STM hərbi dəniz platformalarını və taktiki mini PUA sistemlərini tanıdıb
NATO-nun ikinci böyük ordusu olan Türkiyə Silahlı Qüvvələrini, eləcə də dost və müttəfiq dövlətlərin donanmalarını müasir döyüş gəmiləri ilə təmin edən Türkiyənin STM şirkəti hərbi dəniz platformalarını, habelə taktiki mini pilotsuz uçuş aparatlarını (PUA) və kiber təhlükəsizlik həllərini Malayziyada DSA-2022 Asiya Müdafiə Xidmətləri sərgisi və konfransında nümayiş etdirib.
STM şirkətindən “Poliqon”a verilən məlumata görə, STM Malayziyanın Kuala Lumpur şəhərindəki Beynəlxalq Ticarət və Sərgi Mərkəzində Türkiyənin ilk milli “İstif” (İ) sinif freqatı, MİLGEM “Ada” sinif korveti, CG-3100 sahil mühafizə gəmisi, eləcə də “Alpagu”, “Kargu” və “Togan” taktiki mini PUA-larını sərgiləyib.
Şirkət mütəxəssislərinin sözlərinə görə, Türkiyənin Müdafiə Sənayesi Başqanlığının (SSB) rəhbərli altında Türkiyədə son bir neçə ildə müdafiə sənayesi sahəsində görülən əhəmiyyətli irəliləyişdə mühüm rol oynayan STM şirkəti sərgi çərçivəsində ziyarətçilərə dəniz platformaları, taktiki mini PUA və kibertəhlükəsizlik sistemləri kimi kritik həllər təklif edib. Bildirilib ki, STM, daxili ehtiyacların ödənilməsində topladığı təcrübəsini əməkdaşlıq və texnologiya transferi müqavilələri vasitəsilə Cənubi Amerikadan Uzaq Şərqə qədər 20-dən çox dost və müttəfiq ölkələrə ixrac etməyə davam edir.
Türkiyə HDQ-nin ehtiyaclarının qarşılanmasında STM-nin rolu
Hazırda Türkiyənin Hərbi Dəniz Qüvvələri (HDQ) STM-nin əsas subpodratçı olduğu və müxtəlif mühüm vəzifələri yerinə yetirdiyi bir layihə çərçivəsində inşa edilən 4 ədəd MİLGEM “Ada” sinif korvetdən fəal şəkildə istifadə edir. Türkiyənin ilk milli freqatı “TCG İstanbul” layihəsinin baş podratçısı olan STM şirkəti gəminin 2023-cü ildə ən azı 75 faiz milliləşdirmə dərəcəsi ilə təhvil verməyi planlaşdırıb.
Habelə, STM-nin baş podratçılığı ilə inşa edilən “TCG Ufuk” (Üfüq) sinifli ilk kəşfiyyat gəmisi sınaqlarını uğurla tamamladıqdan sonra istifadəyə verilib. Bundan başqa, Türkiyə HDQ-nin döyüş gəmilərinin logistika ehtiyaclarını qarşılamaq üçün STM tərəfindən başladılan Logistik Dəstək Gəmi Layihəsi çərçivəsində inşa edilən ilk gəmi “TCG Güngör Durmuş” (TCG A-574) 2021-ci ilin dekabrında istismara verilib. Layihə çərçivəsində ikinci gəmi “UTGM Arif Ekmekçi”nin (A-575) 2024-cü ildə Türkiyə HDQ-yə təhvil verilməsi planlaşdırılıb. “Türkiyə” tipli Sürətli Patrul Kateri Layihəsinin də baş podratçısı STM şirkətidir.
Sahil mühafizə gəmiləri
STM şirkəti CG-3100, CG-1071 və CG-104 olmaqla üç fərqli sahil mühafizə gəmisi konsepsiyasına malikdir. STM Sahil Mühafizəsi Gəmiləri üçün hər bir ölkənin dəniz hüquq-mühafizə orqanlarının tələblərinə uyğun konfiqurasiya edilməsi səbəbilə açar təslim həllər təqdim edir.
Pioner sualtı layihələr
Şirkət mütəxəssislərinin sözlərinə görə, STM Türkiyə HDQ-nin sualtı gəmilərinin modernləşdirilməsi layihələrində də mühüm vəzifələri üzərinə götürür. Əsas podratçı qismində 2 ədəd AY sinif sualtı qayığı uğurla modernləşdirən STM hazırda Türkiyə HDQ-yə məxsus 4 ədəd “Preveze” sinifli sualtı qayığın modernləşdirilməsində aparıcı podratçı kimi iştirak edir. STM-nin kritik rol oynadığı digər bir proqram, Havadan Müstəqil Hərəkət Sisteminə sahib Türkiyə HDQ-nin “Tip-214” Yeni Tip Sualtı Layihəsidir. Bu kontekstdə STM, torpedo buraxıcıların yerləşdiyi ön hissənin (50-ci bölmə) ilk dəfə yerli inşası ilə tarixi bir uğura imza ataraq Türkiyəni dünyada belə bir qabiliyyətə malik ölkələrin siyahısına əlavə edib.
Pakistandan Ukraynaya qədər müxtəlif ölkələrin HDQ-ləri STM şirkətinə üstünlük verir
İştirak etdiyi hər bir layihədə iqtisadi səmərəliliyə, fasiləsiz texniki dəstəyə və təcrübə mübadiləsi, eləcə də digər ölkələrin müdafiə imkanlarını artıracaq əməkdaşlıqların yaradılmasına böyük əhəmiyyət verən STM texnologiya transferi elementlərini özündə birləşdirən layihə çərçivəsində 2021-ci ildə Ukrayna HDQ üçün korvet tikintisinə başlayıb. Bundan əlavə, STM şirkətinin baş podratçılığı ilə Pakistan HDQ üçün Karaçidə PNS MOAWIN təchizat-yedək gəmisi inşa edilərək sifarişçiyə təhvil verilib. Hazırda STM şirkəti Türkiyənin Pakistan üçün inşa edəcəyi 4 ədəd MİLGEM “Ada” sinif korvetin tikintisində iştirak edir.
Pakistan HDQ-yə məxsus “Agosta 90B” (“Xalid” sinifli) sualtı qayıqlarının modernləşdirilməsində də əsas podratçı kimi çıxış edən STM artıq ilk sualtı qayığı sifarişçiyə təhvil verib və hazırda qalan iki “Agosta 90B” sualtı qayığın modernləşdirilməsini həyata keçirir. Qeyd edək ki, Pakistan HDQ üçün STM tərəfindən modernləşdirilmiş “Agosta 90B” sinif sualtı qayığı PNS/M “Hamza” (S-139) SEASPARK-2022 taktiki təlimi zamanı bir torpedo atışı ilə istismardan çıxarılan freqatı vuraraq batırmağa nail olub.
Taktik mini PUA sistemləri
Taktiki mini PUA inkişafı sahəsində Türkiyədə və dünyada lider və rəqabətədavamlı istehsalçı olan STM sabit qanadlı “Alpagu” və “Kargu” kamikadze, eləcə də “Togan” kəşfiyyat PUA-ları istehsal edir. STM mühəndis və texnoloji imkanlarından istifadə edərək inkişaf etdirdiyi zərbə və kəşfiyyat-müşahidə tipli PUA sistemləri Türkiyə Silahlı Qüvvələri tərəfindən sərhəd təhlükəsizliyinin təmin edilməsi, eləcə də beynəlxalq əməliyyatlarda geniş şəkildə istifadə olunur.
Rizvan Fikrətoğlu