Saməddin Əsədov: Azərbaycana kosmik texnologiyaların gətirilməsi böyük əhəmiyyət kəsb edir

Saməddin Əsədov: Azərbaycana kosmik texnologiyaların gətirilməsi böyük əhəmiyyət kəsb edir

Bu yaxınlarda “Azersky” peyki öz fəaliyyətini başa vurub və hazırda orbitdə müşahidə peyki kimi qalmaqdadır.

“Poliqon” xəbər verir ki, bunu Azərbaycan Kosmik Agentliyinin (“Azərkosmos”) İdarə Heyətinin sədri Saməddin Əsədov Milli Məclisin iclasında deyib.

S.Əsədov bildirib ki, hazırda Azərbaycanın orbitdə 3 peyki var. Onun sözlərinə görə, yaxın illərdə Azərbaycana məxsus peyklərin sayı artacaq.

“Azərbaycanın üç peykinin investisiya dəyəri 700 milyon manatdır. Bu investisiyanın əksər hissəsini beynəlxalq banklardan cəlb etmişik. Bunu 15%-ni hökumətimiz ödəyib. Hazırda biz o kreditləri qaytarırıq. İlin sonuna kimi 46-cı orbital mövqeyi alacağıq. Biz daima bazarı izləyirik və istəyirik ki, orbital mövqeyimiz 13-23 olsun. 30 il əvvəl Malayziya dövləti 46-cı orbital mövqeyi alıb və Azərbaycan Malayziya ilə birgə bu orbital mövqedən istifadə edir. Lakin bu ilin sonuna həmin mövqe tam Azərbaycanın olacaq. Bundan sonra 4, 5, 6 peyk buraxa biləcəyik”, – deyə Saməddin Əsədov vurğulayıb.

“Azərkosmos”un əldə etdiyi gəlirlərin 90%-nin xarici bazardan formalaşdığını deyən S.Əsədov ötən 10 il ərzində yarım milyard manat gəlir əldə etdiklərini diqqətə çatdırıb. Bu o deməkdir ki, “Azərkosmos”un 500 milyon manatdan çox gəlirlərinin 90%-i dollar və avro ilə olub.

S.Əsədov “Azərkosmos”un peyklər vasitəsilə apardığı müşahidələr barəsində də danışıb: “Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarətində olan Azərbaycan ərazilərində nə baş verdiyini yaxşı görürük. Lazım olan məlumatları adiyyatı orqanlara vaxtında çatdıra bilirik”.

Sədr qeyd edib ki, Azərbaycan Kosmik Agentliyi fəaliyyətə başlayanda əsasən xarici bazara köklənib: “Düşünürdük ki, daxili bazarda peyk xidmətlərinə elə də tələbat olmaya bilər. Türkiyənin “Türksat” şirkəti belə bizdən xahiş edir ki, onların tutumlarını xaricdə sataq. Çünki onlar ancaq öz ölkələrində sata bilirlər, lakin Azərbaycanın 42 ölkədə 182 müştərisi var. Onların əksəriyyəti Şərqi Avropa, Mərkəzi Asiya və Afrika dövlətləridir”.

S.Əsədov Azərbaycana kosmik texnologiyaların gətirilməsinin və yeni texnologiyaların formalaşdırılmasının böyük əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.

“Azərbaycanın 2030-cu ilə qədər kosmik baxışını işləyib hazırlamışıq. Yaxın müddətdə rəhbərliyə təqdim olunacaq. Azərbaycanın kosmik sahədə davamlı inkişafı üçün ölkəmizdə peyklərin istehsalı və testi kimi infrastruktur formalaşdırmaq istəyirik. Çünki bizim yerli mütəxəssislərimiz peyklərin idarə edilməsi ilə məşğuldurlar və öz bilik, bacarıqlarını yeni texnologiyalarda sınamaq istəyirlər”, – deyə Saməddin Əsədov qeyd edib.

Poliqon.az

CATEGORIES
TAGS