Slovakiya “Patria” AMV XP ZTR-i alır

Slovakiya “Patria” AMV XP ZTR-i alır

Slovakiya silahlı qüvvələrin silahlanması üçün BOV 8×8 proqramı çərçivəsində perspektivli zirehli transportyor (ZTR) haqqında qərar qəbul edib.

“Poliqon” xəbər verir ki, Slovakiyanın Müdafiə Nazirliyi qalibi “Patria” AMV XP 8×8 ZTR olan proqramın nəticələrini açıqlayıb.

Hələ 2017-ci ilin noyabr ayında Slovakiya və Finlandiyanın müdafiə nazirlikləri “Patria” AMV XP zirehli transportyorlarının birgə inkişafı və istehsalına dair memorandum imzalayıblar. İmzalanmış sənədə əsasən, 2018-2029-cu illər ərzində Slovakiya ordusu 81 ədəd ZTR almalı idi. Lakin sonradan tender elan edilib, onun qalibi isə yenə Finlandiya zirehli transportyoru olub.

Qeyd edək ki, əvvəlki razılaşmalara əsasən, “Patria” AMV XP 8×8 ZTR-in ilk üç nümunəsi Finlandiyadan tədarük olunacaq, qalanları isə lokallaşdırma təxminən 70% təşkil etməklə Slovakiyada istehsal olunacaq. Proqramda AMV XP 8×8 zirehli transportyor platformasını təchiz edəcək Finlandiyanın “Patria” qrupu ilə yanaşı, Slovakiyanın “Konstrukta Defence a.s.” (baş podratçı və ZTR-in Slovakiya ordusu üçün inteqratoru qismində) və “EVPU a.s.” (döyüş modulunun yaradıcısı və təchizatçısı qismində) şirkətləri də iştirak edəcək.

Tərəflərin bu planlara əməl edib-etməyəcəyi isə müqavilə imzalandıqdan sonra məlum olacaq.

Xatırladaq ki, “Patria” AMV XP zirehli transportyoru ilk dəfə Londonda keçirilən DSEİ-2013 beynəlxalq sərgisində “Enchanced” AMV adı ilə nümayiş etdirilib. AMV XP 8×8 maşını 2001-ci ildə yaradılmış “Patria” AMV ZTR-in təkmilləşdirilmiş versiyasıdır. AMV XP və onun sələfi arasındakı əsas fərqlər isə təkmilləşdirilmiş zirehin (mina əleyhinə daxil olmaqla), gücləndirilmiş dizel mühərrikinin, daha böyük təkərlərin və daha geniş salonun mövcudluğundadır. Zirehli transportyorun 15 tonluq faydalı yüklə birlikdə tam kütləsi 32 tondur (həmçinin bax: Slovakiya Silahlı Qüvvələrinə “Patria” transportyorları tədarük ediləcək).

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS