Sərhədçi əsgərlərin ehtiyata buraxılması ilə əlaqədar silsilə tədbirlər keçirilib

Sərhədçi əsgərlərin ehtiyata buraxılması ilə əlaqədar silsilə tədbirlər keçirilib

Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi hissələrində müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması ilə əlaqədar silsilə tədbirlər keçirilib.

DSX-nin Mətbuat Mərkəzindən “Poliqon”a bildirilib ki, keçirilən tədbirlərdə sərhədçilərin Azərbaycan Prezidenti İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı altında  dövlət sərhədinin mühafizə və müdafiəsində xidmət aparmaqdan qürur duyması xüsusi vurğulanıb.

Dövlət Sərhəd Xidmətinin sıralarında xidmət edərək Vətən qarşısında borcunu ləyaqətlə yerinə yetirmiş hərbi qulluqçular Hərbi Anda sadiq qalaraq yüksək döyüş ruhu, intizam və peşəkarlıq göstərmiş, ölkəmizin təhlükəsizliyinin təmin olunmasında əvəzsiz töhfələr veriblər.

Xidmət dövründə əsgər və zabitlərimiz ən çətin tapşırıqları qətiyyətlə icra edib, birlik və həmrəylik nümayiş etdirib, sərhədçi gücü və iradəsini layiqincə təmsil ediblər.

Ehtiyata buraxılan hərbi qulluqçular vətənə xidmətləri ilə qürurlu olduqlarını, zərurət yarandığı halda qazandıqları bilik və təcrübə ilə yenidən vətən sərhədlərinin mühafizə və müdafiəsinə hazır olduqlarını bildiriblər. Bu, Azərbaycan əsgərinin sarsılmaz iradəsinin və milli ruhunun təzahürüdür.

“Vətənə xidmət şərəfdir!” şüarı altında hərbi xidmətlərini başa vuraraq Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatına buraxılan müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına vəzifələrini şərəflə yerinə yetirdiklərinə görə təşəkkür edilib.

Sonda xatirə fotoşəkilləri çəkilib, xidmətdə fərqlənmiş hərbi qulluqçular təltif edilib və şəxsi heyət təntənəli şəkildə yola salınıb.

CATEGORIES