Seriyalı istehsal edilən ilk elektrikli zirehli personal daşıyıcı Türkiyə Quru Qoşunlarına çatdırılıb – VİDEO

Seriyalı istehsal edilən ilk elektrikli zirehli personal daşıyıcı Türkiyə Quru Qoşunlarına çatdırılıb – VİDEO

“Makine ve Kimya Endüstrisi” (MKE) şirkəti tərəfindən inkişaf etdirilən Türkiyənin ilk elektrikli zirehli personal daşıyıcısı (E-ZPT – Elektrikli Zırhlı Personel Taşıyıcı) Quru Qoşunları Komandanlığına təhvil verilib.

Bu barədə “Poliqon”a “Makine ve Kimya Endüstrisi” şirkətindən məlumat verilib.

Bildirilib ki, Türkiyə Milli Müdafiə Nazirliyinin Hərbi Zavodlar Baş İdarəsinin koordinasiyası altında MKE tərəfindən hazırlanan E-ZPT-nin kvalifikasiya sınaqları tamamlanıb və seriyalı istehsal edilən ilk elektrikli zirehli personal daşıyıcı Quru Qoşunlarına çatdırılıb.

Qeyd olunub ki, E-ZPT-nin 14 oktyabr 2024-cü ildə başlayan kvalifikasiya sınaqları ümumilikdə 376 gün davam edib. Platforma döyüş meydanında qarşılaşılacaq real ssenarilər simulyasiya olunaraq, bir çox çətin sınaqlardan keçirilib. E-ZPT 3000 km dayanıqlılıq, 1600 km yolsuzluq, 800 km asfalt və 600 km stabilizə olunmuş yol sınaqlarını uğurla tamamlayıb.

60% dik yoxuş, 30% yan meyil, xəndəkdən keçmə kimi testlərlə yanaşı, həddindən artıq isti və soyuq hava şəraitində də qüsursuz performans göstərən E-ZPT, sürücü-mexanik, komandir, tuşlayıcı-operator və 4 ekipaj üzvü daxil olmaqla ümumilikdə 7 nəfər personal daşıya bilir.

MKE mühəndislərinin imzasını daşıyan E-ZPT, ətraf mühitə həssas texnologiyanı və üstün təhlükəsizlik yanaşmasını bir araya gətirir. Daxili batareya paketi ilə 150 km, generator dəstəyi ilə isə 650 km-ə qədər mənzilə çatan E-ZPT, 0-dan 50 km/saata cəmi 8 saniyədə sürətlənir. Sürətli şarj sayəsində batareya 20%-dən 80%-ə 1.5 saatda doldurula bilir.

Yüksək təhlükəsizlikli batareya quruluşu ilə müasir müdafiə ehtiyaclarına effektiv həll təqdim edən E-ZPT, aşağı texniki xidmət və təmir xərcləri ilə yanaşı, müxtəlif tip faydalı yüklərlə də tam uyğun işləyə bilir. 100% elektrikli hərəkət sistemi sayəsində daha aşağı akustik və termal iz buraxan zirehli texnika, tam yüklü vəziyyətdə təxminən 15 ton çəkiyə çatır və 2.5 ton faydalı yük daşıya bilir. Son texnologiya ilə təchiz olunmuş E-ZPT, 12.7 mm-lik uzaqdan idarə olunan silah sistemi ilə silahlandırılıb.

Elektrikli hərəkət sisteminin zirehli texnikalara inteqrasiyası və M113 zirehli personal daşıyıcısının dünyanın bir çox ölkə ordularının inventarında olması nəzərə alındıqda, MKE mühəndisləri tərəfindən hazırlanmış E-ZPT yüksək ixrac potensialı ilə də ön plana çıxır.

 

CATEGORIES
TAGS