S-400 ZRK-nin hansı hissələri Türkiyədə istehsal ediləcək?
Türkiyə və Rusiya S-400 zenit-raket komplekslərinin (ZRK) komponentlərinin birgə istehsalı ilə bağlı heç bir açıqlama verməmək barədə razılığa gəliblər.
“Poliqon” xəbər verir ki, bunu Türkiyə və İspaniya hökumətlərarası 7-ci Zirvə görüşündən sonra keçirilən birgə mətbuat konfransında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan S-400 ZRK-nin hansı hissələrinin Türkiyədə istehsalının planlaşdırılması ilə bağlı suala cavabında bildirib.
“Hər iki tərəf, Türkiyə və Rusiya S-400 hissələrinin istehsalı ilə bağlı təfərrüatlı açıqlamalar verməmək barədə razılığa gəliblər. Ona görə də bununla bağlı açıqlama vermirik. Bu öz aramızdakı həssaslıqlardır,” – deyə Rəcəb Tayyib Ərdoğan vurğulayıb.
Xarırladaq ki, Rusiya ilə Türkiyə arasında S-400 ZRK-lərin tədarükü ilə bağlı danışıqlar ilk dəfə 2016-cı ilin noyabrında baş tutub və 2017-ci ilin sentyabrında iki ölkə arasında 2,5 milyard dollar dəyərində 4 divizion S-400 kompleksi alınması barədə müqavilə imzalanıb. 2019-cu ilin noyabr ayında Rusiya Türkiyəyə S-400 “Triumf” ZRK-nin ilk partiyasını təhvil verib. Bununla Türkiyə Rusiyadan S-400 hava hücumuna qarşı müdafiə sistemini əldə edən birinci NATO ölkəsidir.
Hazırda, Türkiyə ilə Rusiya S-400 “Triumf” ZRK-nin ikinci partiyasının alqı-satqısına dair yeni müqavilə imzalamaq üzrədir.
Bundan əvvəl, Türkiyə Müdafiə Sənaye Komitəsinin (SSB) sədri İsmail Dəmir ikinci mərhələ üçün S-400 ZRK-lərin birgə istehsalı və texnologiya transferinə dair Rusiya ilə görüşlərin aparıldığını bildirmişdi.
Qeyd edək ki, S-400 ZRK 1990-cı illərdən başlayaraq Rusiyanın “Almaz” mərkəzi dizayn bürosu tərəfindən hazırlanmağa başlanılıb. Kompleks 2007-ci ildən Rusiya ordusunda xidmətdədir.
S-400 kompleksinə çoxfunksiyalı radar, avtonom aşkarlama və hədəfləmə sistemləri, zenit-raket sistemləri, buraxıcı qurğular və komanda-idarəetmə mərkəzi daxildir. S-400 kompleksi 400 km uzaqlıqda 30 km hündürlükdə hədəfi məhv edə, eyni vaxtda 36 obyekti hədəf ala bilir.