“Spyder” ZRK-nin yeni konfiqurasiyası sınaqdan keçirilib – VİDEO
İsrail Müdafiə Nazirliyinin Müdafiə Araşdırmaları və İnkişafı Müdirliyi (DDR&D) ilə “Rafael” şirkəti “Spyder” zenit-raket kompleksinin (ZRK) yeni “hamısı birində” (AIO – All in One) konfiqurasiyasını sınaqdan keçirib.
“Poliqon” “Rafael”ə istinadən xəbər verir ki, sınaq zamanı “Spyder” AIO hədəf kimi təyin olunmuş pilotsuz uçuş aparatını (PUA) aşkarlayaraq uğurla məhv edib.
Hər cür hava şəraitində fəaliyyət göstərən qısa mənzilli mobil zenit-raket kompleksi olan “Spyder”, döyüş təyyarələrini, bombardmançıları, qanadlı raketləri, PUA-ları və yüksək dəqiqlikli aviasiya silahlarını aşkarlamaq və məhv etmək üçün təyin olunub. Kompleks “Rafael” istehsalı olan “Python” və “Derby” raketlərindən istifadə edərək hava təhdidlərinin qarşısını alır.
Bu yaxınlarda “Rafael” şirkəti tərəfindən təqdim edilən “Spyder”in yeni “hamısı birində” konfiqurasiyası elektro-optik işəsalma qurğusunu, inteqrasiya olunmuş radarı, qabaqcıl idarəetmə və komanda sistemini, habelə “Python” və “Derby” raketlərini özündə birləşdirir. Bu konfiqurasiya ya “Spyder” batareyasının bir hissəsi kimi, ya da müstəqil şəkildə fəaliyyət göstərərək müəyyən bir obyektin və ya ərazinin müdafiəsində istifadə edilə bilər.