QuruXəbərlər

“Saab” Litva Silahlı Qüvvələrinə “Carl-Gustaf M4” qumbaraatanları tədarük edəcək

İsveçin “Saab” şirkəti Litva Silahlı Qüvvələrinə “Carl-Gustaf M4” qumbaraatanlarının və təlim avadanlıqlarının tədarükü üçün sifariş alıb.

“Poliqon” “Saab”a istinadən xəbvər verir ki, dəyəri 460 milyon İsveç kronu (49,4 milyon ABŞ dolları) olan sifariş üzrə çatdırılmaların 2026-2029-cu illər arasında həyata keçirilməsi planlaşdırılır.

“Carl-Gustaf M4” qumbaraatanı, “Saab” tərəfindən işlənib hazırlanmış və istehsal edilmiş “Carl-Gustaf” ailəsinin yeni nəsil çoxməqsədli tank əleyhinə kompleksidir. Geniş çeşidli döyüş sursatları müstəsna taktiki çevikliyi, istənilən döyüş vəziyyətinə hazır olmanı, daha sürətli döyüşün aparılmasını, zərbə ehtimalını artırmağı və daha yüksək effektivliyi təmin edir.

Onun yeni M4 versiyası əvvəlki M3 modelindən daha yüngül, daha yaxşı və daha sürətli olaraq xarakterizə edilir. M4 modelinin kütləsi 6.3 kq təşkil edir ki, bu da ağırlığı 10 kq olan M3 modelindən 37% və 14.2 kq-lik M2 modelindən 2,2 dəfə yüngüldür.

“Carl-Gustaf M4” qumbaraatanında istifadə edilən döyüş sursatları tanklara qarşı 400 m-ə qədər, binalara və stasionar hədəflərə qarşı isə 700 m-ə qədər məsafədə effektivdir. Bəzi döyüş sursatlarında məsafəni 1000 m-ə qədər artıran raket sürətləndiricisi var.

Xatırladaq ki, “Saab” bu yaxınlarda “Carl-Gustaf” qumbaraatanı üçün yeni HEAT 758 tank əleyhinə mərmisini təqdim edib. HEAT 758 mərmisi reaktiv zireh (ERA – Explosive Reactive Armour) ilə təchiz olunmuş ağır zirehli döyüş maşınlarını məhv etmək üçün hazırlanıb. İstehsalçının bildirdiyinə görə, mərminin hazırlanmasına səbəb müasir döyüş meydanlarında ERA ilə qorunan texnikaların getdikcə daha geniş yayılmasıdır.

HEAT 758 tandem döyüş başlığına malikdir. İlk partlayıcı başlıq zirehli maşının üzərindəki reaktiv zirehi neytrallaşdırır. Bundan sonra əsas döyüş başlığı maşının öz zirehini deşərək hədəfi məhv edir. Əsas başlıq 700 mm-ə qədər zirehi deşə bilir ki, bu da ən ağır zirehli texnikaları belə zərərsizləşdirmək üçün kifayətdir.

Back to top button