“Saab” şirkəti “Carl-Gustaf” qumbaraatanı satacaq

“Saab” şirkəti “Carl-Gustaf” qumbaraatanı satacaq

İsveçin “Saab” şirkəti adı açıqlanmayan ölkədən müasir “Carl-Gustaf” qumbaraatanlarının yeni M4 versiyasının və döyüş sursatı dəstinin tədarük edilməsi üçün sifariş alıb.

“Poliqon” “Saab” şirkətinin mətbuat xidmətinə istinadən xəbər verir ki, sifarişin ümumi dəyəri təxminən 900 milyon İsveç kronudur (104 milyon ABŞ dolları).

Müqavilə şərtlərinə əsasən, tədarük 2022-ci ildə başa çatdırılmalıdır. Müştəri və sifarişlə bağlı digər detallar müqavilənin şərtlərinə əsasən açıqlanmır.

“Lazım olduqda vəziyyəti dəyişdirən “Carl-Gustaf M4” qumbaraatanı ilə beynəlxalq müştəri bazasını qorumağa davam etməkdən qürur duyuruq”, deyə şirkətdən bildirilib.

Qeyd edək ki, istehsalçı, yeni M4 versiyasını əvvəlki M3 modelindən daha yüngül, daha yaxşı və daha sürətli olaraq xarakterizə edir. M4 modelinin kütləsi 6.3 kq təşkil edir ki, bu da kütləsi 10 kq olan M3 modelindən 37% və 14.2 kq-lıq kütləyə sahib M2 modelindən 2,2 dəfə yüngüldür.

Xatırladaq ki, “Carl Gustaf” qumbaraatanının M4 versiyası geniş ictimaiyyətə ilk dəfə 2014-cü ilin 13-15 oktyabr tarixlərində ABŞ-ın Vaşinqton şəhərində keçirilən “AUSA Annual Meeting and Exposition 2014” (AUSA-2014) sərgisi zamanı təqdim edilib.

“Saab” şirkəti, “Carl-Gustaf” çoxməqsədli qumbaraatanlarının universal olduğunu vurğulayan tank əleyhinə, qəlpəli-fuqas, tüstüləyici və işıqlandırıcı qumbaralar daxil olmaqla on müxtəlif növ sursat istehsal edir.

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS