SərgilərXəbərlər

Rusiyanın yeni KUB-10ME və RUS-PE süzən sursatları Minskdə nümayiş olunacaq

Rusiyanın “Kalaşnikov” konserni 17-19 iyun tarixlərində Belarusun Minsk şəhərində keçiriləcək “Milli Təhlükəsizlik. Belarus-2026” sərgisində yeni KUB-10ME və RUS-PE süzən sursatlarını ilk dəfə təqdim edəcək.

“Poliqon” xəbər verir ki, bu barədə “Kalaşnikov” konserni məlumat yayıb.

Bildirilib ki, xüsusi hərbi əməliyyat zonasında süzən sursatların tətbiqi təcrübəsi nəzərə alınaraq rekord qısa müddətdə hazırlanmış KUB-10ME düşmənin zirehsiz və yüngül zirehli hərbi texnikasını, zirehli transportyorlarını, diviziya, tabor və zenit-raket komplekslərinin komanda məntəqələrinin elementlərini, radioelektron vasitələrlə təchiz olunmuş avtomobilləri və fərdi zireh vasitələrindən istifadə edən canlı qüvvəni yüksək dəqiqliklə məhv etmək üçün nəzərdə tutulub.

Bundan əlavə, süzən sursat hava hücumundan müdafiə, radiotexniki kəşfiyyat və radioelektron mübarizə obyektlərinə, arxa təminat infrastrukturuna, pilotsuz uçuş aparatlarının start mövqelərinə, eləcə də bazalanma meydançalarında sığınacaqdan kənarda yerləşən təyyarə və helikopterlərə qarşı istifadə oluna bilər.

“Kalaşnikov”un yeni süzən sursatı analoqlarından fərqli olaraq, hərəkətdə olan hədəflərin vurulmasına imkan verən optik-elektron tuşlama sistemi ilə təchiz edilib. Həmçinin onun radioelektron mübarizə və hava hücumundan müdafiə vasitələrinə qarşı dayanıqlığı daha yüksəkdir. Süzən sursat əldə olunan məlumatların qeydə alınmasını təmin edən aerofoto və videoçəkiliş sistemi ilə də təchiz olunub.

KUB-10ME gündüz və gecə vaxtı, sadə və mürəkkəb meteoroloji şəraitdə, saniyədə 10 metrə qədər külək sürəti zamanı, -30°C-dən +40°C-yə qədər temperatur diapazonunda fəaliyyət göstərə bilir. Onun uçuş hündürlüyü 80-1800 metr, kreyser sürəti isə 120 km/saat təşkil edir.

Öz növbəsində, RUS-PE süzən sursatı düşmənin tək, sabit və ya hərəkətdə olan hədəflərinin, eləcə də hədəf qruplarının operativ və yüksək dəqiqliklə məhv edilməsi üçün nəzərdə tutulub.

Bu süzən sursat “X” formalı aerodinamik səth quruluşuna malik daşıyıcı platformadan ibarətdir. O, döyüş başlığı, idarəetmə avadanlığı və hədəfə yönəlməni təmin edən tuşlama başlığı ilə təchiz olunub. Süzən sursat daşındığı nəqliyyat-buraxılış konteynerindən pnevmatik üsulla buraxılır.

Tuşlama başlığı RUS-PE-nin avtonom, yarımavtonom və manual idarəetmə rejimlərində fəaliyyət göstərməsinə imkan verir. İki kanallı girostabilizasiya olunmuş optik sistem süni intellekt texnologiyalarından istifadə etməklə sabit və hərəkətdə olan hədəfləri avtomatik rejimdə aşkar və identifikasiya edə bilir. Onun uçuş müddəti 30 dəqiqəyə qədər, kreyser sürəti isə təxminən 140 km/saatdır.

Back to top button