SərgilərXəbərlər

STM Asiya-Sakit okean regionundakı mövcudluğunu gücləndirməyi hədəfləyir

Türkiyənin STM şirkəti milli imkanlarla hazırladığı hərbi gəmilərini və pilotsuz sistemlərini Asiya-Sakit okean regionunun nüfuzlu sərgilərindən biri olan DSA-2026-da nümayiş etdirəcək.

“Poliqon” STM-ə istinadən xəbər verir ki, şirkət sərgiyə qatılmaqla, Asiya-Sakit okean regionundakı mövcudluğunu gücləndirməyi hədəfləyir.

STM şirkəti DSA-2026 sərgisində xüsusilə Malayziya üçün həyata keçirilən layihələri ön plana çıxaracaq. Şirkət “Littoral Mission Ship (LMS) Batch-2” layihəsi çərçivəsində Malayziya Hərbi Dəniz Qüvvələri üçün inşa olunan korvetlərin maketlərini təqdim edəcək. Bundan əlavə, Malayziyanın əməliyyat ehtiyaclarına uyğun olaraq hazırlanmış Çoxməqsədli Dəstək Gəmisi (MRSS) layihəsi də sərgilənəcək. Həmçinin STM500 kiçik ölçülü sualtı qayığı, STM NETA sualtı insansız dəniz aparatı, Türkiyənin ilk milli freqatı TCG İSTANBUL və milli hücum katerinin maketləri də sərgidə nümayiş olunacaq.

Pilotsuz sistemlər sahəsində isə STM üç fərqli ölkə tərəfindən seçilən və sərhəd təhlükəsizliyində aktiv istifadə olunan TOGAN müşahidə PUA-sını, dörd qitədə 15-dən çox ölkəyə ixrac edilən KARGU zərbə PUA-sını və döyüş sursatı buraxan BOYGA PUA-nı təqdim edəcək.

STM-in baş direktoru Özgür Güleryüz Malayziya ilə olan uzunmüddətli əməkdaşlığa və ixracın əhəmiyyətinə toxunaraq bildirib ki, şirkət həyata keçirdiyi hər ixracla Türkiyə müdafiə sənayesinin çatdığı səviyyəni dünyaya göstərir və ölkə iqtisadiyyatına yüksək əlavə dəyər qazandırır.

“Dost və qardaş ölkə Malayziyanın müdafiə qabiliyyətini milli mühəndislik həllərimizlə inkişaf etdirməkdən qürur duyuruq. Keçən il inşasına başladığımız 3 ədəd LMS Batch-2 korvetini sahib olduğumuz sürətli və seriyalı istehsal qabiliyyəti ilə bu il suya endiririk. DSA-2026 həm Malayziya ilə dəniz və hava sistemləri sahəsində əməkdaşlığımızı yeni mərhələyə daşımaq, həm də Asiya-Sakit okean regionundakı digər ölkələrlə yeni tərəfdaşlıqlar qurmaq üçün mühüm bir platformadır. Sahib olduğumuz mühəndislik bacarığı və tam müstəqil müdafiə sənayesi vizyonu ilə Türkiyə bayrağını və yerli texnologiyalarımızı dünyanın hər yerində qürurla nümayiş etdirməyə davam edəcəyik”, – deyə baş direktor vurğulayıb.

1753708809 stm togan iha kerkes teknoloji ile sahada 1

Back to top button