
STM-in insansız sistemləri asimmetrik müharibədə üstünlük təmin edir
Türkiyənin müdafiə texnologiyalarındakı yüksəlişinin aparıcı şirkətlərindən biri olan STM, inkişaf etdirdiyi yeni nəsil insansız sistem və konsepsiyalarla təkcə Türkiyə təhlükəsizlik qüvvələrinə deyil, dost və müttəfiq ölkələrə də döyüş meydanında oyundəyişdirən üstünlüklər təqdim edir.
“Poliqon”un məlumatına görə, Türkiyə müdafiə sənayesinin qabaqcıl şirkətlərindən olan STM, hazırladığı insansız hava və dəniz vasitələri ilə müasir döyüş meydanın tələblərinə cavab verir.
Üç müxtəlif qitədə 15-ə yaxın ölkəyə ixrac edilən taktiki PUA sistemlərini davamlı şəkildə təkmilləşdirən və yeni versiyalarını təqdim edən STM-in son dövrdə istismara verdiyi kritik insansız texnologiyalar diqqət çəkir.
TOGAN: GNSS olmadan missiya yerinə yetirə bilən yeni nəsil müşahidə PUA-sı
STM-in müşahidə PUA-sı TOGAN, elektron müharibə təhdidlərinin intensiv olduğu mühitlərdə belə fasiləsiz fəaliyyət göstərə bilən KERKES texnologiyası ilə daha da gücləndirilib. GNSS-dən asılı olmayan avtonom naviqasiya qabiliyyəti TOGAN-ı dünyada yalnız az sayda ölkənin inkişaf etdirə bildiyi bir kateqoriyaya yüksəldir. GNSS/GPS-in işləmədiyi və ya bloklandığı hallarda belə PUA-ların marşrutu itirmədən uçmasına imkan verən bu texnologiya sayəsində elektron müharibə hücumları təsirsiz hala gətirilir.
KERKES texnologiyası ilə təchiz olunmuş çoxsaylı TOGAN-lar bir ildən artıqdır ki, sərhəd təhlükəsizliyi başda olmaqla müxtəlif məqsədlərlə Türkiyə təhlükəsizlik qüvvələri tərəfindən istifadə olunur. Türkiyə ilə yanaşı iki ölkə tərəfindən də aktiv şəkildə istismar edilən TOGAN, davamlılığı, süni intellekt dəstəkli tapşırıq icrası və aşağı logistika tələbi ilə beynəlxalq bazarda diqqət çəkir.
RF axtarıcı başlıqla FPV təhdidlərinə qarşı ağıllı həll
Dünyada sürətlə artan FPV dron hücumları müasir orduların üzləşdiyi ən kritik risklərdən birinə çevrilib. STM-in inkişaf etdirdiyi RF Axtarıcı Başlıq, zərbə PUA-sı KARGU-ya elektron müharibə qabiliyyəti qazandıraraq döyüş sahəsində yeni bir təsir amili yaradır. RF siqnalı yayan bütün hədəfləri aşkar edib izləyə bilən sistem FPV dronlardan radar və elektron müharibə mənbələrinə qədər geniş bir təhdid spektrini zərərsizləşdirə bilir.
RF siqnalı yayan bütün sistemləri aşkar edə bilən KARGU, sınaqlarda FPV dron təhdidlərinə qarşı sahədə uğurla test edilib. Bu gün Azərbaycan da daxil olmaqla bir çox ölkə tərəfindən istifadə olunan KARGU, RF Axtarıcı Başlıqla birlikdə ixracda yeni mərhələyə qədəm qoyur.
Türkiyənin milli avtonom sualtı aparatı dünyaya açılmağa hazırlaşır
STM-in dənizçilik və avtonom sistemlər üzrə təcrübəsini birləşdirərək inkişaf etdirdiyi STM NETA, Türkiyənin milli insansız avtonom sualtı aparatı kimi diqqət mərkəzindədir. STM NETA 300 inkişaf etmiş modul dizaynı sayəsində həm mülki, həm də hərbi sahədə geniş istifadə imkanları təqdim edir.
Hərbi əməliyyatlar çərçivəsində kəşfiyyat, müşahidə və nəzarət, sürətli şəkildə ətraf mühitin qiymətləndirilməsi, sualtı müdafiə əməliyyatları, partlayıcı maddələrin zərərsizləşdirilməsi və liman müdafiəsinin dəstəklənməsi kimi tapşırıqları yerinə yetirə bilən STM NETA 300, mülki sahədə isə dəniz dibinin və ətraf mühitin qiymətləndirilməsi, boru xətlərinin təhlükəsizliyi, yoxlama və müşahidə, geofiziki tədqiqatlar, suüstü bərpa olunan enerji mənbələrinin araşdırılması və dəniz arxeologiyası kimi sahələrdə istifadə oluna bilir.
300 metr dərinliyə enə bilən, 24 saat fasiləsiz fəaliyyət göstərə bilən və inkişaf etmiş sonar sistemləri ilə təchiz olunan NETA, sürətli yerləşdirmə qabiliyyəti və avtonom missiya icrası ilə beynəlxalq bazarda yüksək ixrac potensialına malikdir. İlk daxili müqaviləsini imzalayan və dəniz sınaqlarını tamamlayan STM NETA, Türkiyə Hərbi Dəniz Qüvvələri tərəfindən istifadə olunacaq.



