Slovakiya Silahlı Qüvvələrinə “Patria” transportyorları tədarük ediləcək

Slovakiya Silahlı Qüvvələrinə “Patria” transportyorları tədarük ediləcək

Finlandiyanın “Patria” şirkəti Slovakiya Silahlı Qüvvələrinə zirehli transportyorlar tədarük edəcək.

“Poliqon” xəbər verir ki, bununla bağlı “Patria” şirkəti Slovakiyanın “CSS Industry” şirkəti ilə 8×8 təkər formullu zirehli transportyorların tədarükü üzrə əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalayıb. Razılaşma iki şirkət arasında zirehli transportyorların tədarükü və satışı sahəsində əməkdaşlığı nəzərdə tutur.

Yuxarıda adı çəkilən zirehli maşınların istehsalında Slovakiyanın “CSS Industry” şirkəti, “Patria” şirkətinin istehsal zəncirinə daxil edilməlidir. Beləliklə, Slovakiya müdafiə sənayesində yeni iş yerləri yaradılmalıdır.

Bir neçə versiyada 80-dən çox zirehli transportyorun alınması planlaşdırılır.

Xatırladaq ki, 2017-ci ildə Slovakiya və Finlandiya Müdafiə Nazirlikləri “Patria AMVXP” platformasında Slovakiya Silahlı Qüvvələri üçün yeni zirehli transportyorun hazırlanması və təchizatı üzrə birgə proqramın həyata keçirilməsi haqqında saziş imzalayıblar.

Zirehli transportyorun 8×8 təkər formullu prototipi, Slovakiyanın “EVPU” və “Konstrukta Defence” şirkətlərinin iştirakı ilə hazırlanmalı, üzərinə EVPU TURRA döyüş modulu quraşdırılmalı idi. Baza modulu 30 mm avtomatik topla, 7,62 mm çaplı pulemyotla və iki tank əleyhinə raketlə təchiz edilir.

Bundan sonra Finlandiya və Slovakiya ərazisində fərqli şəraitdə sınaqdan keçirilməli olan yeni döyüş maşınının prototipi hazırlanıb. Sınaqlar müsbət keçdiyi təqdirdə, 2018-2024-cü illərdə Slovakiyanın 81 döyüş maşını alacağı gözlənilirdi.

2013-cü ildə təqdim edilən “Patria AMVXP” baza maşınının döyüş çəkisi 15 tonluq yüklə birlikdə 32 tona çatır.

pat1

“Patria” AMVXP zirehli transportyorunun prototipi

pat2

“Patria” AMVXP zirehli transportyoru 30 mm “Orbital ATK Armament Systems” Mk 44 toplu “Oto Melara” HITFIST 30 qülləsi (modulu) ilə

pat3

EVPU TURRA 30 qülləsi (modulu)

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS