Silahlı Qüvvələrin arsenalındakı köhnə silahlar modernləşdirilməli, yoxsa müasir silahlar alınmalıdır – TƏHLİL

Silahlı Qüvvələrin arsenalındakı köhnə silahlar modernləşdirilməli, yoxsa müasir silahlar alınmalıdır – TƏHLİL

Azərbaycanın təhlükəsizliyini daha yaxşı təmin etmək üçün Silahlı Qüvvələrin arsenalında olan köhnə silahlar modernləşdirilməli, yoxsa bunlardan qurtulub müasir silahlar alınmalıdır. Heç kimə sirr deyil ki, həm torpaqlarımızın işğaldan azad edilməsi uğrunda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin erməni qəsbkarlarına qarşı apardığı 44 günlük Vətən müharibəsində, həm də hazırda davam edən Ukrayna-Rusiya müharibəsində silahlı birləşmələr tərəfindən istər köhnə illərin istehsalı, istərsə də müasir silah nümunələri geniş tətbiq olunmuşdur.

“Poliqon”un məlumatına görə, bu fikirləri “Kaspi” nəşrinə açıqlamasında Müdafiə Nazirliyinin Raket-Artilleriya Silahları xidmətinin sabiq rəisi Əhəd Əzizov söyləyib.

Əhəd əzisovSabiq xidmət rəisi bildirib ki, aparılan döyüş əməliyyatlarının təhlili göstərir ki, döyüşən şəxsi heyətin hazırlığı və döyüş ruhu yüksək olduqda, həmçinin silahlardan düzgün istifadə edildikdə onun istehsal ili bir o qədər rol oynamır. Amma təbii ki, müasir müharibələrdə yüksək dəqiqlikli uzun mənzilli silahlar daha çox tətbiq edilir və bu da döyüş fəaliyyətlərinin xüsusiyyətlərinin dəyişməsindən irəli gələn faktordur.

“Əlbəttə ki, yeni, yüksək dəqiqlikli və uzun mənzilli silahlar müasir döyüşlərin əsasını təşkil edir. Belə silahlar ilk növbədə həm düşmən hədəflərini dəqiqliklə məhv etməyə, həm də öz bölmələrimizin şəxsi heyətinin sağqalma əmsalının yüksək səviyyədə saxlanmasına xidmət edir. Aparılmış döyüş əməliyyatlarında Azərbaycan Ordusunun silahlanmasında olan bu tip silahlardan olan uzun mənzilli “LORA” əməliyyat-taktiki raket kompleksi (ƏTRK), “Polonez”, T-300 “Qasırğa” və 9K58 “Smerç” yaylım atəşli reaktiv sistemləri (YARS), “Spike” tank əleyhinə idarə olunan raket kompleksləri (TƏİRK) və zərbə pilotsuz uçuş aparatları (PUA) özünəməxsus yer tutmuş, qarşılarına qoyulmuş döyüş tapşırıqlarını uğurla yerinə yetirmişlər”, – deyə Əhəd Əzizov vurğulayıb.

Ə.Əzizov qeyd edib ki, sözügedən müharibələrdə iştirak edən orduların silahlanmasında duran, uzunmüddətli istismar nəticəsində özünü yaxşı tanıtmış silah nümunələrinin böyük əksəriyyətinin yaradılmasından demək olar ki, 40-50 il müddət keçib və onlar artıq müasir müharibələrin tələblərinə tam cavab verə bilmirlər: “Belə ki, bu uzun illər ərzində döyüş fəaliyyətlərinin aparılması xüsusiyyətləri xeyli dəyişmiş, həmçinin yeni növ idarə olunan döyüş sursatları yaradılmışdır ki, bu sursatların da mövcud silah nümunələrində tətbiqi, bəzi hallarda isə effektiv çoxsaylı texniki səbəblərdən mümkün deyil.

Son lokal müharibələri təhlil edən bir çox silah istehsalı üzrə aparıcı ölkələrin hərbi mütəxəssisləri hesab edirlər ki, yeni silah nümunələrinin yaradılması və silahlanmaya daxil edilməsi ilə yanaşı, mövcud olanların modernləşdirilməsi də daima həyata keçirilməlidir. Buna misal olaraq ABŞ-da, İsraildə, Almaniyada, İşveçrədə, Türkiyədə və Müstəqil Dövlətlər Birliyinə daxil olan bəzi ölkələrdə uzun müddət istismarda olan, müasir tələblərə cavab verməyən silah nümunələrinin modernləşdirilməsini göstərmək olar”.

Ə.Əzizov ona görə də bu döyüşlərdə uğurla tətbiq edilmiş və uzun müddət istismar olunan köhnə 2S1 “Qvozdika”, 2S3 “Akatsiya” və 2S7 “Pion” özüyeriyən artilleriya qurğuları (ÖAQ), 9К51 “Qrad” və RM70/85 YARS, 9К114 “Şturm-S” TƏİRK, həmçinin yeni 2S19 “Msta-S”, 2S31 “Vena” və “Dana M1 CZ” ÖAQ, 9K58 “Smerç” YARS, 9K23 “Xrizantema-S” TƏİRK kimi özünü müsbət cəhətdən göstərmiş silah nümunələrini silahlanmadan çıxararaq onları yeniləri ilə əvəzləməyin düzgün hesab edilmədiyini deyib. Onun sözlərinə görə, silahlanmada olan bu sistemlərin hamısı mərhələli şəkildə modernləşdirilməli, onların bütün köhnə rabitə avadanlıqları və atəşi idarəetmə sistemləri yeni rəqəmsal sistemlərlə əvəz edilməli, köhnə müşahidə və nişanalma cihazları yeni optik-elektron sistemlərlə dəyişdirilməli, tərkiblərinə qlobal mövqeləmə sistemi (GPS) daxil edilməlidir. Eyni zamanda silah nümunələrinin şassisi modernləşdirilməlidir.

“Keçiriləcək modernləşdirmə ordunun silahlanmasında olan silah nümunələrinin xidmət müddətinin artırılmasına, əlavə olaraq eyni təyinatlı silah nümunələrinin alınmamasına, rabitə və atəşi idarəetmə vasitələrinin yeni elektron avadanlıq və element bazasının tətbiqi, həmçinin alınan məlumatların rəqəmsal işlənilməsi hesabına müasirləşdirilməsinə vəsilə olacaq. Bunun da nəticəsində raket-artilleriya bölmələrinin manevr qabiliyyəti, atəş gücü, atış məsafəsi, dəqiqliyi və məhvetmə əmsalı yüksələcək, tapşırıqların yerinə yetirilməsinə sərf olunan vaxtın azaldılmasına nail olunacaq. Həmçinin silahlanmada olan sistemlərlə eyni təyinatlı, lakin yeni markalı silah nümunələrinin alınmasına ehtiyac qalmayacaq.

Ümumilikdə isə ölkəmizin təhlükəsizliyini daha yaxşı təmin etmək məqsədi ilə arsenalımızda olan və ümumqoşun döyüşünün əsasını təşkil edən köhnə silahlar müasir döyüşün tələblərinə uyğun şəkildə modernləşdirməli, eyni zamanda xüsusi tapşırıqların yerinə yetirilməsi üçün müasir texnologiyalara əsaslanan yeni silahlar alınmalıdır”, – deyə sabiq xidmət rəisi bildirib.

Poliqon.az

CATEGORIES
TAGS