Şimali Koreya raket istehsal gücünü artırır

Şimali Koreya raket istehsal gücünü artırır

Müasir istehsal xəttinin yaradılması nəticəsində Şimali Koreyanın raket istehsal potensialı artıb.

“Poliqon” KCNA-ya istinadən xəbər verir ki, Koreya Xalq Demokratik Respublikası Dövlət Şurasının sədri Kim Çen In böyük hərbi-sənaye müəssisəsinin yeni istifadəyə verilmiş birləşmiş raket istehsalı xəttinə baxış keçirərək ölkənin raket istehsal potensialının ümumi vəziyyəti və onun perspektivi ilə tanış olub.

Kim Çen In bildirib ki, dövlət raket qüvvələrinin uzunmüddətli tələblərini ödəmək üçün Koreya Əmək Partiyasının VIII qurultayında tapşırılan raket istehsal gücünün genişləndirilməsinə dair beşillik planın son ili olan 2025-ci il uğurla başa çatdırılıb və müxtəlif növ raketlər seriyalı istehsala verilib.

Onun sözlərinə görə, bu nəticə müdafiə qabiliyyətinin inkişafı üzrə planı yerinə yetirməkdə hərbi-sənaye sahəsinin əldə etdiyi ən mühüm strateji nailiyyətdir.

Kim Çen In yeni layihələndirilmiş avtomatlaşdırılmış istehsal xətləri ilə ətraflı tanış olub.

O, materialların hazırlanması, gövdənin bütün komponentlərinin istehsalı, dəqiqliklə emal, ölçmə və müxtəlif hissələrin yığılması üzrə ixtisaslaşmış avadanlıqlarla təmin edilmiş avtomatlaşdırılmış istehsal xəttinin yaradılması barədə məruzəni dinləyib. Bununla məhsuldarlığın artdığı və məhsulların keyfiyyətinin elmi-texniki üsullarla təmin edildiyi bildirilib.

Kim Çen In qeyd edib ki, müasir istehsal xəttinin yaradılması nəticəsində dövlətin raket istehsal potensialı sürətlə artırılıb.

CATEGORIES
TAGS