Şahin Məmmədov Türkiyənin Azərbaycandakı hərbi attaşesini qəbul edib

Şahin Məmmədov Türkiyənin Azərbaycandakı hərbi attaşesini qəbul edib

Azərbaycan Daxili işlər nazirinin müavini – daxili qoşunların komandanı general-leytenant Şahin Məmmədov Daxili Qoşunların Baş İdarəsində Türkiyənin Azərbaycandakı Silahlı Qüvvələr Attaşesi general-mayor Zekeriya Yalçını qəbul edib.

Daxili Qoşunların mətbuat xidmətindən “Poliqon”a bildirilib ki, görüş zamanı Ş.Məmmədov hazırda iki ölkə arasında mövcud olan çoxşaxəli əlaqələrin inkişafını vurğulayaraq, Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlıq münasibətlərinin də uğurla inkişaf etməsindən danışıb.

İki ölkə arasında hərbi-texniki əməkdaşlığın mövcudluğunu müsbət hal kimi qiymətləndirən Daxili Qoşunların Komandanı, Türkiyə Silahlı Qüvvələri, o cümlədən Jandarm Baş Komandanlığı ilə Azərbaycan Daxili İşlər Nazirliyinin Daxili Qoşunları arasında qarşılıqlı dostluq və əməkdaşlıq münasibətlərinin bundan sonra da müvəffəqiyyətlə davam edəcəyinə əminliyini ifadə edib. Xüsusilə, Türkiyə Daxili İşlər Nazirliyinin Jandarm Baş Komandanlığının Daxili Qoşunlarda xidməti ezamiyyətdə olan Azərbaycan zabitlərinin təlim-tədris prosesinin inkişaf etdirilməsindəki önəmli fəaliyyətləri qeyd olunub.

Z.Yalçın daxili qoşunlar komandanını 44 günlük Vətən müharibəsində qazanılmış qələbə münasibətilə təbrik edərək, bu qələbənin tarixin səhifələrinə qızıl hərflərlə həkk olunacağını və yaddaşlardan silinməyəcəyini bildirib. Qonaq, həmçinin, ikitərəfli münasibətlərin ölkələrin gələcək inkişafına böyük təkan verəcəyini vurğulayıb. O, öz növbəsində, Azərbaycan Daxili İşlər Nazirliyinin Daxili Qoşunları ilə Türkiyənin bir sıra qurumları arasında qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinin möhkəmləndirilməsi üçün lazımi dəstək verəcəyini də əlavə edib.

Qarşılıqlı fikir mübadiləsi zəminində keçən görüşdə qeyd olunub ki, iki ölkənin müvafiq qurumları arasında səmimi dostluq və hərbi əməkdaşlıq bundan sonra da uğurla davam edəcək.

Poliqon.az

CATEGORIES
TAGS