SIPRI 2023-cü il üçün dünya ölkələrinin hərbi xərclərini açıqlayıb

SIPRI 2023-cü il üçün dünya ölkələrinin hərbi xərclərini açıqlayıb

2023-cü ildə beynəlxalq hərbi xərclər 6.8 faiz artaraq 2.44 trilyon ABŞ dolları səviyyəsinə çatıb.

“Poliqon” xəbər verir ki, bu Stokholm Sülh Araşdırmaları İnstitutunun (Stockholm International Peace Research Institute – SIPRI) 2023-cü il üçün hazırladığı yeni reytinqində əks olunub.

Reytinqə əsasən, 2023-cü ildə ən çox hərbi xərcləmə edən ölkələr ABŞ, Çin və Rusiya olub.

Əvvəlki illərdə olduğu kimi 2023-cü ildə də ABŞ NATO-da və dünyada hərbi sahəyə ən çox vəsait ayıran və xərcləyən ölkə olaraq qalıb. 2023-cü ildə NATO-nun 31 üzvünün hərbi xərci 1.3 milyard dollar təşkil edib ki, bu da dünya üzrə hərbi xərclərin 55 faizinə bərabərdir. ABŞ-ın hərbi xərcləri 2023-cü ildə 2.3 faiz artaraq 916 milyard dollara çatıb. Bu isə NATO-nun ümumi hərbi xərclərinin 68 faizini təşkil edib.

2023-cü ildə NATO üzvü olan əksər Avropa ölkələri hərbi xərclərini artırıblar. Onların NATO-dakı ümumi payı 28 faiz olub ki, bu da son 10 ildə ən yüksək göstəricidir. NATO-da hərbi xərclərin qalan 4 faizi isə Kanada (27.2 milyard dollar) və Türkiyənin (15.8 milyard dollar) payına düşüb.

2023-cü ildə Rusiyanın hərbi xərcləri 24 faiz artaraq 109 milyard dollara çatıb. Bu, Rusiyanın Krımı ilhaq etdiyi 2014-cü ildən bəri 57 faiz artım deməkdir. Ötən il Rusiyanın hərbi xərcləri ümumi dövlət xərclərinin 16 faizini, hərbi yükü (ümumdaxili məhsulda hərbi xərclər) isə 5.9 faiz təşkil edib.

Ukrayna 2023-cü ildə 51 faizlik artımdan sonra 64.8 milyard dollara çataraq ən çox xərcləyən səkkizinci olub. Bu isə Ukraynanın üzərinə 37 faiz hərbi yük qoyub və ümumi dövlət xərclərinin 58 faizini təşkil edib. 2023-cü ildə Ukraynanın hərbi xərcləri Rusiyanın hərbi xərclərinin 59 faizini təşkil edib. Bundan başqa, Ukrayna il ərzində ən azı 35 milyard dollar hərbi yardım alıb (bunun 25.4 milyard dolları ABŞ tərəfindən edilib). Nəticədə bu yardım və Ukraynanın özünün hərbi xərcləri birlikdə Rusiyanın xərclərinin təxminən 91 faizinə bərabər olub.

Dünyanın ikinci ən böyük hərbi xərclərinə sahib ölkəsi Çin olub. Çin 2023-cü ildə orduya təqribən 296 milyard dollar ayırıb ki, bu da 2022-ci ilə nisbətən 6 faiz artım deməkdir. Çinin hərbi xərcləri Asiya və Okeaniya regionunda ümumi hərbi xərclərin yarısını təşkil edib.

Yaponiya 2023-cü ildə ordusuna 50.2 milyard dollar ayırıb. Bu isə 2022-ci ildəkindən 11 faiz çoxdur. Tayvanın hərbi xərcləri də 2023-cü ildə 11 faiz artaraq 16.6 milyard dollara çatıb.

Yaxın Şərqdəki müharibə və gərginliklər son on ilin ən böyük hərbi xərc artımına gətirib çıxarıb. Yaxın Şərqdəki hərbi xərclər 2023-cü ildə 9 faiz artaraq 200 milyard dollara çatıb. Bu, regionda son on ildə müşahidə edilən ən yüksək illik artım tempi olub. Yaxın Şərqdə ən çox hərbi xərclərə sahib ölkə 75.8 milyard dollar ilə Səudiyyə Ərəbistanı olub. Səudiyyə Ərəbistanından sonra regionda ikinci ən böyük hərbi xarclərə sahib ölkə İsraildir. İsrailin hərbi xərcləri 2023-cü ildə 24 faiz artaraq 27.5 milyard dollara çatıb. İran isə 2023-cü ildə 10.3 milyard dollarla Yaxın Şərqdə ən çox hərbi xərcləmə edən dördüncü ölkə olub.

Hindistan 2023-cü ildə dünya miqyasında hərbi xərclərə ən çox vəsait ayıran 4-cü ölkə olub. Bu ölkənin hərbi xərcləri 2022-ci ildəkindən 4.2 faiz çox olmaqla 83.6 milyard dollar təşkil edib.

Dünyada 14-cü ən yüksək hərbi xərclərə sahib ölkə olan Polşanın hərbi xərcləri 2022-2023-cü illər arasında 75 faiz artdıqdan sonra 31.6 milyard dollara çatıb.

 

CATEGORIES
TAGS