Suriyada Rusiya döyüş təyyarəsi qəzaya uğrayıb
Suriyada Rusiya Hava Kosmik Qüvvələrinə məxsus Su-24 bombardmançı təyyarəsi havaya qalxarkən qəzaya uğrayıb.
“AzeriDefence” “Ria Novosti”yə istinadən xəbər verir ki, bu haqda Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, hadisə Hmeymim aviabazası yaxınlığında baş verib. Su-24 təyyarəsi uçuş-eniş zolağından kənara çıxaraq dağılıb və parçalara ayrılıb.
Pilotlar katapult etməyə imkan tapmayıblar. Nəticədə hər iki pilot dünyasını dəyişib. İlkin məlumatlara görə, hadisəyə səbəb təyyarənin texniki nasazlığı göstərilir. Məlumatda o da qeyd olunub ki, hadisə nəticəsində ətrafda olan tikili və təyyarələrə zərər dəyməyib.
Qeyd edək ki, Suriyada İŞİD mövqelərinə qarşı əməliyyatlarda daha çox Rusiya Hərbi Kosmik Qüvvələrinin Su-24 döyüş təyarələri iştirak edir.