
Suriyada prezident Bəşər Əsədə qarşı başlayan silahlı mübarizə qərbin hərbi və siyasi dəstəyi ilə sonrakı mərhələdə iri miqyaslı “vətəndaş” müharibəsinə çevrildi. Müharibə isə silah və digər hərbi texnikaların istifadəsi üçün münbit meydan-poliqon deməkdir. Bu prosesdə qərb dövlətləri ilə yanaşı Rusiya da öz hərbi sənaye kompleksinin məhsullarını sınaqdan çıxarmaq imkanı əldə etdi.
2015-ci ildən Suriyada B. Əsəd hakimiyyətinə dəstək məqsədilə hərbi əməliyyatlara aktiv qoşulan Rusiya qısa müddətdə uzun illərdən bəri “paslanmış” silahlarını və yeni yaradılan hərbi texnikasını sınaqdan çıxarmağa başladı. Qısası, Rusiya üçün Suriya Əfqanıstandan və Gürcüstandan sonra praktik poliqon rolunu oynamağa başladı və bu proses indi də davam edir.
Bəs, Rusiya bu “poliqon”da hansı hərbi-texniki vasitələrini sınaqdan çıxara bildi?
Əvvəlcə onu qeyd edək ki, siyahıda yer alan məhsulların bir qismi Sovet hərbi-sənaye kompleksinin nümunələri olsa da, Rusiya həmin silahları son illərdə modernləşdirərək, yenidən silahlanmaya qəbul edib.
Rusiyanın Suriya əməliyyatı bu ölkənin Hərbi Dəniz Qüvvələrinin Xəzər Flotiliyasına məxsus “Dağıstan”, “Qrad Sviyajsk”, “Uqliç”, “Velikiy Ustyuq” gəmilərindən 2015-ci ildə oktyabrın 7-də həyata keçirdiyi raket zərbələrindən başladı. Bu əməliyyatda Rusiya ilk dəfə olaraq, uzaqmənzilli Х-101 və “Kalibr-NK” raketlərindən istifadə edərək, Suriyada İŞİD-ə məxsus hədəfləri məhv etdi.
Qeyd edək ki, X-101 strateji raketləri Rus Ordusunun silahlanmasına 2013-cü ildə daxil olub.
Rusiya Suriyada hərbi aviasiya vasitələrindən də geniş şəkildə istifadə etdi. Uzun fasilədən sonra uzaqmənzilli aviasiya vasitələrini də bu əməliyatlarda iştirakına şərait yarandı. Belə ki, Rusiyanın strateji hərbi aviasiyası dislokasiya yerindən uçuş edərək, Suriyadakı hədəfləri bombaladılar. Engels aviabazasından havaya qalxan Tu-160 strateji bombardımançı təyyarəsi 4500 km məsafə uçuş həyata keçirərək, Suriyada İŞİD-in mövqelərinə zərbə endirdi.
Bu əməliyyatlarda Rusiya Hərbi Kosmik Qüvvələrinin Su-35S, Su-30SM, Su-34, Su-30, Su-24 döyüş təyarələri daha çox iştirak edir. Lakin əməliyyatlarda Mi-8АМТŞ helikopterlərinə də rast gəlmək olur.
Rusiya Silahlı Qüvvələrinin pilotsuz uçuş aparatları (PUA) da ilk dəfə olaraq real hərbi əməliyyatlarda sınaqdan çıxarılıb.Bunlardan ilk olaraq “Leer-3” PUA-sı əməliyyatlara qatılıb. Daha sonra isə “Orlan-10” PUA-sı 2015-ci ildən başlayaraq, döyüşlərin aparılmasında rus hərbçilərinə yardım edib.
Rusiya radioelektron mübarizə sistemlərindən daha çox “Krasuxa-4”nın imkanlarından Suriyada yararlanılıb. Bu REM sistem vasitəsilə düşmən qüvvələrin elektron imkanları yararsız vəziyyətə gətirilib.
Yeni yaradılan “Andromeda-D” atəşin idarə edilməsi sistemi də döyüşlərin aparılmasında uğurla sınaqdan çıxarıldı.
BMP-3 piyadanın döyüş maşının üzərində yeni qurulan “Vixr” avtonom döyüş modulu da Suriyada ilk dəfə olaraq istifadə edilən silahlar arasındadır.
Quru Qoşunların əməliyyatlarında Т-90SM tankları da Suriyada həyata keçirilən əməliyyatlarda geniş istifadə edilib.
Rusiya Su-24 döyüş təyyarəsini Türkiyə ilə sərhəddə məlum hadisə nəticəsində itirdikdən sonra bu ölkənin ərazisində müsir və modernləşmiş hava hücumundan mübarizə komplekslərinin sayını artırdı. S-400 zenit-raket kompleksi Suriyada döyüş növbətçiliyinə başlayıb.
Əməliyyatlar başlayan ilk gündən Suriya sahillərinə yan alan “Georgi Pobedonosets”, “Nikolay Filçenkov”, “Sezar Kunikov”, “Aleksandr Şabalin” gəmiləri də döyüş növbətçiliyinə cəlb olundular. “Dviniça-50” hərbi nəqliyyat gəmisi isə hərbi texnikaların daşınması prosesində davamlı istifadə edildi.
Diqqəti çəkən məqamlardan biri də yerüstü əməliyyatlarda TOS-1A “Solntsepyok” və TOS-1 “Buratino”, “Smerç” və 9К57 “Uraqan” yaylım-atəş sistemlərinin istifadə olunmasıdır.
https://www.youtube.com/watch?v=0XlJojHji6I
Rus ordusu döyüşlərdə “Mista-B” artileriya sistemlərini də sınaqdan çıxara bilib.
Minatəmizləmə əməliyyatlarında isə yeni texniki vasitə olan “Uran-6” robotlarından istifadə edilir. “Uran-6” hazırda Palmira şəhərinin minalardan təmizlənməsində istifadə olunur. Rus hərbçiləri mina və partlayıcı vasitələrin aşkarlanmasında “Korşun” mina detektorlarından da istifadə edirlər.
Diqqəti çəkən məqamlardan biri də əməliyyatlarda robot-atəş sistemlərindən istifadə edilməsidir.
Rəsmi açıqlamalara görə, ruslar əməliyyatlarda geniş şəkildə “Arqo” və “Platforma-M” distans idarə olunan atəş sistemlərindən yararlanırlar.
P.S – Suriyada “vətəndaş” müharibəsi hələ də davam edir. Demək dünyanın iri hərbi sənaye komplekslərinə sahib olan ölkələri öz silahlarını sınaqdan çıxartmaq üçün bu ölkədən poliqon olaraq hələ istifadə etməyə davam edəcəklər.












