Şəhid Şahin Allahyarovun və Amin Novruzovun anım mərasimi keçirilib

Şəhid Şahin Allahyarovun və Amin Novruzovun anım mərasimi keçirilib

Vətən müharibəsi qəhrəmanları şəhid baş gizir Allahyarov Şahin Hüseynbala oğlu və kiçik gizir Novruzov Amin Tacəddin oğlunun boya-başa çatdıqları rayonlarda təşkil edilmiş anım mərasimlərində Dövlət Sərhəd Xidmətinin rəsmiləri, rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən “Poliqon”a verilən məlumata görə, anım tədbirinə qatılanlar Vətən müharibəsinin ilk günlərindən ön cəbhəyə yollanan Şahin Allahyarovun Füzuli və Cəbrayıl istiqamətlərində gedən döyüşlərdə qəhrəmanlıq göstərdiyi, Hadrut qəsəbəsinin azad olunmasında xüsusi ilə fərqləndiyi, Şuşa şəhərinin azad olunması uğrunda döyüşlərdə qəhrəmancasına şəhid olduğu qeyd edilib.

Baş gizir Şahin Allahyarovun döyüş şücaəti qiymətləndirilərək Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə ona ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adının verildiyi, “Vətən uğrunda” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunduğu vurğulanıb.

Şəhid kiçik gizir Amin Novruzovun anım mərasimində onun Vətən müharibəsində Füzuli, Cəbrayıl uğrunda gedən döyüşlərdə xüsusi fədakarlıq göstərdiyi, Cəbrayıl-Zəngilan istiqamətində İran ilə dövlət sərhədinin azad edilməsində, Zəngilan rayonu ərazisində Ermənistanla sərhəddə yerləşən strateji əhəmiyyətli yüksəkliklərin düşməndən təmizlənməsi döyüşlərində şücaətlə vuruşduğu qeyd olunub.

Kiçik gizir Novruzov Amin Tacəddin oğluna döyüş əməliyyatlarında göstərdiyi şəxsi qəhrəmanlığa görə ölümündən sonra Ali Baş Komandan İlham Əliyevin müvafiq Sərəncamı ilə “Vətən Müharibəsi Qəhrəmanı” adının verildiyi, “Vətən uğrunda” və “Zəngilanın azad olunmasına görə” medalları ilə təltif olunduğu vurğulanıb.

Poliqon.az

CATEGORIES
TAGS