Sabah “Türkiyə-Suriya sərhədinin minalardan təmizlənməsi” layihəsi üzrə tenderə buraxılacaq konsorsiumlarla görüş keçiriləcək
Sabah Ankarada, Türkiyənin Milli Müdafiə Nazirliyində Türkiyə-Suriya sərhədinin minalardan təmizlənməsi layihəsi çərçivəsində tenderə buraxılacaq konsorsiumların nümayəndələri ilə görüş keçiriləcək. Bu barədə “AzeriDefence” eksklüziv olaraq Türkiyə Milli Müdafiə Nazirliyindən məlumat əldə edib.
Görüşə konsorsiumlarda təmsil olunan firmaların nümayəndələri dəvət olunublar.
Toplantıda Türkiyə – Suriya sərhədində minalanmış ərazilərin mövcud vəziyyəti barədə məlumat veriləcək. Həmçinin tender şərtləri, sənədləşmə işlərinin aparılması barədə məlumatlandırılacaqlar.
“AzeriDefence”nin əldə etdiyi məlumata görə, tenderə buraxılmasına qərar verilən konsorsiumlar arasında Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) təmsil olunduğu iş ortaqlığı da var.
Qeyd edək ki, Müdafiə Nazirliyinin fevralın 6-da açıqladığı məlumata görə, tenderdə iştirak etmək üçün sənəd təqdim etmiş konsorsiumların müraciətlərinə baxılıb. Ümumilikdə 20 konsorsiumun tenderə buraxılması barədə qərar qəbul olunub.
Xatırladaq ki, layihə çərçivəsində 1950-ci illərdə minalanmış 911 km-lik Türkiyə-Suriya sərhədinin minalardan təmizlənməsi nəzərdə tutulur. Minalı sahələr ərazi şəraitinə görə 140, 124, 110, 156, 101 və 280 km olmaqla altı bölgəyə ayrılıb və ümumi sahəsi 212 milyon kvadratmetrdir.