Serbiya İsraildən “Spike LR-2” TƏİR kompleksi almaq istəyir

Serbiya İsraildən “Spike LR-2” TƏİR kompleksi almaq istəyir

Serbiyanın Müdafiə Nazirliyi İsrailin “Rafael – Advanced Defence Systems” şirkətinin istehsalı olan “Spike LR-2” tank əleyhinə idarə olunan raket komplekslərini (TƏİRK) almağı planlaşdırır.

“Poliqon” xəbər verir ki, İsrailin “Rafael” şirkətinin rəsmisi Serbiya Müdafiə Nazirliyinin “Spike LR-2” TƏİR komplekslərini almaq üçün İsraillə danışıqlar apardığını təsdiqləyib.

“Spike” raketləri ən son nəsildir və dəzgahdan, zirehli maşından və ya helikopterdən buraxılır. Raketlər bütün müasir tankları və zirehli maşınları məhv etmək imkanına malikdir.

“Rafael” şirkəti Serbiyada “Jugoimport” şirkəti ilə əməkdaşlıq edir və burada nümayiş olunan “Spike LR-2” raketlərinin tanıtımı üzərində işləyir. Əgər “Jugoimport” ilə işlər uğurlu alınırsa, sonra daha uzun mənzilə malik olan “Spike ER” və “Spike-NLOS” raketlərinin tədarükü də həyata keçirilə bilər.

Qeyd edək ki,”Spike” tank əleyhinə raket sistemi hazırda dünyanın 37 ordusu tərəfindən istifadə olunur və indiyədək 30 mindən çox raket istehsal edilib.

“Spike” mərmi ailəsi özünəməxsusdur və müxtəlif uçuş mənzillərinə sahib bir neçə növ raketdən ibarətdir: “Mini-Spike” (1,5 km), “Spike SR” (short range – 1,0-1,5 km), “Spike MR” (medium range – 2,5 km), “Spike LR” (long range – 4,0 km), “Spike LR-2” (5,5 km), “Spike ER” (extended range – 8 km), “Spike ER-2” (10 km) və ən güclü “Spike NLOS” (non-line of sight – 32 km). Bütün bunlar qabaqcıl və beşinci nəsil sistemdir. Beləliklə, 1,0 – 32 kilometr məsafədəki hədəfləri atəş açaraq məhv etmək mümkündür.

Yeri gəlmişkən qeyd edək ki, “Spike” sistemi bölgədəki Xorvatiya Silahlı Qüvvələri tərəfindən “Patria AMV” zirehli maşınlarında, Sloveniya Ordusunda JLTV yüngül taktiki nəqliyyat vasitələrində və “SKOV Svarun” zirehli transportyorlarında (“Patria AMV” ZTR-in yerli adı), Rumıniya Ordusunda isə iki növ buraxma qurğusu və raket – MLI-84 döyüş maşınlarında və IAR-330 helikopterlərində istifadə olunur.

Serbiya ilə danışıqlar mövzusu olan LR-2 versiyası daha yüksək zirehdəlmə qabiliyyətinə malikdir və aktiv reaktiv zirehdən sonra 1000 millimetrlik zirehli polada da nüfuz edə bilir. Bu isə o deməkdir ki, raket bütün müasir tankları məhv edir.

Raket daha yaxşı nişanalma sisteminə malikdir, sistemin işində süni intellektdən geniş istifadə olunur və raket hədəfə 70 dərəcə bucaq aıtında dəyir ki, bu da poladı və ya betonu dəlməsini əhəmiyyətli dərəcədə artırır.

Kütləvi istehsal olunan LR versiyası ilə müqayisədə, yeni LR-2 versiyası yerdən atıldıqda 5,5 kilometr və helikopterdən atıldığı təqdirdə 10 kilometr məsafədə yerləşən hədəfi vurur.

Raketlər iki əsgər tərəfindən xidmət edilən dəzgahdan, bundan başqa zirehli maşınlardan, gəmilərdən və helikopterlərdən atıla bilir.

Hazırda “Spike LR-2” ən qabaqcıl versiyası İsrail, Slovakiya, Estoniya, Avstraliya və Azərbaycan orduları tərəfindən istifadə olunur. Raketlər həm mənzil-qərargahı İsrailin Hayfa şəhərində yerləşən “Rafael” şirkətinin zavodunda, həm də onun törəməsi olan və mənzil-qərargahı Almaniyanın Röthenbach an der Pegnitz şəhərində olan “Eurospike” şirkəti tərəfindən istehsal edilir.

spike

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS