Rusiyanın R-176-1AE radiostansiyası ilk dəfə MILEX-2023-də sərgilənib
Rusiyanın “Roselektronika” holdinqi MILEX-2023 sərgisində ilk dəfə beşinci nəsil R-176-1AE radiostansiyasını təqdim edib.
“Poliqon” xəbər verir ki, bu barədə “Rostex” Dövlət Korporasiyasının mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Minskdə nümayiş etdirilən radiostansiya “Roselektronika” holdinqinin tərkibindəki “Sozvezdie” şirkəti tərəfindən hazırlanıb və istehsal olunub. O, əvvəlki nəsillərin avadanlıqlarından daha yüksək səs-küydən qorunma səviyyəsi, sürətli məlumat ötürmə bacarığı və toplu faylların göndərilməsi zamanı təhlükəsiz çatdırma dəstəyi ilə fərqlənir.
R-176-1AE radiostansiyası həm əməliyyat sahəsindəki rabitə mərkəzlərinin bir hissəsi kimi, həm də avtonom/müstəqil şəkildə istifadə oluna bilər. Radiostansiyanın sabit halda əhatə diapazonu 2000 kilometrə, hərəkətdə olarkən isə 300 kilometrə çatır.
Orta güclü iki kanallı radiostansiya olan R-176-1AE, mütəlif idarəetmə nöqtələri arasında HF-VHF diapazonunda radio rabitəsini təmin edir. Radiostansiya azsaylı personalın iştirakı ilə istifadə üçün tam hazır vəziyyətə gətirilmək imkanına sahibdir. R-176-1AE müasir SDR (Software Defined Radio) texnologiyasından istifadə edir.
Qeyd edək ki, Belarusun paytaxtı Minskdə keçirilən XI MILEX Beynəlxalq Silah və Hərbi Texnika sərgisi mayın 20-dək davam edəcək.