Şuşa istiqamətində gedən döyüşlərdə qəhrəmanlıq göstərmiş xüsusi təyinatlı şəhid Elvin Abbasov

Şuşa istiqamətində gedən döyüşlərdə qəhrəmanlıq göstərmiş xüsusi təyinatlı şəhid Elvin Abbasov

44 günlük Vətən müharibəsi Azərbaycanın şanlı tarixidir. Şəhid olmuş və yaralanmış cəsur oğulların qanı və canı bahasına yazılan bu tarix əbədi yaşayacaq. Azərbaycan Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin vurğuladığı kimi: “Bizim vətənpərvərlik ruhumuz, qəhrəmanlığımız, Vətənə olan bağlılığımız, fədakarlığımız bütün dünyada Azərbaycan Ordusu, Azərbaycan xalqı haqqında dəqiq təsəvvür yaratdı. Göstərdi ki, biz böyük xalqıq, göstərdi ki, biz özümüzə məxsus olan torpaqları nəyin bahasına olursa-olsun azad edən xalqıq”.

“Poliqon”un məlumatına görə, Azərbaycan torpaqlarının azadlığı uğrunda qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə yüksələn vətənpərvər oğullardan biri də Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının cəsur hərbi qulluqçusu baş çavuş Abbasov Elvin Şamil oğludur.

Baş çavuş Elvin Abbasov 1992-ci il mayın 6-da Bərdə rayonunun Hacılı kəndində anadan olub. Şamil Abbasovun və Sevil Abbasovanın böyüdüb tərbiyə etdikləri iki övladdan (Elvin və Elçin) biri, həmçinin, ailənin ilki idi.

Elvin hələ kiçik yaşlarından olduqca vətənpərvər, eyni zamanda, düşmənə sonsuz nifrət ruhunda tərbiyə almışdı. Bunun da əsas səbəbi erməni işğalı nəticəsində Abbasovlar ailəsinin, digər soydaşlar kimi, taleyin amansız hökmü ilə yaşadıqları məcburi köçkünlük həyatının ağrı-acısı idi. Əslən keçmiş Ağdərə rayonunun Umudlu kəndindən (hazırda kənd Tərtər rayonunun inzibati ərazi vahidinə daxildir) olan valideynləri azğınlaşmış erməni qəsbkarlarının doğma yurd yerləri ard-arda işğal etmələri və daha da genişlənən hücumları səbəbindən 1992-ci ilin fevral ayının 28-də Bərdə rayonunun Hacılı kəndinə pənah gətiriblər. Elvin və ondan iki yaş kiçik olan qardaşı Elçin məhz bu kənddə dünyaya göz açıb, min bir əzab-əziyyətlə böyüyüb boya-başa çatıblar.

Burada bir məqamı da qeyd edim ki, Elvinin görmək arzusu ilə yaşadığı ata-baba yurdu olan Umudlu hələ XX əsrin əvvəllərində Cavanşir qəzasında erməni-daşnak qüvvələri tərəfindən soyqırıma məruz qalmış kəndlərdən biri olub. Müxtəlif tarixi qaynaqlarda Umudlu qətliamı kimi adı çəkilən bu dəhşətli faciə məhz 1905-ci ilin dekabr ayının 26-da, olduqca sərt keçən soyuq bir gecədə törədilib. Tariximizin ən qanlı hadisələrindən biri hesab olunan bu qətliam barədə o dövrün mətbuatı, eləcə də yazıçı Məmməd Səid Ordubadi geniş məlumat verib.

Ailəsinin verdiyi məlumata görə, Elvin orta təhsilinin 9-cu sinfədək olan hissəsini şəhid Mehman İsbərov adına Hacılı kənd ümumi orta məktəbində alıb, qalan hissəsini isə şəhid Səməd Xudaverdiyev adına Kürdborakı kənd tam orta məktəbində davam etdirib. Hələ orta məktəbin doqquzuncu sinfində oxuyarkən idmanın boks növü ilə məşğul olub, fiziki hazırlıq məşğələlərinə xüsusi maraq göstərib. Bundan əlavə, atasına kömək etmək məqsədilə tez-tez onun dülgər sexinə üz tutan Elvin həqiqi hərbi xidmətə çağırılanadək burada çalışaraq dülgərlik sənətini öyrənib. Lakin uşaq yaşlarından hərbi formaya böyük marağı olduğundan orta məktəbi bitirdikdən sonra hərbi xidmətə getməyə qərar verib.

Müddətli həqiqi hərbi xidmətini 2010-cu ilin iyul ayından 2012-ci ilin yanvar ayınadək Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində keçib. O zaman həmin hərbi hissənin komandiri 2020-ci ilin iyul döyüşlərində şəhidlik zirvəsinə ucalan Azərbaycanın Milli Qəhrəmanı general-mayor Polad Həşimov olub. Atasının da vurğuladığı kimi, Elvin qəhrəman şəhid generalın komandiri olduğu hərbi hissədə, məhz onun tabeliyində əsgər kimi xidmət etməsindən hər zaman qürur hissi duyub. Onun həlak olması xəbərini eşidəndə isə bərk sarsılıb. Bu barədə söhbət düşəndə: “nə olursa-olsun, şəhid generalımızın intiqamını mütləq almalıyıq” – deyirdi. Buna görə də Vətən müharibəsi başlayanda Daxili Qoşunların cəsur xüsusi təyinatlısı kimi döyüşlərə qatılan Elvinin ən böyük arzusu qəhrəman generalın timsalında bütün şəhidlərin qisasını düşməndən almaq olub.

Tərxis olunduqdan sonra bir müddət mülki işdə çalışsa da, hərbçi peşəsinə olan böyük marağı səbəbindən hərbi xidmətə qayıtmağa qərar verib. Beləliklə, 2013-cü ilin sentyabr ayında Daxili Qoşunların Hacıqabul rayonunda yerləşən “N” saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmətə qəbul olunan Elvin Vətənə olan borcunu şərəflə yerinə yetirməyə başlayıb. 2014-cü ilin dekabr ayından etibarən hərbi hissənin xüsusi təyinatlı dəstəsində xidmətini davam etdirən baş çavuş E.Abbasov əvvəlcə atəş təminatı qrupunda AQS-17 qumbaraatan yarımqrupunda heyət nəfəri, AQS-17 qumbaraatan yarımqrupunda tuşlayıcı, 2017-ci ilin sentyabr ayından şəhidlik məqamına yüksəldiyi günədək isə xüsusi həmlə qrupunda pulemyotçu kimi xidməti-vəzifə borcunu ləyaqətlə yerinə yetirib.

Vaxtilə baş çavuş E.Abbasovla birgə qoşunların Hacıqabuldakı “N” saylı hərbi hissəsinin “Yarasa” şərti adını daşıyan xüsusi təyinatlı dəstəsinin tərkibində Vətən müharibəsində iştirak etmiş gizir Şiraz Həsənovun və çavuş Səid Həmzəyevin qeyd etdikləri kimi, Elvin istər bir yoldaş, istərsə də əsl xüsusi təyinatlı kimi hər zaman öz müsbət keyfiyyətlərilə kollektiv arasında böyük hörmət və nüfuz qazanıb. Hərbçi yoldaşlarının xatirələrində sərrast atıcı, iradəli, fiziki hazırlıqlı, intizamlı hərbi qulluqçu, qorxubilməz, vətənpərvər döyüşçü, eyni zamanda, böyük-kiçik yeri bilən, olduqca sadə, hər zaman dostluqda və yoldaşlıqda möhkəm, ailəcanlı, böyüklərin öyüd-nəsihətlərinə dəyər verən bir insan olaraq qalıb. Məhz buna görə də xidmət etdiyi dövrdə yüksək döyüş hazırlığı, hərbi intizamı və nümunəvi xidmətilə fərqlənən cəsur hərbi qulluqçu hərbi hissənin komandanlığı tərəfindən dəfələrlə mükafatlandırılıb.

Vətən müharibəsi iştirakçısı mayor Elgün Mirzəliyev baş çavuş E.Abbasovun onun rəhbəri olduğu qrupun tərkibində Şuşa istiqamətində gedən döyüşlərdə əsl cəsurluq nümunələri göstərdiyini dedi. Bildirdi ki, dəstə əvvəlcə Cəbrayıl, Füzuli rayonlarında mövqelərin müdafiəsində dayanıb, burada düşmənin diversiya-kəşfiyyat qruplarının təxribatlarının qarşısının alınması üzrə döyüş tapşırıqlarını yerinə yetirib. Oktyabrın 31-də Xocavənd rayonunun Hadrut qəsəbəsinə gələn dəstənin şəxsi heyəti burada ayrı-ayrı qrupların tərkibinə bölünərək, avtomobillərlə Şuşa istiqamətində hərəkətə başlayıb. O, bir müddət sonra kolon düşmən artilleriyasının atəşinə məruz qaldığı üçün ayrı-ayrı qrupların tərkibində piyada Şuşa istiqamətində hərəkəti davam etdirməli olduqlarını söylədi: “Elvin mənim komandiri olduğum qrupun tərkibində idi. Olduqca mərd, qorxu hissi olmayan, əsl vətənpərvər xüsusi təyinatlı kimi döyüşlərə qatılmışdı. Pulemyotçu kimi öz sərrast atəşi ilə düşmənin başına od-alov yağdırırdı”.

4 noyabr 2020-ci il… Laçın-Şuşa istiqamətində gedən döyüşlərdən biri Elvinin son döyüşü oldu. Onunla birgə bu döyüşlərdə iştirak etmiş çavuş Vasif Həsənovun (hazırda Biləsuvar RPŞ-nin post-patrul xidmətində polis serjantı kimi xidmətini davam etdirir) sözlərinə görə, tərkibində Elvinin də vuruşduğu xüsusi təyinatlılardan ibarət qrupun şəxsi heyəti digər qrupların cəsur döyüşçülərilə birgə ermənilərin xeyli sayda canlı qüvvəsini və hərbi texnikasını məhv edərək, Laçın-Şuşa yolu üzərindəki yüksəklikdə yerləşən mühüm mövqelərini ələ keçirir. Beləliklə, Şuşaya gedən yol tam olaraq nəzarətə götürülür. Lakin bir müddət sonra düşmən snayperinin gülləsinə tuş gələn baş çavuş E.Abbasov gözlərini əbədi yumaraq şəhidlik zirvəsinə ucalır.

Bu hərbi əməliyyat zamanı, həmçinin, düşmənin Azərbaycan Ordusunun döyüşçülərinin yerləşdikləri yüksəkliyi üç tərəfdən müxtəlif çaplı silahlardan şiddətli atəşə tutması nəticəsində Elvinlə birgə “Yarasa” şərti adını daşıyan xüsusi təyinatlı dəstənin 6 nəfər hərbi qulluqçusu – baş leytenant Təhmasib Mustafayev, gizir Emil İsgəndərov, baş çavuşlar Ruslan Sadıqov, Şahlar Məmmədov, əsgərlər Tural Bayramlı və Fərid Vəliyev şəhid olub, 13 nəfər xüsusi təyinatlı isə yaralanıb.

Çavuş V.Həsənov yaxın dostu olmuş Elvinin şəhid olmamışdan iyirmi dəqiqə əvvəl söylədiyi fikirlərini müharibənin ən ağrılı xatirəsi kimi heç zaman unutmayacağını dedi: “Şəhid olacağını sanki əvvəlcədən hiss etmişdi. Üzünü bizə tutub, “əgər şəhid olsam, övladlarıma mənim necə bir döyüşçü, necə bir qəhrəman olduğumu deyərsiniz. Bir ata kimi onları sevdiyimi, onlara necə qayğı göstərmək istədiyimi mütləq xatırladarsınız”, – deyə sakit bir şəkildə sözlərini bitirdi. Tez-tez övladlarını düşünərdi. Əsl yoldaş, eyni zamanda, qayğıkeş ailə başçısı idi”.

Şəhid hərbi qulluqçu 2020-ci il noyabrın 11-də Bərdə rayonunun Hacılı kəndinin qəbiristanlığında dəfn olunub. 2020-ci il noyabrın 11-də Füzuli Rayon Qeydiyyat Şöbəsi tərəfindən tərtib edilən ölüm haqqında şəhadətnamədə Elvinin 08.11.2020-ci ildə döyüş meydanında, hərbi əməliyyat nəticəsində odlu silah növləri ilə törədilmiş zədələnmələr səbəbindən şəhid olduğu yazılıb.

Azərbaycan Prezidentinin imzaladığı 15 dekabr 2020-ci il tarixli və 29 dekabr 2020-ci il tarixli müvafiq sərəncamlarla baş çavuş Abbasov Elvin Şamil oğlu ölümündən sonra “Vətən uğrunda” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

2016-cı ilin iyul ayında Nərgiz xanımla ailə həyatı qurmuş şəhid hərbi qulluqçunun Aylin və Sevil adlı iki övladı yadigar qalıb.

“Oğlumla, o cümlədən, Vətən uğrunda canını qurban vermiş bütün qəhrəman şəhidlərimizlə fəxr edir, qürur duyuram. Allahdan hər birinə rəhmət diləyirəm”, – deyən şəhid atası Şamil Abbasovun yeganə arzusu isə Elvinin xatirəsinin əbədiləşdirilməsidir.

Vətən uğrunda canını fəda edən Elvin kimi igid oğulların əziz xatirəsi hər birimizin qəlbində əbədi yaşayacaqdır.

Allah rəhmət eləsin!

12318 bas cavus Abbasov Elvin Samil oglu 1

DİN-in Daxili Qoşunlarının
“Əsgər” qəzetinin redaktoru
mayor Anar Əhmədov

Poliqon.az

CATEGORIES
TAGS