Seriyalı istehsal edilən ilk L-39NG təyyarəsi birinci uçuşunu yerinə yetirib

Seriyalı istehsal edilən ilk L-39NG təyyarəsi birinci uçuşunu yerinə yetirib

Çexiyanın “Aero Vodochody” şirkəti tərəfindən seriyalı istehsal edilən ilk L-39NG təlim/döyüş təyyarəsi birinci uçuşunu yerinə yetirib.

“Poliqon” “Aero Vodochody”ə istinadən xəbər verir ki, bütün gözləntilərə cavab verən L-39NG, ilk uçuşunu son kütləvi istehsal olunan L-39 təyyarəsinin ilk uçuşundan 20 il sonra edir.

Şirkətin bildirdiyinə görə, təxminən 40 dəqiqəyə yaxın davam edən uçuş zamanı pilotlar L-39NG-nin mühərrikini, təyyarə sistemlərini və avionikasının funksiyalarını, eləcə də onun idarəolunma qabiliyyətini və davranışını yoxlayıblar. Sınaq 0-8500 metr arası hündürlükdə və dayanmadan maksimuma qədər olan sürətlə (0.8 Mach sayı – 900 km/saat) aparılıb.

Qeyd edilib ki, ilk seriyalı istehsal olan L-39NG təlim təyyarəsi Cənub-Şərqi Asiyadakı müştəri üçün nəzərdə tutulub. Onun digər müştəriləri sırasında isə Macarıstan və Çexiya yer alır.

“Aero Vodochody” şirkəti indiyə kimi ümumilikdə 34 ədəd L-39NG sifarişi alıb. Həmin sifarişlərdən 12 ədədi Macarıstan Hərbi Hava Qüvvələri tərəfindən edilib.

Xatırladaq ki, şirkət cari ilin fevral ayında L-39NG təlim/döyüş təyyarəsi üçün yeni istehsal xəttini də işə salıb. Buradakı konveyerlərdə il ərzində 24 ədəd L-39NG təyyarəsinin istehsal edilməsi planlaşdırılıb.

Poliqon.az

CATEGORIES
TAGS