
Rusiyanın “Tayfun-PVO” döyüş maşını seriyalı istehsal mərhələsinə keçib
Rusiyanın “Tayfun-PVO” döyüş maşını dövlət sınaqlarını uğurla başa vurub və seriyalı istehsal mərhələsinə keçib.
“Poliqon”un xəbərinə görə, bu barədə “Almaz-Antey” konserninin tərkibinə daxil olan “Kupol” zavodunun baş direktoru Fanil Ziyatdinov məlumat verib.
O bildirib ki, daşınan zenit-raket kompleksi (DZRK) ilə təchiz edilmiş “Tayfun-PVO” döyüş maşını ötən il dövlət sınaqlarını uğurla tamamlayıb və indi seriyalı istehsal olunan məhsullar kateqoriyasına keçir.
“Maşının istehsalı müəssisənin imkanlarından istifadəni artırmaqla yanaşı, ekipajların hərəkətliliyini və mühafizəsini də yaxşılaşdıracaq ki, bu da Silahlı Qüvvələrimizə döyüş meydanında böyük fayda verəcək”, – deyə baş direktor qeyd edib.
“Tayfun-PVO” maşınının əsas vəzifələrindən biri hərbi hissə və bölmələrin, o cümlədən hərəkətdə olan qüvvələrin müdafiəsini təmin etməkdir. Bu vəzifəni tam şəkildə yerinə yetirmək üçün maşında 20 km/saat sürətlə hərəkət zamanı pulemyotdan atəş açmaq imkanı yaradılıb. Heyətin nəqliyyat vasitəsini tərk etmədən döyüş əməliyyatlarını apara bilməsi üçün maşının damında “Kord” pulemyotu üçün dayağı olan fırlanan qüllə və pulemyotçu üçün lyuk quraşdırılıb. İkinci lyuk isə DZRK operatoru üçün nəzərdə tutulub.