
“LMS Batch-2” (LMSB2) proqramı çərçivəsində Türkiyə mərkəzli STM şirkətinin baş podratçılığı ilə Malayziya Hərbi Dəniz Qüvvələri (HDQ) üçün inşa edilən üç korvetdən birincisi “İstanbul Denizcilik Tersanesi”ndə keçirilən mərasimlə suya endirilib.
STM-dən “Poliqon”a verilən məlumata görə, “TUNKU LAKSAMANA ABDUL JALIL” korvetinin suya endirilmə mərasimində Malayziya Kraliçası Raja Zarith Sofiah, Johor Kral Ailəsinin üzvləri, Malayziyanın müdafiə naziri Dato’ Seri Mohamed Xaled Nordin, Türkiyənin milli müdafiə nazirinin müavini Musa Heybətli, Müdafiə Sənayesi Komitəsinin sədr müavini və STM İdarə Heyətinin sədri İhsan Kaya, Malayziya HDQ-nin yüksək rütbəli nümayəndələri, müdafiə sənayesi şirkətlərinin təmsilçiləri və çoxsaylı qonaqlar iştirak ediblər.
Mərasimdə açılış nitqi ilə çıxış edən STM-in baş direktoru Özgür Güleryüz bildirib ki, şirkət bu günə qədər ölkə daxilində və xaricdə ümumilikdə 11 müxtəlif tərsanədə 44 hərbi dəniz platforması layihəsini uğurla tamamlayıb və ya icra edir: “Türkiyə ilə Malayziya arasında müdafiə məhsullarının tədarükü sahəsində ilk G2G satış müqaviləsi xüsusiyyəti daşıyan “LMS Batch-2” layihəsində daha bir mühüm mərhələni geridə qoyduq. 2024-cü ildə imzalanmış müqavilədən sonra polad kəsmə və gəminin tərsanədə qurulması mərhələlərini rekord müddətdə tamamlayaraq, bu gün ilk gəmi olan TUNKU LAKSAMANA ABDUL JALIL-i dənizlə qovuşdurmağın qürurunu yaşayırıq”.
Onun sözlərinə görə, Türkiyənin Asiya-Sakit okean regionuna həyata keçirdiyi ilk korvet ixracı olan bu layihədə dizayndan çatdırılmaya qədər bütün mərhələlər STM tərəfindən böyük dəqiqliklə icra edilir: “Layihədəki yüksək istehsal tempi sayəsində seriyanın ikinci gəmisini bu ilin iyun ayında, üçüncü gəmisini isə avqust ayında suya endirməyi hədəfləyirik. Müasir silah və sensor sistemləri ilə təchiz ediləcək üç korvetin hamısını 2027-ci ildə Malayziya Hərbi Dəniz Qüvvələrinə təhvil verərək dost və qardaş Malayziyanın dənizlərdəki suverenliyini gücləndirəcəyik”.
LMSB2 çərçivəsində Malayziya Hərbi Dəniz Qüvvələrinin tələblərinə uyğun şəkildə STM tərəfindən layihələndirilən və fərdiləşdirilən hər üç korvetin inşası Türkiyədə “İstanbul Denizcilik Tersanesi”ndə aparılır. STM layihənin dizayndan performansa, tikintidən gəmilərin təhvilinə qədər bütün mərhələlərinə cavabdeh olan baş podratçı kimi çıxış edir. Şirkət gəmi dizaynı, layihə idarəetməsi, inşa idarəetməsi, material və sistem tədarükü, inteqrasiya dizaynı və montajı, sınaqlar, həmçinin inteqrə edilmiş logistik dəstək fəaliyyətləri və layihəyə aid texniki sənədlərin hazırlanmasını həyata keçirir.
Layihəyə əsasən, gəmilərin inşası və təchizatı Türkiyədə, Türkiyə müdafiə sənayesi şirkətlərinin geniş iştirakı ilə icra olunur. STM-in baş podratçılığı ilə inşa edilən gəmilərdə ASELSAN tərəfindən hazırlanan 30 mm-lik MUHAFIZ (Smash) uzaqdan idarə olunan stabilləşdirilmiş top sistemi, CENK 3D axtarış radarı, ARES 2D suüstü radar elektron dəstək sistemi, AKREP atəşi idarəetmə radarı, “chaff” aldatma sistemi, dost-düşmən tanıma sistemi və digər elektron sensorlar; “Roketsan” tərəfindən hazırlanan ATMACA gəmi əleyhinə raketi; HAVELSAN tərəfindən hazırlanan döyüş idarəetmə sistemi və 76 mm-lik topun atəşi idarəetmə sistemi yer alacaq.
Əsas ölçülərə gəldikdə, gəminin ümumi uzunluğu 99,56 m, maksimal eni 14,42 m və su basımı təxminən 2500 ton təşkil edir. Maksimal olaraq 26+ knot sürətə çata bilən korvetin kruiz sürəti 14 knotdur. Gəmi 14 knot sürətlə üzərək 4000 dəniz milindən çox məsafə qət edə bilir. 111 nəfərlik heyət tutumuna malik LMSB2 korveti əlavə təminat olmadan 14 gün dənizdə fəaliyyət göstərmək imkanına sahibdir. Gəminin silahlanmasına 1 ədəd 76 mm-lik əsas top, 2×4 gəmi əleyhinə raket sistemi, 1 ədəd 30 mm-lik ikinci dərəcəli top, 2×2 zenit-raket kompleksi və 2 ədəd “chaff” sistemi daxildir.









