Serbiya adı açıqlanmayan ölkəyə “Nora” B52 ÖAQ satır

Serbiya adı açıqlanmayan ölkəyə “Nora” B52 ÖAQ satır

Serbiya adı açıqlanmayan ölkəyə 48 ədəd “Nora” B52 təkərli özüyeriyən artilleriya qurğusu (ÖAQ) satır.

“Poliqon” “b92.net” portalına istinadən xəbər verir ki, müqavilənin mövcudluğu Serbiya Prezidenti Aleksandr Vuçiç tərəfindən təsdiqlənib.

Artilleriya sistemlərinin tədarükü üzrə müqavilənin dəyəri 311 milyon avro təşkil edir. Yəni kimsə ÖAQ-ın bir vahidi üçün təxminən 6,5 milyon avro ödəməyə hazırdır.

A.Vuçiç ölkənin adını çəkməyib, sadəcə o, bu müqavilənin artıq imzalandığını, lakin bunun Afrika ölkəsi olmadığı istisna olmaqla, ətraflı məlumat verə bilməyəcəyini bildirib. Onun sözlərinə görə, bu ölkənin prezidenti və parlamenti “Nora” B52 ÖAQ sifarişinin təsdiqlənməsi üçün rəsmi prosedurları hələ başa çatdırmayıb.

48 ədəd “Nora” B52 təkərli ÖAQ-ın tədarükünə dair razılaşma hələ cari ilin noyabr ayında elan edilmişdi. Serbiya və Qafqazdakı bir sıra nəşrlər “Nora” B52 ÖAQ-ların böyük partiyasının müştərisinin Azərbaycan olduğunu iddia edir. Lakin hələlik bu məlumatın rəsmi təsdiqi yoxdur.

Xatırladaq ki, “Nora” B52 2006-cı ildə Serbiyanın “Yugoimport SDPR” şirkətinin mühəndisləri tərəfindən yaradılmış təkərli özüyeriyən haubitsadır. “Nora” B52 ÖAQ Velika-Plana şəhərindəki “Morava” zavodunun istehsal etdiyi təkərli artilleriya sistemləri ailəsinin aralıq variantlarından biridir.

155 mm-lik ÖAQ sovet istehsalı D-20 top-haubitsasının bazasında lüləsinin uzunluğu 52 çapar qədər artırılmış şəkildə hazırlanıb. Yellənən hissənin xeyli sayda elementi 152 mm-lik D-20 top-haubitsasından və 130 mm-lik M-46 topundan götürülmüşdür. Şaquli müstəvidə tuşlama bucaqları -50 ilə +65 dərəcə, üfüqi müstəvidə isə ±30 dərəcədir. Haubitsanın maksimal atış məsafəsi 42 km-ə qədərdir.

ÖAQ-ın atəşi idarəetmə sistemində MRSI (Multiple Rounds Simultaneous Impact) atəş rejimi nəzərdə tutulub ki, bu da bir neçə mərmi lülənin müxtəlif qalxma bucaqlarında ardıcıl olaraq, lakin eyni zamanda hədəfə çatacaq şəkildə buraxıldıqda, tək artilleriya sistemi ilə tam yaylım atəşi effekti əldə edilməsini təmin edir.

Təlim atışları üçün atəş 20×102 kalibrli M55 qoyma lülə ilə yerinə yetirilir.

Artilleriya hissəsi 8×8 təkər formuluna malik şassinin arxa hissəsində fırlanan platformada quraşdırılıb. ÖAQ ixrac üçün Serbiyanın Priboy şəhərində yerləşən FAP (“Fabrika automobila Priboy”) avtomobil istehsalı zavodunun FAP-2832 şassisində və öz ordusu üçün isə Rusiya istehsalı KamAZ-63501-8×8 təkər formuluna malik iki növ şassidə istehsal olunur. Yürüş vəziyyətində haubitsa hərəkət istiqamətində bərkidilir, lakin atəş üçün geri dönür və dörd teleskopik elektro-hidravlik dayaq (autriger) vasitəsilə sabitlənir.

Döyüş maşınındakı döyüş dəsti 36 dəst atəş yığımından ibarətdir. Onlardan 12 dəsti atışa hazırdır və avtomatik doldurucuda yerləşdirilir, daha 24 dəsti isə kabinanın arxasında yerləşən döyüş yığımındadır. Daha 72 dəst atəş yığımı nəqletmə maşınında daşınır.

ÖAQ özünümüdafiə üçün 12,7 kalibrli pulemyotla silahlandırılıb. Tüstü pərdələrinin quraşdırılması üçün iki blok 82 mm-lik tüstü qumbaraatanları nəzərdə tutulub.

Qeyd edək ki, “Nora” B52 özüyeriyən silah ixrac üçün fəal şəkildə təchiz edilir. Bu təkərli özüyeriyən haubitsalar Serbiya ilə yanaşı Banqladeş, Kipr, Myanma və Keniya ordularının silahlanmasındadır.

“Nora” B52 ÖAQ-ın əsas taktiki-texniki xüsusiyyətləri aşağıdakı kimidir:

  • heyəti – 5 nəfər;
  • ERFB / BB mərmisi ilə aparılan atəşin maksimal məsafəsi – 42 km;
  • ERFB RA / BB perspektivli mərmisi ilə aparılan atəşin təxmini məsafəsi – 56 km;
  • KM-1 “Krasnopol” (və ya “Krasnopol-155, yaxud K155) tipli idarə olunan mərmidən istifadə etmək imkanı – mövcuddur;
  • yürüş vəziyyətindən döyüş vəziyyətinə keçmə müddəti – 1 dəqiqə;
  • şossedə maksimal hərəkət sürəti – 80 km/saat;
  • yolsuzluq şəraitində hərəkət sürəti – 40 km/saat;
  • yanacaq üzrə gediş ehtiyatı – 500 km;
  • ÖAQ-ın deşilmiş şinlərdə gedə biləcəyi məsafə – 50 km;
  • minimal dönmə radiusu – 16,6 m;
  • dəf etdiyi maneələr: o səngər – 1,6 m; xəndək (su maneəsi) – 1 m; yoxuş – 23 dərəcə;
  • maksimal icazə verilən yan əyilmə – 9 dərəcə.

Əhəd Vahidoğlu

CATEGORIES
TAGS