Şəhid Ramiz Qasımovun anım mərasimi keçirilib

Şəhid Ramiz Qasımovun anım mərasimi keçirilib

Oktyabrın 21-də Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində Vətən Müharibəsi Qəhrəmanı polkovnik-leytenant Ramiz Vaqif oğlu Qasımovun şəhidliyinin birinci ildönümü münasibətilə anım mərasimi keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, tədbirdə Müdafiə Nazirliyi, Hərbi Hava Qüvvələri və Xəzər Rayon İcra Hakimiyyətinin rəsmiləri, şəhidin ailə üzvləri, xidmət etdiyi hərbi hissənin hərbi qulluqçuları, döyüş yoldaşları və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

“İlkimiz, sonumuz, andımız Vətən!” adlı vətənpərvərlik tədbirində əvvəlcə “Milli şahinlərimiz Vətən müharibəsində” videçarxı nümayiş etdirilib, sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.

Ermənistanın  təxribatlarına cavab olaraq Azərbaycanın öz ərazi bütövlüyünün bərpası və tarixi torpaqların işğaldan azad edilməsi uğrunda başladığı Vətən müharibəsinin ilk günündə düşmən üzərinə əks hücuma keçən polkovnik-leytenant Ramiz Qasımov öz ekipajı ilə Ağdərə-Tərtər istiqamətində hərbi əməliyyatlar zamanı düşmənin radio-elektron mübarizə vasitəsini, zenit-raket kompleksini məhv edib, düşmənə canlı qüvvə sarıdan xeyli itkilər verib.

Qeyd edək ki, hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümayiş etdirdiyinə görə Prezidentin Sərəncamı ilə “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adı verilən hərbi qulluqçulardan biri də polkovnik-leytenant Ramiz Qasımovdur. Həmçinin, yüksək “Snayper” dərəcəsinə yüksələn Ramiz Qasımov sağlığında 7 döyüş medalı ilə təltif olunub.

Poliqon.az

CATEGORIES
TAGS