Rusiyanın HHM qüvvələri hərbi texnika daşıyan Ukraynanın nəqliyyat təyyarəsini vurub
Rusiya Silahlı Qüvvələri tərəfindən fevralın 24-də Ukraynaya qarşı başladılan genişmiqyaslı müharibə davam edir.
“Poliqon” rəsmi məlumatlara əsasən, Rusiya-Ukrayna müharibəsinin əlli ikinci gününün xronikasını təqdim edir.
Aprelin 16-də Ukrayna hərbçiləri Roqan şəhərini Rusiya qoşunlarından azad edib. Ruslar bir sıra texnika və hərbçisini itirərək geri çəkilib.
Ukraynada Rusiya ordusunun daha bir generalı öldürülüb. Öldürülən general Rusiya Silahlı Qüvvələrinin 8-ci Ordu komandanının müavini vəzifəsində çalışıb.
Fevralın 24-dən bu günədək Ukrayna Ordusu Rusiya Silahlı Qüvvələrinin 163 təyyarəsini, 145 helikopterini, 762 tankını, 1982 zirehli texnikasını, 1458 hərbi avtomobilini, 371 artilleriya qurğusunu, 138 PUA-sını, 66 hava hücumundan müdafiə sistemini, 125 yayılım atəşli reaktiv sistemini, 26 xüsusi nəqliyyat vasitəsini, 76 yanacaq sisternini və 8 gəmi/qayığını, 4 OTRK / TRK işəsalma qurğusunu məhv edib. İndiyədək Rusiya Ordusunun 20100 nəfər hərbiçisi öldürülüb.
Böyük Britaniyanın Baş nazir Boris Conson Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon söhbətində bildirib ki, ölkəsi Ukraynaya silah, o cümlədən zirehli texnika göndərməyə davam edəcək. Qeyd edək ki, Britaniyanın Xüsusi Aviadesant Xidmətinin (SAS) hərbi təlimatçıları Kiyev və ətraf ərazilərdə Ukrayna hərbçilərinə təlimlər keçir.
BMT İnsan Hüquqları Ali Komissarlığının məlumatına görə, fevralın 24-də indiyədək müharibə nəticəsində Ukraynanın 1 982 mülki sakini həlak olub.
Ukraynanın paytaxtı Kiyevdə tank təmiri zavodu Rusiyanın yüksək dəqiqlikli uzaqmənzilli silah sistemi ilə vurulub.
Rusiya Müdafiə Nazirliyinin rəsmisi İqor Konaşenkov bildirib ki, Mariupolun bütün şəhər ərazisi Ukrayna qoşunlarından, o cümlədən “Azov” dəstəsinin yaraqlılarından və xarici muzdlulardan tamamilə təmizlənib. İ. Konaşenkov Ukraynanın təxminən 2500 hərbçisinin Azovstal metallurgiya zavodunun ərazisində tamamilə sıxışdırılaraq mühasirədə saxlanmasını qeyd edib. Onun sözlərinə görə, Mariupolun azad edilməsi zamanı 1464 ukraynalı hərbçi artıq təslim olub. Mariupolda Ukrayna silahlı qüvvələrinin itkisi 4000 nəfərdən çox olub.
Rusiyanın hava hücumundan müdafiə qüvvələri Qərb hərbi texnikasının böyük partiyası ilə yüklənmiş Ukrayna hərbi-nəqliyyat təyyarəsini Odessa vilayətinin hava məkanında vurub.
Rusiya ordusu Lozovaya və Veselaya yaşayış məntəqələri üzərində Ukraynanın 2 ədəd PUA-sını məhv edib.
Rusiya Müdafiə Nazirliyinin son məlumatına əsasən, Rusiya ordusu tərəfindən fevralın 24-dən bu günədək Ukraynanın ümumilikdə 134 təyyarəsi, 104 helikopteri, 246 zenit-raket kompleksi, 245 yayılım atəşli reaktiv sistemi, 460 PUA-sı, 2269 tank və digər zirehli döyüş maşınları, 2158 xüsusi nəqliyyat vasitəsi, 987 artilleriya qurğusu və minaatanı məhv edilib.
Rizvan Fikrətoğlu