Samir Poladov: Minaların təmizlənməsində süni intellekt texnologiyasından istifadə edilir

Samir Poladov: Minaların təmizlənməsində süni intellekt texnologiyasından istifadə edilir

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyəti sədrinin müavini Samir Poladov POLİQON jurnalına müsahibə verib.

– Samir müəllim, ANAMA tərəfindən icra olunan minatəmizləmə əməliyyatları haqqında məlumat verməyinizi istərdik. Xüsusilə Qarabağda bu günə qədər görülən işlər və qarşıdakı perspektivlər barədə nələri deyə bilərsiniz?

– İlk öncə, fəaliyyətimizə dəyər verib, işıqlandırdığınız üçün təşəkkürümü bildirirəm.

Qeyd edim ki, Azərbaycan 2030: Sosial-iqtisadi inkişafa dair Milli Prioritetlərin əsas istiqamətlərindən biri kimi müəyyən edilən “Böyük Qayıdış” layihəsi çərçivəsində işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı minatəmizləmə əməliyyatları icra edilir. Əməliyyatlar əsasən bərpa-quruculuq, infrastrukturun formalaşdırılması, kənd təsərrüfatı təyinatlı ərazilərin təmizlənməsi və digər layihələr istiqamətində həyata keçirilir.

IMG 20211010 WA0161Bildiyiniz kimi işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatlarına ANAMA ilə birgə Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidmətinin müvafiq bölmələri, eləcə də yerli kommersiya şirkətləri cəlb olunub. Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş 2022-ci ilin Tədbirlər Planına əsasən cari il ərzində qurumlar tərəfindən 40.000 hektar ərazinin təmizlənməsi nəzərdə tutulub. Agentliyin öhdəliyinə düşən ərazi isə 20.000 hektar təşkil edir.

– Samir müəllim, Azərbaycan Prezidenti İlham Əliyevin 2021-ci il 15 yanvar tarixli fərmanına əsasən publik hüquqi şəxs statuslu ANAMA yaradıldı və hüquqi sənəd olaraq nizamnaməsi təsdiq edildi. Ötən bir il ərzində ANAMA-nın fəaliyyətində hansı yeniliklər oldu?

– Bəli, doğru qeyd etdiniz. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2021-ci il 15 yanvar tarixli 1251 saylı Fərmanı ilə 1998-ci ildə Ümummilli Lider Heydər Əliyevin sərəncamı ilə təsis edilmiş Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin əsasında publik hüquqi şəxs statuslu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) yaradıldı. ANAMA ölkə daxilində həyata keçirilən bütün minatəmizləmə ilə bağlı olan fəaliyyəti əlaqələndirmək, idarə etməklə bərabər, həm də səlahiyyətli orqan olaraq, hökumətin bu sahə üzrə əsas icraçı qurumudur. Başlıca məqsədimiz Azərbaycan Respublikasının işğaldan azad edilən və müharibənin təsirinə məruz qalan ərazilərinin mina və partlayıcı sursatların təhlükəsindən azad etmək, sosial-iqtisadi və humanitar inkişafa dəstək göstərməkdir.

Publik hüquqi şəxs statuslu Agentliyin qarşısında yeni vəzifə və öhdəliklər yer aldı. Agentliyin texniki imkanları, insan resursları, eləcə də əməliyyat metodları inkişaf etdirildi.

– Prezident İlham Əliyevin 2021-ci il sentyabrın 16-da imzaladığı “Azərbaycan Respublikasında minatəmizləmə fəaliyyətinin əlaqələndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmana əsasən, tapşırıqlar bölgüsünə uyğun olaraq əlaqələndirmə, görülmüş işlərin icrasının monitorinqi və keyfiyyətlə tamamlanmasına nəzarət ANAMA-ya həvalə edilib. Bu istiqamətdə hansı işlər görülür?

– Fərmanda nəzərdə tutulan fəaliyyət üzrə işlər icra edilir. Beynəlxalq Minatəmizləmə Standartlarına (IMAS) uyğun, mövcud olan və təkmilləşdirilən Minatəmizləmə Fəaliyyətinə dair Milli Tələbləri, həmçinin Minatəmizləmə Fəaliyyəti haqqında Qanun layihəsi müzakirə edilməsi üçün aidiyyəti üzrə təqdim edilib. Məlumatların vahid bazada toplanılması məqsədilə “Minatəmizləməyə dair İnformasiya Sisteminin” yaradılması işləri yekunlaşmaq üzrədir.

Eyni zamanda qeyd edim ki, ölkə rəhbərinin sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahı yaradılıb. Qərargahın nəzdində fəaliyyət göstərən İşçi Qruplarından biri də Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə qrupdur. Qarabağda təmizləmə əməliyyatlarına cəlb edilən bütün qurumların – Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti və digər müvafiq qurum nümayəndələrinin iştirakı ilə ay ərzində mütəmadi iclaslar keçirilir. Görülmüş işlər, eləcə də qarşıdakı öhdəliklər üzrə müzakirələr aparılır, qərarlar qəbul edilir.

MV 10– Azərbaycan ərazisində mina və partlamamış sursatlarla yanaşı improvizə edilmiş partlayıcılara da rast gəlinir. ANAMA bu problemlə necə mübarizə aparır?

– Bildiyiniz kimi, ANAMA-nın Göygöl rayonunda yeləşən Regional təlim mərkəzi var. Həmin təlim mərkəzində uzun illərdir ki, minaaxtaranlar üçün müxtəlif təlim kursları tədris edilir. Eyni zamanda sənaye üsulla hazırlanmış və hərbidə istifadə olunan partlayıcı sursatlarla yanaşı, müxtəlif növ improvizə edilmiş partlayıcı qurğular haqqında da məlumat verilir, onların maketləri təqdim olunur və işləmə prinsipləri haqda məlumat verilir. Bununla yanaşı, ANAMA-nın mütəxəssisləri təkcə ölkə daxilində deyil, xaricdə də təmizləmə əməliyyatlarında iştirak ediblər. Bu isə icra etdiyimiz sahə üzrə zəngin təcrübənin formalaşdırılmasına imkan yaradıb. Eyni zamanda işğaldan azad edilmiş ərazilərdə aşkar olunan hər bir naməlum sursat və ya qurğu əməkdaşlarımız tərəfindən təhlil edilir, xüsusiyyətləri öyrənilir.

– Bu gün ANAMA minatəmizləmədə hansı avadanlıqları tətbiq edir? ANAMA-nın seçim zamanı məsafədən idarəolunan minatəmizləyən maşınlara önəm verməsi nə ilə bağlıdır?

– Əl ilə minatəmizləmə əməliyyatları zamanı maqnetik-lokatorlar və detektorlardan istifadə edilir. Fəaliyyətini ən keyfiyyətli minaaxtaran avadanlıqlarla beynəlxalq standartlar və metodologiyalar çərçivəsində həyata keçirən ANAMA, eləcə də müasir texnologiyaların istifadəsinə üstünlük verir. Eyni zamanda, döyüş ərazilərinin metal ilə çirklənmə səviyyəsini müəyyən etmək və daha dərin təmizləmə əməliyyatları aparmaq üçün “Sensys” və “Ferex” adlı skanner avadanlıqlardan istifadə edilir.

Xüsusi təyinatlı mexaniki minatəmizləmə maşınları texniki tədqiqat prosesində şübhəli ərazilərin təhlil edilməsi məqsədilə istifadə olunan səmərəli və təhlükəsiz vasitə hesab olunur. İşğaldan azad edilmiş ərazilərdə ANAMA tərəfindən aparılan əməliyyatlara MV-4, MV-10, həmçinin “Bozena-4”, “Bozena-4+” və “Bozena-5” mexaniki minatəmizləmə maşınları cəlb edilib.

– Samir müəllim, Agentliyin maddi-texniki bazasının artırılması sahəsində hansı planları var? Ərazilərin tədqiq olunması üçün istifadə edilən süni intellekt texnologiyalarının istifadəsi barədə nə deyə bilərsiniz?

WhatsApp Image 2022 05 12 at 10.43.31– Agentliyin maddi-texniki bazasının genişləndirilməsi istiqamətində əhəmiyyətli işlər görülür. Belə ki, keçən il imzalanan müqavilələr əsasında xüsusi təyinatlı minatəmizləmə maşınlarının artıq əksər hissəsi ölkəyə gətirilərək, əməliyyatlara cəlb olunub. Bir hissəsi isə yaxın zamanlarda təhvil veriləcək. Eyni zamanda, maqnetik-lokatorlar, detektorlar, xüsusi fərdi qoruyucu geyim dəstləri alınıb. Bu kimi vasitələr tələbat olduqca yenilənəcək.

Həmçinin, işğaldan azad edilmiş ərazilərdə qeyri-texniki və texniki tədqiqat prosesini özündə ehtiva edən süni intellekt texnologiyasının istifadəsinə başlamışıq. “Uzaq Məsafədən (Havadan) Mina sahələrinin Tədqiqatı” (RAMS), İngiltərənin “RPS Energy Ltd” şirkəti tərəfindən təqdim olunan bir texnologiyadır. Geniş spektorlu, termal və yüksək dəqiqli kameralara malik dronlar mina və partlamamış hərbi sursatlarla (PHS) həqiqi çirklənməni müəyyən etmək üçün istifadə olunan tədqiqat texnologiyasıdır. Artıq keçən il ərzində süni intellekt vasitəsilə Zəngilan, Füzuli, Cəbrayıl, Tərtər və Qubadlı rayonları üzrə 18 min hektar ərazi təhlil edilib. Hal-hazırda da bu istiqamətdə fəaliyyət davam edir.

– ANAMA əməkdaşlarının bilik və bacarıqlarının artırılması istiqamətində hansı addımlar atılır, yeni müdavimlərin hazırlanması necə həyata keçirilir?

– Bildirim ki, Qarabağda genişmiqyaslı minatəmizləmə aparılması məqsədilə mərhələli şəkildə əməliyyatlara yeni müdavimlər cəlb edilir. Müdavimlərə keçirilən təlimlər “Humanitar Minaaxtarma” və “Döyüş Sahələrinin Təmizlənməsi”, eləcə də “Humanitar Minatəmizləmə Fəaliyyətinə İnteqrasiya” üzrə kurslardan ibarətdir. Təlimlər həm nəzəri, həm də praktik şəkildə həyata keçirilir.

Eyni zamanda, Agentliyin sahə heyətinin bilik və bacarıqlarının artırılması məqsədilə onlar mütəmadi olaraq müxtəlif təlimlərə cəlb olunurlar. Bu kimi təlimlərdən biri də Böyük Britaniyanın nüfuzlu MAG (Mines Advisory Group) qeyri-hökumət təşkilatı arasında imzalanan Anlaşma memorandumuna əsasən ANAMA-nın yeni supervayzerləri üçün 6 ay nəzəri və 6 ay praktiki təlimlərin keçirilməsi, monitorinq və qiymətləndirmə prosesinə dəstək verilməsi nəzərdə tutulub. Eləcə də, bir müddət öncə Böyük Britaniyanın Müdafiə Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) partlayış qrupu işçilərinə EOD Level 3+ (Partlayıcı Sursatların Zərərsizləşdirilməsi) təlimləri keçirilib. Beynəlxalq Minatəmizləmə Standartlarına (IMAS) uyğun olaraq təlimlər sahə işçilərinə davranış və təhlükəsizlik qaydalarının aşılanması, əldədüzəlmə və digər partlayıcı qurğuların iş prinsipi və zərərsizləşdirilməsi barədə yeni bilik və bacarıqlarının təkmilləşdirilməsini təmin edir.

1 3 1– Humanitar minatəmizləmə fəaliyyətinin bir aspekti də maarifləndirmədir. Bu sahədə işlər necə qurulub?

– Doğrudur, mühüm komponentlərindən biri Partlayıcı Sursatların Təhlükəsinə dair Maarifləndirmədir (PSTM). Maarifləndirmə tədbirlərimiz minatəmizləmə əməliyyatları ilə paralel şəkildə həyata keçirilir. Bu sahədə əsasən 4 istiqamət əhatə edilir – ümumi maarifləndirmə, təlimçilərin təlimi, icma əsaslı maarifləndirmə və məktəblərdə partlayıcı sursatların təhlükəsinə dair dəsrlərin tədrisi. Belə ki, 72 dövlət və özəl təşkilatın mütəxəssisi Təlimçilərin Təlimi, 63 dövlət qurumunun və müəssisənin işçiləri isə ümumi maarifləndirmə tədbirlərinə cəlb edilib. Müharibədən zərərçəkmiş 10 rayonun (Füzuli, Beyləqan, Xocavənd, Ağdam, Ağcabədi, Tərtər, Bərdə, Goranboy, Göygöl, Daşkəsən) minalı ərazilərə daha yaxın 80 kəndində mina təhlükəsi ilə mübarizə qrupları yaradılıb, geniş maarifləndirmə tədbirləri aparılır.

Bununla yanaşı 50.000 ədədə yaxın “Mina Təhlükəsi” üzrə dərslik və metodiki kitablar çap edilərək Təhsil Nazirliyi vasitəsi ilə Regional Təhsil idarələrinə və məktəblərə təhvil verilib. Və təbii ki, bu istiqamətdə tədbirlərimiz mütəmadi olaraq davam etdirilir, çünki məhz mina təhlükəsi ilə bağlı təbliğat sayəsində əhali şübhəli ərazilərdə təhlükəsizlik qaydaları, eləcə də partlayıcı qurğuların riski barədə məlumatlı olur.

– “Böyük Qayıdış” proqramı üzrə Qarabağa ilk sakinlərin geri dönüşü gözlənilir. Onlara partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə istiqamətində nə kimi planlarınız var?

– Öncədən də qeyd etdiyim kimi maarifləndirmə tədbirləri bir neçə istiqamətdə keçirilir. İcma əsaslı maarifləndirmə fəaliyyəti çərçivəsində icma komitələri yaradılır, həyata keçirilən təbliğat tədbirləri rayon icra strukturları ilə əlaqələndirilir, əldə edilən məlumatlar ANAMA-nın informasiya bazasına daxil edilir. Bildirim ki, ümumilikdə, müharibədən sonrakı dövrdə 220.000 nəfərdən yuxarı vətəndaş maarifləndirmə fəaliyyətindən faydalanmışdır.

– ANAMA minatəmizləmə əməliyyatlarında itlərin də xidmətindən istifadə edir. Bildiyimiz qədər Agentlik Marşal İrsi İnstitutu ilə bu sahədə əməkdaşlıq edir.

MAI– Bəli, Agentlik fəaliyyətə başlayan dövrdən xüsusi təlim keçmiş minaaxtaran itlərin dəstəyindən istifadə edir. Minaaxtaran itlər əsasən texniki tədqiqatda, şübhəli sahələrin qısaldılması və keyfiyyət yoxlamaları prosedurlarına cəlb edilir. Minatəmizləmə əməliyyatlarına cəlb edilən xüsusi təlim keçmiş itlərin də sayında əlavələr oldu. Bildiyiniz kimi 2005-ci ildən ANAMA ABŞ-ın Marşal İrsi İnstitutu (MLİ) ilə bu sahədə sıx əməkdaşlıq edir. Belə ki, MLİ ilə imzalanan memoranduma əsasən, 2023-cü ilədək humanitar minatəmizləmə əməliyyatlarına dəstək məqsədilə ANAMA-ya minaaxtaran itlər ianə ediləcək. Bu itlərin çox hissəsi artıq Azərbaycana göndərilib, Agentlik tərəfindən akkreditasiyadan keçərək Qarabağda aparılan təmizləmə əməliyyatlarına cəlb ediliblər.

Bildirmək istərdim ki, xüsusi təlim keçmiş itlərdən 3-ü minatəmizləmə və insanların həyatının xilas edilməsi fəaliyyətində fərqləndiyinə görə MLİ tərəfindən aparılan seçimdə 2013, 2018 və 2020-ci illər üzrə ilin qalibi seçilmişdir.

Qeyd edim ki, may ayının 3-də ABŞ-Azərbaycan Ticarət Palatası (USACC), Marşal İrsi İnstitutu, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyinin birgə təşkilatçılığı ilə ABŞ-ın Vaşinqton ştatında “Orxideyanın Səsi” adlı xeyriyyə konserti təşkil edilib. Bilet satışından əldə olunan maliyyə hesabına Azərbaycanda keçirilən humanitar minatəmizləmə əməliyyatlarına dəstək məqsədilə minaaxtaran itlərin alınması nəzərdə tutulub.

– ANAMA bu gün dünyada humanitar minatəmizləmə sahəsində təlim keçən azsaylı təşkilatlardan biridir. Agentliyin bu sahədə imkan və qabiliyyətləri barədə nələri söyləyə bilərsiniz?

– Agentliyin fəaliyyət tarixinə nəzər salsaq ANAMA tərəfindən 2001-ci ildən etibarən həm yerli, həm də xarici mütəxəssislər üçün 225 təlim kursu keçirilib. Bu kurslarda NATO, ATƏT, Türkiyə, Əfqanıstan, Tacikistan, Ukrayna, Gürcüstan və İordaniyanın müvafiq qurum nümayəndələrinə təlimlər keçirilib.

Eyni zamanda ANAMA-nın Təlim və Metodoloji Təminat şöbəsinin mütəxəssisləri tərəfindən Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, yerli kommersiya şirkəti nümayəndələrinə humanitar minatəmizləmə əməliyyatlarının icrasına dair təlimlər keçirilib.

– Samir müəllim, beynəlxalq əlaqələrə də toxunmaq istərdik. Bir müddət öncə ölkədə minatəmizləmə sahəsində ilk böyük miqyaslı beynəlxalq konfrans keçirildi. Konfransın yekunları, məqsədləri, yerli və beynəlxalq ictimaiyyətin məlumatlandırılması haqda qeyd edərdiniz.

– 31 mart – 1 aprel tarixlərində “Humanitar minatəmizləmə fəaliyyəti və Dayanıqlı İnkişaf Məqsədləri” (DİM) mövzusunda 2 günlük beynəlxalq konfrans keçirildi. Konfrans Azərbaycan Respublikası Hökümətinin təşəbbüsü, Azərbaycan Respublikasının Minalatəmizləmə Agentliyi və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının birgə təşkilatçılığı ilə baş tutdu. Dünyanın 34 ölkəsindən 150 nəfərə yaxın beynəlxalq və regional qurum nümayəndələrini bir araya gətirən konfransın başlıca məqsədi mina və partlayıcı sursatların yaratdığı risklərin aradan qaldırılması, təhlükəsiz yaşayışın bərpa olunma mexanizmlərinin müzakirəsi və ən nəhayət Azərbaycanın qarşılaşdığı mina probleminin həcmini dünyaya çatdırmaq idi. Konfrans zamanı Azərbaycanda Minatəmizləmə sahəsində Etimad Fondunun yaradılması, eləcə də Dayanıqlı İnkişaf Məqsədlərinin 18-ci bəndinin minatəmizləmə fəaliyyətini əks etdirilməsi təklifi irəli sürüldü. Ümid edirik ki, bu istiqamətdə irəli sürülən təkliflər tez bir zamanda öz müsbət nəticəsini göstərəcəkdir. PQ

Zaur Babaşov

Poliqon jurnalı 

CATEGORIES
TAGS