STM “Kargu” kamikadze PUA-ların çatdırılmasını davam etdirir
Türkiyənin STM şirkətinin yerli imkanlar hesabına hazırladığı “Kargu” süzən sursatının (kamikadze PUA) növbəti partiyası Türkiyə Silahlı Qüvvələrinə təhvil verilib.
“Poliqon”un məlumatına görə, bunu Türkiyənin Müdafiə Sənayesi (SSB) başqanı İsmail Dəmir özünün rəsmi sosial media hesabında bildirib.
2017-ci ildən bəri Türkiyə ordusunun arsenalına daxil edilən “Kargu” PUA gündüz və gecə kəşfiyyat və hücum əməliyyatları üçün nəzərdə tutulub. “Kargu” müasir hədəf aşkarlama və izləmə alqoritminə sahibdir.
İstehsal prosesində təkmilləşdirilən “Kargu” PUA verilən koordinata və ya görüntü əsasında seçilən hədəfə kamikadze hücumu həyata keçirmək üçün təyinatlandırılıb.
Avtonom uçuş, dəqiq zərbə endirmə funksiyasına malik multikopter tipli “Kargu” məhvetmə gücü, dəqiqliyi və müasir texnologiyalar əsasında hazırlanması sayəsində düşmən qüvvələrinə sürpriz hücumlar təşkil etməklə yanaşı, həyata keçirilən döyüş əməliyyatlarına dəstək olur.
“Kargu” bir əsgər tərəfindən daşına və idarə oluna bilir. Bir mərkəzdən idarə edilən dron sürüləri süni zəkanın, üz və obyekt tanıma kimi qabaqcıl alqoritmləri sayəsində hücum ediləcək hədəfləri özləri seçir və hədəfə taran etməklə, yaxud bəlli məsafədə özünü partlatma üsulu ilə hədəfi məhv edir.
Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri və Jandarma Baş Komandanlığının fəal şəkildə istifadə etdiyi “Kargu” PUA-ların iki ölkəyə ixrac da həyata keçirilib.
Rizvan Fikrətoğlu