S-500 “Prometey” ZRK-nin döyüş atışlı sınaqları keçirilib
Rusiyanın Müdafiə Nazirliyi S-500 “Prometey” hava hücumundan müdafiə (HHM) sisteminin döyüş atışlı sınaqlarını keçirib.
“Poliqon” xəbər verir ki, bu barədə Rusiya Hərbi-Kosmik Qüvvələrinin Zenit Raket Qoşunlarının Komandanı general-mayor Sergey Babakov Müdafiə Nazirliyinin “Krasnaya zvezda” qəzetinə müsahibəsi zamanı bildirib.
O qeyd edib ki, “Yeni nəsil S-500 “Prometey” HHM sistemi zenit idarəolunan raketlərin döyüş atışları uğurla sınaqdan keçirilib. Hazırda hava hədəflərinə zenit idarəolunan raketlərin döyüş atışları ilə bir sıra sınaqlar aparılıb. Bütün sınaqlar müsbət nəticə ilə başa çatıb”.
Onun sözlərinə görə, perspektiv S-350 “Vityaz” zenit-raket kompleksləri zenit raket qoşunlarının silahlanmasına daxil olmağa başlayıb və S-500 “Prometey” HHM sisteminin də daxil edilməsi planlaşdırılır.
S.Babakovun sözlərinə görə, S-500 HHM sistemində aerodinamik və ballistik hədəflərdən başqa, yaxın kosmos da daxil olmaqla bütün modifikasiyalardakı hipersəs silahlarını məhv etməyi mümkün edən xüsusiyyətlərin mövcudluğu, sadəcə bu sistemin analoqunun olmamasını inamla söyləməyə imkan verir.
Xatırladaq ki, cari ilin aprel ayında Rusiyanın “Almaz-Antey” konserni yeni S-500 “Prometey” HHM sistemi üzərində işlərin tamamlandığını elan edib.
S-500 “Prometey” HHM sistemin əsas tapşırığı orta mənzilli ballistik raketlərin və zəruri hallarda uçuş mənzillərinin son hissəsində qitələrarası ballistik raketlərin məhv edilməsidir. Bundan başqa, sistem hipersəsli uçuş aparatlarını, təyyarələri və pilotsuz uçuş aparatlarını (PUA) məhv etmək imkanına malikdir.
Əhəd Əzizov