“Sunqur” ZRK bu il sifarişçiyə təhvil veriləcək
Türkiyənin “Roketsan” şirkəti tərəfindən yerli və milli imkanlar hesabına hazırlanan yeni nəsil “Sunqur” qısa mənzilli hava hücumundan müdafiə sistemi bu ilin sonunadək Türkiyə Silahlı Qüvvələrinə təhvil veriləcək.
“Roketsan” şirkətindən “Poliqon”a verilən məlumata görə, “Sunqur” zenit-raket kompleksinin (ZRK) sınaqlarının tezliklə tamamlanması və seriyalı istehsala başlanması gözlənilir.
“Sunqur” ZRK portativ xüsusiyyəti sayəsində quru, dəniz və hava platformalarına inteqrasiya edilə biləcək. “Sunqur” kompleksi BMC şirkətinin 4×4 təkər formuluna malik “Vuran” zirehli avtomobilinin üzərinə inteqrasiya edilib. Yüksək manevr qabiliyyəti ilə digər ZRK-lərdən fərqlənən “Sunqur” sisteminin hədəfləri arasında sabit və fırlanan qanadlı hava platformaları və pilotsuz uçuş aparatları da yer alır
“Sunqur” ZRK-nin texniki xüsusiyyətləri: maksimum atış uzaqlığı – 8 km, minimum atış məsafəsi – 500 m, effektiv yüksəkliyi – 4 km-ə qədər (dəniz səviyyəsindən yuxarı), reaksiya müddəti – 5 saniyə, atış qabiliyyəti – 360 dərəcədir.
Rizvan Fikrətoğlu