Şuşanın azad edilməsi “Dəmir yumruq” əməliyyatının kulminasiya nöqtəsi oldu – REPORTAJ

Şuşanın azad edilməsi “Dəmir yumruq” əməliyyatının kulminasiya nöqtəsi oldu – REPORTAJ

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də Ermənistanın işğalı altındakı torpaqlarımızı azad etmək üçün Qarabağda başladığı genişmiqyaslı və uğurlu əks-hücum əməliyyatları nəticəsində noyabrın 8-də ordumuzun qəhrəman hərbçiləri alınmaz qala hesab edilən Şuşanı böyük fədakarlıqla azad etdi.

“Poliqon” xatırladır ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz Azərbaycanın tarixi, mədəni və strateji əhəmiyyətə malik, Qarabağın baş tacı olan Şuşa şəhərini işğalçılardan azad etməsi ilə 2020-ci il noyabrın 8-i tariximizə ən şanlı bir gün kimi yazıldı.

Bu, 44 gün içərisində aparılan uğurlu əks-hücum əməliyyatlarının sırasında ən mühüm tarixi hadisə və böyük hərbi Qələbə oldu. Hərbi cəhətdən Şuşa şəhərinin azad edilməsi müharibənin sonrakı gedişinə, eləcə də taleyinə ciddi təsir göstərdi və dərhal noyabrın 9-da rəşadətli Azərbaycan Ordusu 70-dən çox yaşayış məntəqəsini və bir neçə mühüm strateji əhəmiyyətli yüksəkliyi işğalçılardan azad etdi.

Azərbaycanın hərbi-diplomatik qələbəsi ilə nəticələnən 44 günlük Vətən müharibəsinin nəticəsində noyabrın 20-də Ağdamın və 25-də isə Kəlbəcərin işğaldan azad edilməsi noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın müvafiq maddəsinin yerinə yetirilməsini, eləcə də münaqişənin hərbi-siyasi həllini müəyyənləşdirdi. Bunun davamı olaraq üçtərəfli Bəyanatın müvafiq maddəsinə əsasən Ermənistan silahlı qüvvələrinin 2020-ci il dekabrın 1-dən Laçın rayonundan çıxması Azərbaycanın hərbi-diplomatik uğurlarının nəticəsi kimi qiymətləndirilməlidir.

Azərbaycan Prezidenti hərbi-strateji əhəmiyyətli Şuşanın Azərbaycan tarixində xüsusi yerinin olduğunu bildirib: “Şuşanı qan tökərək azad etmişik, Şuşa uğrunda ciddi döyüşlər gedirdi. Laçın dəhlizi boyunca işğalçıların qalıqları səpələnmişdi, yüzlərlə, bəlkə də minə qədər işğalçı Şuşa döyüşlərində məhv edildi. Hərbçilərimiz sıldırım qayalardan qalxaraq, dərədən-təpədən, Xocavənd meşələrindən, cığırlardan keçərək yüngül silahlarla Şuşaya gəldilər. Yüngül silahlarla, tapançalarla, süngü-bıçaqla mübarizə apardıq. Amma bizə qarşı burada toplardan, tanklardan istifadə olundu. Amma düşmən bizim gücümüzü gördü, iradəmizi gördü, milli ruhumuzu gördü və məğlub oldu”.

Şuşa şəhərinə üç əsas istiqamətdən daxil olduq

MRS2028

Şuşanın işğaldan azad edilməsinin ikinci ildönümü ərəfəsində Müdafiə Nazirliyinin xətti ilə döyüşlərin getdiyi ərazilərə təşkil edilən media-tur çərçivəsində müharibədə iştirak etmiş, fərqlənmiş hərbi qulluqçularla yerində görüşmək və döyüşlər haqqında birbaşa onlardan eşitmək imkanımız oldu. Zəfər tarixini yazan hərbi qulluqçularımızı əyani tanımaq Qarabağ döyüşləri ilə bağlı hadisələri gözümüzdə bir daha canlandırdı.

Vətən müharibəsi zamanı Xüsusi Təyinatlı Qüvvələr komandanının birinci müavini – qərargah rəisi vəzifəsində xidmət edən, hazırda birlik komandiri olan general-mayor Kənan Seyidov POLİQON jurnalına Şuşa şəhərinin stratej əhəmiyyətindən və Şuşa əməliyyatının təfərrüatlarından danışdı.

General-mayor K.Seyidov bildirib ki, Şuşa strateji cəhətdən ən əlverişli ərazidə yerləşmiş şəhərimiz və Qarabağın baş tacıdır. Onun sözlərinə görə, Şuşanın azad edilməsi Azərbaycan Ordusunun bir nömrəli vəzifəsi olub.

“30 illik vətən, torpaq həsrəti və düşmənə olan nifrət hissi Azərbaycan əsgərini döyüşlərdə daha da ruhlandırırdı. Buna görə də, hətta müharibənin ilk saatlarında əminliklə deyə bilərdik ki, biz bu savaşda qələbə qazanacağıq, müzəffər olacağıq və nəticədə onu da bacardıq”, – deyə birlik komandiri vurğuladı.

General-mayor K.Seyidov Şuşa əməliyyatının detallarını açıqladı: “Şuşaya daxil olmamışdan əvvəl, birinci növbədə gördüyünüz bu Topxana meşəsi və əlimlə göstərdiyim istiqamətdəki yüksəkliklər və ətraf yüksəklilər ələ keçirilmişdi. Bundan sonra, əlimlə göstərdiyim istiqamətdə qruplarla Laçın dəhlizini, Laçın-Şuşa yolunu keçərək Şuşa şəhərinə üç əsas istiqamətdən – Qala qapıları istiqaməti, Xankəndinin Üç yolu istiqaməti və mərkəz hissəsindən Şuşaya daxil olduq. İlk Şuşaya girən qruplar bizim Şuşada olan türmə – Şuşa türməsi istiqamətindən girməyə nail oldular. Noyabr ayının 5-ində gecə saatlarında biz artıq Şuşaya girmişdik. Şuşa şəhəri düşməndən tam təmizləndikdən sonra, noyabrın 8-də Şuşada Azərbaycan bayrağı qaldırıldı”.

Birlik komandiri K.Seyidov 21-ci əsrin müharibə standartını yaradan bir ölkə kimi Azərbaycanın əldə etdiyi tarixi zəfəri təmin edən ən müasir silahların tətbiqindən də söz açdı.

“44 günlük Vətən müharibəsi 21-ci əsrin ən müasir müharibəsi idi. Bu müharibədə qazanılan təcrübədən, bizim döyüş təcrübəmizdən bizdən sonra olan müharibələrdə istifadə olundu. Amma ilk yeniliyi Vətən müharibəsində Azərbaycan Ordusu nümayiş etdirdi.

Xüsusilə qeyd etmək istəyirəm ki, Vətən müharibəsinin hərbi baxımından qısa müddətdə, 44 gün ərzində şanlı qələbə ilə başa çatmasında Raket və Artilleriya Qoşunlarının arsenalında olan yüksək dəqiqlikli silahlar və eyni zamanda havadan olan “Harop”, “Bayraktar” və digər pilotsuz uçuş aparatlarının tətbiqi və ən əsası da Azərbaycan əsgərinin döyüş ruhu və hazırlığı mühüm rol oynadı”, – deyə general-mayor K.Seyidov vurğuladı.

K.Seyidov onu da qeyd etdi ki, Vətən müharibəsindən sonra Azərbaycan Ordusunun müasir silah və texnikalarla daha da gücləndirilməsi istiqamətində çox böyük işlər görülüb: “Ordunun silahlanması ilə bağlı cənab Ali Baş Komandanın diqqət və qayğısı ilə dünyadakı ən müasir silahlar hal-hazırda Azərbaycan Ordusunun arsenalına daxil olmaqdadır”.

Əsgərlərimizin mənəvi-psixoloji vəziyyəti və ruh yüksəkliyi düşmən iradəsini məhv etdi

MRS1797Füzuli, Zəngilan, Qubadlı və Şuşa istiqamətində – xüsusilə Daşaltı kəndinin düşmən tapdağından azad olunmasında iştirak etmiş polkovnik-leytenant Rəcəb Bəyəliyev bildirdi ki, indi bu yollardan gəldiyi zaman böyük qürur hissi keçirdir: “Çünki biz o zaman bu yollardan keçəndə bu yollar keçilməz idi, texnikaların hərəkəti demək olar ki, mümkün deyildi. Bizim piyada bölmələrimiz bu dağlıq, sıldırım qayaları dıramaşaraq böyük şücaət göstəriblər. Bilirsiniz ki, əlbəttə qələbənin qazanılması birinci iradə qüvvəsidir. Əsgərlərimizin ruh yüksəkliyi və mənəvi psixoloji vəziyyəti çox yüksək idi və bununla düşmən iradəsini məhv etdik. Elə birinci qələbəmizdə məhz bundan başladı. Eyni zamanda bizim silahlanmamızda olan ən müasir silah və texnikanın və onları bacarıqla istifadə edən komandirlərin sayəsində döyüş meydanında uğurlar qazanıldı.

Bilirsiniz, taktikada hücum edən tərəf üç qat üstün olmalıdır. Çünki bizlər hücum edirik, düşmən tərəf müdafiədədir. Amma buna baxmayaraq biz ən müasir silah və texnikadan, eyni zamanda müasir pilotsuz uçuş aparatlarından istifadə etməklə döyüş meydanında üstünlüyü əldə etdik. Bayaq dediyim kimi eyni zamanda əsgərlərimizin mənəvi-psixoloji ruhu da çox yüksək idi və bunun nəticəsində biz düşmən iradəsini məhv etdik. Beləliklə döyüş meydanında qələbə qazandıq”.

Polkovnik-leytenant Rəcəb Bəyəliyev döyüşə hər zaman hazır olduqlarını bildirdi: “Müzəffər Ali Baş Komandanımız həmişə deyirdi ki, biz döyüşə hazırıq və əsgərlərimiz döyüş meydanında öz şücaətini göstərəcək, belə də oldu. Biz hər zaman – dünən də, bügün də, gələcəkdə də olarsa döyüşlərə hazırıq. Çünki bizim döyüş qabiliyyətimiz ən yüksək səviyyədədir. Ona görə də, elə döyüş əməliyyatı yoxdur ki, bizim Azərbaycan əsgərinin əlində aciz olsun. Biz bütün əməliyyatları yüksək səviyyədə, yüksək peşəkarlıqla icra etmişik.

Xüsusilə qeyd etmək istəyirəm ki, Daşaltı kəndinin və Daşaltını əhatə edən adsız yüksəkliyin alınmasında taborumuz yüksək döyüş hazırlığı və peşəkarlıq nümayiş etdirdi. Beləliklə biz bu əraziləri işğaldan azad etdik”.

Düşmən snayperi tərəfindən vuruldum, onda hiss etdim ki, ölüm var…

MRS1908 1

Azərbaycan Ordusunun N saylı hərbi hissəsində artilleriyaçı kimi xidmətini davam etdirən polkovnik-leytenant Vüsal Hacıyev bildirdi ki, sentyabrın 27-dən Ermənistan silahlı qüvvələrinin hücumunun qarşısının alınması üçün Müzəffər Ali Baş Komandanın əmrinə əsasən “Dəmir yumruq” əks-hücum əməliyyatının başladığı gündən ancaq irəliyə doğru hərəkət ediblər: “Topçuların işi çox məsuliyyətlidir. Düşmənin dərinliyinə girən ordumuz “bizə dəstək durun, qarşıda düşmən var, oranı vurun” deyirdilər. Hətta elə bir məqamlar olurdu ki, biz öz təhlükəsizlik məsafəmizi belə qorumadan atəş dəstəyi təmin etmək məcburiyyətində olurduq.

Düzdür deyirlər artilleriya ön xəttə olmur. Amma, bilirsiniz artilleriyanın atəşini yönəltməsi qabaqdan olur. Belə günlərdən birində – noyabırın 2-də komanda məntəqəsində düşmən snayperi tərəfindən vuruldum. Bəxtim gətirdi ki, güllə düz sinəmdə olan daraq çantasından tutmuşdu. Həqiqətən ondan sonra hiss etdim ki, ölüm var. O vaxta kimi biz ölüm nə olan şeydir başa düşmürdük. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə can sağlığı versin”.

Müasir artilleriya sistemləri Azərbaycan ordusunun üstünlüyünü təmin edib

Azərbaycan Ordusunun arsenalında olan artilleriya sistemlərinin üstünlüklərindən danışan artilleriya komandiri polkovnik-leytenant Elşən Hüseynov bildirdi ki, son 10 ildə Azərbaycanda Ordu quruculuğunda müasir artilleriya silahlarının alınması bizi düşməndən üstün etdi.

“Ümumiyyətlə müharibə artilleriyanın tətbiqi ilə başlayır. İlk gündən erməni əsgəri, zabiti artilleriyanın mərmisindən qorxurdu. Bizim üstünlüyümüz həm də onda idi ki, müasir arilleriya sistemlərimiz vardı. Avtomatlaşdırılmış artilleriya qurğularımızın sayəsində bütün tapşırıqlar operativ icra edilirdi.

Avtomatlaşdırılmış artilleriya sistemləri o deməkdir ki, sən mexaniki heç bir iş görmürsən. Hər şey avtomatik olur. Koordinatlar sənə gəlir və sən koordinatları daxil edirsən. Burada isə artıq nişangahına qədər topa gedən bütün məlumatlar var. Bu da əvvəl ki, variantlarla – mexaniki üsul ilə hesablayanda artilleriyaçını 3-5 dəqiqə qabağa salır. Ona görə də Azərbaycanda bu son 10 il ərzində alınmış bütün artilleriya sistemləri bizim üstünlüyümüzü təmin etdi. Döyüş vaxtı bizim müasir artilleriya sistemləri silahlarından uğurla istifadə olundu”, – deyə polkovnik-leytenant E.Hüseynov vurğuladı.

Vətən müharibəsimdə bütün hərbi hissələrin fasiləsiz tibbi təminatı təmin edilib

MRS1815Azərbaycan torpaqlarının bütövlüyü uğrunda Vətən müharibəsində iştirak edən tibb xidməti polkovnik-leytenantı Şahin Süleymanov sentyabrın 27-dən iki ay ərzində hərbi hissələrin tibbi təminatının yerinə yetirilməsində yaxından iştirak edib. Həmçinin xəstə və yaralılara tibbi təminatın keyfiyyətli və vaxtında göstərilməsi tədbirlərinin hamısında şəxsən iştirak edib.

Həkim Ş. Süleymanov bildirdi ki, Vətən müharibəsi zamanı müxtəlif birlik tərkibində olan hərbi hissələrin fasiləsiz tibbi təminatı təmin edilibdir: “Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının rəhbərliyi tərəfindən bütün dərman ləvazimatları, tibbi ləvazimatlar, verilən sifarişlər vaxtında və təcili hamısı çatdırılıb və həmçinin də hərbi hissələrin həkim, feldşerləri öz vəzifə borclarını hərbi hissələrdə layiqincə yerinə yetiriblər.

Hərbi hissələrin feldşerləri, sanitar təlimatçıları bu işi öz vəzifə borcları kimi layiqincə yerinə yetiriblər və yaralılara vaxtında tibbi yardım göstərilib və hospitallara təxliyə olunub. Həmçinin Səhiyyə Nazirliyinin tibbi müəssisələri də müharibə boyunca bu işdə yaxından iştirak ediblər.

Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə can sağlığı versin. Hər bir yaralı və şəhid xəbəri bizim üçün ən ağırıdır. Əsas odur ki, müqəddəs vəzifəmizi yerinə yetirdik. Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında biz qələbə çaldıq. İnşallah gələcək nəsillərə bu bir nümunədir”.

Düşmən radio maneələrimizin qarşısında dura bilmirdi…

MRS1901 1“İlk öncə qeyd etmək istəyirəm ki, Ali Baş Komandanımızdan gözlədiyimiz an, həmin an idi ki, əmri aldıqdan sonra bölmələrimiz düşmənin əks-kəşfiyyatına qarşı öz gücünü göstərdi. Təkcə erməniyə yox, bütün dünyaya göstərdi ki, biz nəyə qadirik. Ordunun ən önəmli vasitələrindən biri rabitə idarəetmədir ki, mən də rabitəçi kimi öz zabit və əsgər yoldaşlarımızla müəyyən olunmuş rabitə vasitələrindən, hansı ki, yeni təkmilləşdirilmiş rabitə vasitələrindən düşmənin bütün maneələrinə qarşı gələrək 44 günlük vətən müharibəsində döyüş vaxtı çox uğurlu fəaliyyət göstərdik.

Bu gün fəxr edirəm və çox sevinirəm ki, Şuşa artıq bizimdir. Biz artıq Şuşaya qayıtmışıq. 30 ildir gözləyirdik ki, bura qayıdaq. İlk öncə şəhidlərimizin valideynlərinə baş sağlığı verirəm. İkinci növbədə qazilərimizə sağalmağı arzu edirəm və bütün bu döyüşdə əməyi olan, əziyyət çəkənlərin hamısına təşəkkür edirəm”, – deyə mayor Ş.Əzizov bildirdi.

Ş.Əzizov vurğuladı ki, düşmənin rabitə vasitələri həddən artıq çox zəif, köhnəlmiş idi, amma bizdə çox müasir, təkmilləşdirilmiş, bugünkü dövrə cavab verən rabitə vasitələri idi ki, biz o rabitə vasitələri ilə düşmənin bizə törətmək istədikləri radio maneələrin qarşısını yerindəcə alırdıq: “Biz döyüş vaxtı düşmənin əlində olan rabitə vasitələrini gördük. Onların əlindəki rabitə vasitələri keyfiyyətsiz rabitə vasitələri idi. Bizim onlara ötürdüyümüz radio maneələrin qarşısında dura bilmirdilər. Şuşaya girməyimizdə ötürdüyümüz radio maneələr əhəmiyyətli rol oynayırdı. Düşmən özünü itirmişdi. Bilmirdilər ki, öz heyətləri haradadır. Ona görə pərən-pərən olmuşdular. Düşmən Şuşanı həm qorxu hissinin çox olmasına, həm də döyüşün idarəetməsini itirdikərinə görə tərk etdi.

Bizdə ən əsas vasitələr – yeni, müasir rabitə vasitələridir ki, onlar çox az ölkələrdə istifadə olunur, bizim ölkədə də o rabitə vasitələrindən istifadə olunur. Biz döyüş vaxtı daşınan rabitə vasitələrindən istifadə edirdik. Əldə radio vasitələri idi, yəni o rabitə vasitələri uzaq məsəfələr üçün istifadə olunan daşınan, yüngül rabitə vasitələridir. Döyüş vaxtı bölmələrin radio əlaqələrini təmin etmək üçün o rabitə vasitələrindən istifadə edilirdi. Təkcə döyüş vaxtı yox, döyüşdən sonra da cənab Ali Baş Komandanımızın əmri ilə hazırda bugünkü günə kimi də yenə də texnikalarımız da, ən əsas rabitə vasitələrimiz də daha da müasirləşdirilir,Ordumuz daha da yeni avadanlıqlar ilə təmin olunur”.

Mayor Ş.Əzizov sözlərinə görə, heç vaxt xəyal edə bilməyib ki, bir gün Şuşaya gələcək. Onların Şuşaya girməyi ən sevincli və yadda qalan günlərindən biri olub: “Biz döyüş vaxtı nəyinki Şuşada, Şuşaya gəldiyimiz sıx meşələrlə, təhlükələrlə heç birində hansı ki, meşələrin içində sıxlıqdan rabitə vasitələrini açmaq olmurdu çətinliklər var idi, o çətinliklərə baxmayaraq öz canımızı təhlükyə atırdıq, amma biz o təhlükəni hiss etmirdik.

Ən əsas məsələlərdən birini qeyd etmək istəyirəm. Biz noyabrın 6-da Şuşaya girdik. Şuşanın Daşaltı kəndi istiqamətində, arxa tərəfdən gələndə düşmənin bir hərbi hissəsi vardı. Onun üzərində yuxarıda bildiyimiz teleqüllə var. Məqsədimiz teleqüllədə rabitə vasitəsini açmaq idi, əlverişli nöqtə olduğu üçün aşağıda olan bütün radio əlaqələri təmin edək və əlavə olaraq onlara set verək. Yəni ora biz qalxanda düşmənin pilotsuz uçuş aparatları bizim üzərimizdə uçurdu. Düşmən bizi aşkar etməmişdi. Bu kəşfiyyat xarakterli PUA-lar idi. Koordinatı çxarıb hədəfi vurmaq üçün nəzərdə tutulan PUA-lar idi. Həm yadda qalan, həm gülməli bir gün idi ki, düşmən artilleriya atəşi ilə bizə atırdı, biz 200-300 metr yuxarı qalxırdıq onun atdığı mərmilər bizə adi bir şey kimi idi. Biz gedib öz yerimizə, mövqeyimizə çatana kimi onlar çox atəş açdılar, lakin onlar bizə tuş gəlmədi. Biz öz işimizdən yayınmadıq, öz işimizə davam etdik və rabitə avadanlığını açdıq, əlaqəni təmin etdik. Həmin vaxtı PUA ilə bizi izləyən düşmən atdığı artilleriya atəşindən (toplarla atırdı) heç bir təsir olmadığını görürdü. Bundan sonra, bizə iki dəfə qadağan olunmuş silahdan atəş açdılar. Çünki biz bildiyimiz kimi döyüş vaxtı, döyüşdə ilk növbədə sıradan çıxarılası birinci rabitədir. Əgər bir qüvvəni məhv etmək istəyirsənsə rabitəni sıradan çıxarmalısan. Ona görə də biz düşmənin ən məqsədli hədəfləri idik. Atəş açmalarına baxmayaraq bizi öz işimizdən, məqsədimizdən yayındıra bilmədilər. Məqsədimizə çatdıq, dayanıqlı rabitə əlaqəsini təmin etdik və bugünləri də artıq Qarabağın tacı olan Şuşa şəhəri bizdədir. Bundan sonrada Ali Baş Komandanımızın növbəti əmrini səbirsizliklə gözləyirik və biz hər zaman düşmənin başında “Dəmir yumruq” kimi vurmağa hazır vəziyyətdəyik”.

Şuşaya qədər keçdiyi döyüş yolundan danışan mayor Şahin Əzizov bildirib ki, əsas vəzifələri xüsusi təyinatlı qüvvələrin (XTQ) rabitə əlaqəsini təmin etmək olub: “Şuşaya Cəbrayıl istiqamətindən gəlmişik. Cəbrayıldan Xocavəndə, ordanda da meşənin içi ilə həm piyada olduq, həm də rabitəçi kimi rabitə əlaqəsini təmin etdik. Biz hansı ki, alışan yanan maşınların arasından keçəndə qarşımızda olan XTQ-nin döyüşünü, canlı döyüşünü gördük bu da bizim sevincimiz idi, fəxrimiz idi. Biz fəxr edirik ki, o döyüşün canlı şahidləriyik.

Bizdə ruh yükəskliyinin yaranma səbəblərindən biri o idi ki, şəxsən mən və mənim yoldaşlarım irəlilədikcə, müəyyən olunmuş mövqeləri aldıqca bizim şanlı bayrağımızı, o ucalan bayrağımızı uzaqdan görəndə biz ora qaçaraq gedirdik, heç nə düşünmədən gedirdik və istəyirdik ki, o bayrağı daha da irəli aparaq. Bayrağımızın axırıncı, tam torpaqlarımız alınana kimi, ən yüksəklərdə dalğalanmağı üçün həvəs göstərirdik.

Ümumiyyətlə hər bir şeyi gərək praktiki yaşayasan. Bu günləri, biz döyüşdə bunu praktiki olaraq yaşadıq, hiss etdik, duyduq. Bu gün artıq Ordumuzda olan təlimlərimiz daha da ciddi, döyüş hazırlğı daha da artırılıb. Ali Baş Komandanın əmri ilə buna xüsusi diqqət yetirilir”.

Arsenalımıza yeni qəbul olunan silah-texnika döyüşlərdə özünü göstərdi

MRS1808Kapitan Asim Kəlbəliyev keçdiyi döyüş yolundan ilk növbədə bu yolda qanları ilə, canları ilə tarix yazan əziz şəhidlərimizə Allahdan rəhmət, qəhrəmanlıq nümunəsi olan qazilərimizə şəfa diləməklə söz açdı.

“Qəhrəmanlıq salnaməsi olan Vətən müharibəsində qazanılan zəfər münasibəti ilə ilk növbədə şəhid yaxınlarını, əzizlərini, qazilərini və onların timsalında bütün xalqımızı təbrik etmək istəyərdim.

Bundan əlavə mən artilleriyaçı zabit olaraq sizin sualınıza cavab verməyə çalışacağam. Artilleriyaçı bütün növ qoşun növləri kimi biz də digər qoşun növləri ilə birlikdə sıx qarşılıqlı koordinasiya ilə 27 sentyabrdan aktiv döyüş fəaliyyətlərinə cəlb olunduq və bütün növ bizim qarşımıza qoyulan tapşırıqların öhdəsindən tam şəkildə gəldik. Bizim qarşımıza qoyulan ən əsas tapşırıqlar düşmənin dərinliyində olan komanda-müşahidə məntəqələri, idarəetmə məntəqələri, hava, hava hücumundan müdafiə məntəqələri, meydançaları, uçuş meydançaları, enmə meydançaları, eyni zamanda anbarlar və bu tipdən olan digər hədəflər ilk növbədə qarşımıza tapşırıq olaraq qoyulmuşdu.

Bu tapşırıqlar elə aktiv döyüş fəaliyyətləri başlayandan uğurla yerinə yetirildi. Bundan əlavə olaraq artilleriyaçı zabitlərin digər tapşırıqlarından biri də bizim bu tarix yazan digər övladlarımız var ki, hansı ki, xüsusi təyinatlıları irəliləməsinə artilleriyaçılar artilleriya atəşi ilə dətsəkləmək idi ki, bunuda müharibə başlayandan son gününə kimi bu tapşırığıda tam şəkildə yerinə yetirdik.

Son olaraq da şanlı bayrağımızı bu dayandığımz yerdə və sonra daha yuxarılarda, mədəniyyət beşiyimiz olan Şuşa şəhərində sancaması ilə yekunlaşdı.

Ali Baş Komandanımızın da qeyd etdiyi kimi, hər bir kəsində ürəyində olan bir ifadə var idi hansı ki, cənab Prezidentimiz hər dəfəsində qeyd edirdi ki, “Azərbaycan xalqı bu işğal ilə barışmayacaq. Bu torpaqlarımızın işğal olunması Azərbaycan xalqının əzmini, iradəsini qıra bilməz və bu danışıqlar yolu ilə yağı düşmən torpaqlardan çəkilməsə, güc yolu ilə, hərb yolu ilə düşmən bu torpaqların hər qarışından əsgərlərimizin, Ordumuzun gücü hesabına gəldiyi yerlərədə göndəriləcək”. Bu hər birimizin ürəyindən xəbər verən bir ifadə idi. Bunu reallıqda da hər bir əsgər hər bir zaman bu tapşırığı yerinə yetirməyə hazır idi. Bu tapşırıq üçün əyani sübut olaraqda Aprel döyüşləri, Tovuz döyüşləri, eyni zamanda düşmən tərəfindən dəfələrlə törədilən təxribatlar zamanı Ordumuzun, əsgərimizin göstərdiyi igidliklər, qəhrəmanlıqlar buna bir nümunə idi. Eyni zamanda bu “Dəmir yumruq” adı altında başlanan əks-hücum əməliyyatında cənab Ali Baş Komandanımızın verdiyi irəli hücum əmri bizim əsgərimizdən tutmuş hər birimiz üçün ancaq sevinc, qürur və çoxdan içimizdə olan bir arzunun, istəyin, eyni zamanda bir qisas məşəlini alovlandırdı. Bunu əməliyyatın başladığı ilk gündən işimizlə, əməlimizlə sübut etdik ki, başladığımız günlərdə hər kəsin xəbəriniz, məlumatınız var ki, ard-arda işğaldan azad olunan kəndlər, qəsəbələr, rayonlar buna əsgərimizin, Ordumuzun rəşadəti əyani sübutudur.

Deməli bu hansı ki, biz danışıqlar yolu ilə cənab Ali Baş Komandan işğal olunmuş torpaqlardan düşməni çıxartmağa çalışırdı, müharibə olmasın, qan tökülməsin çalışırdı humanizm addım atmışdı. Bu ərəfədə keçən müddət ərazində Ordumuzda, əsgərimizdə sakit öz yerində dayanmamışdı. Mütəmadi öz üzərində çalışıb, bilik və bacarıqlarını artırıb, təlimlər keçirib, təkmilləşdirib, eyni zamanda Ordumuzun arsenalıda yeni silahlarla, tenikalarla güclənirdi. Hansı ki, həmin yeni arsenalımıza qəbul olunan silah-texnika özünü göstərdi. Və bu dayandığımız nöqtəyə qədər keçdiyimiz yola nəzər salanda sağda-solda bunların hər birinin izini görmək mümkündür”, – deyə kapitan Asim Kəlbəliyev vurğuladı.

Vətən müharibəsində qələbəmiz bizi arxayınlaşdırmır, döyüş hazırlığı prosesi planlı şəkildə davam edir

MRS1802Vətən müharibəsində Daşaltı, Şuşa istiqamətlərindəki döyüşlərdə iştirak etmiş leytenant Elbrus Həsrətov ilk olaraq qeyd edib ki, Ali Baş Komandanın qətiyyəti, xalqımızın həmrəkliyi və döyüşlərdə iştirak edənlərin vətənpərvərliyi, qələbə əzmi, yurd sevgisi sayəsində Vətən müharibəsində qalib gəldik: “Və təbii ki, Şuşa istiqamətində gedən döyüşlərdə Qarabağımızın tacı, xalqımız üçün müqəddəs məkan olan, ölkəmizin simvollarından birinə çevrilən Şuşa şəhərinin azad edilməsi 44 günlük “Dəmir yumruq” əks-hücum əməliyyatının kulminasiya nöqtəsi idi.

Şuşa şəhərinin azad edilməsində başqa qoşun növləri ilə qarşılıqlı fəaliyyət göstərən artilleriyaçılar da fərqlənirdilər. Artilleriyaçılar olaraq bizim üçün qürurverici məqamlardan biri də odur ki, 30 ilə yaxın düşmən işğalında qalan ərazilərimizə ilk daxil olanların sırasında olmaq şərəfi bizlərə də nəsib oldu.

Zəfər bayramı ərəfəsində fürsətdən istifadə edərək bir daha vətən uğrunda canlarından keçən şəhidlərimizi hörmətlə, ehtiramla yad edir, yaralanlara isə tezliklə sağalmalarını arzu edirəm. Allah bütün şəhidlərimizə rəhmət etsin.

Lakin Vətən müharibəsində qələbəmiz bizi arxayınlaşdırmır. Bu gün yenə də döyüş hazırlığı prosesi planlı şəkildə davam edir. Bildiyiniz kimi Vətən müharibəsindən sonra ölkə Prezidenti Ordumuzda islahatların davam etməsi, yeniliklərin tətbiq edilməsi barədə tapşırıqlar verdi.

Yeniliklərdən danışarkən komando hərbi hissələrinin yaranması, həmçinin artilleriyaçıların da ən yeni texnika və təmin olunduğunu, bölmələrimizin təminat və təchizatında son iki qazandığımız uğuru da xüsusi qeyd etməliyik. Müasir, ən yeni texnikalar alınıb, idarəetmə sistemlərində yeniliklər tətbiq olunub.

Döyüş hazırlığı prosesində Vətən müharibəsində qazandığımız təcrübədən uğurla bəhrələnirik. Ordumuzun arsenalına yeni-yeni silah növləri daxil olmuşdur.

Sonda bir daha fürsətdən istifadə edərək bütün xalqımızı Zəfər Bayramı münasibəti ilə təbrik edir, vətən uğrunda canlarından keçən şəhidlərə Allahdan rəhmət diləyir, döyüşlərdə yaralanan silahdaşlarımızı isə tezliklə sağalmasını arzu edirik.

Yaşasın Azərbaycan və onun şanlı Ordusu! Qarabağ Azərbaycandır”!

Yaralılarımız təxliyə olmaqdan imtina edib döyüşə qatılırdı

MRS1850Gizir Oktay İsmayılov Vətən müharibəsində keçdiyi döyüş yolundan bunları dedi: Sentyabrın 27-si biz səhər saatlarında həyəcan siqnalı ilə qaldırıldıq. Düşmən hücum etmişdi və bizə əks-hücum komandası verildi. Biz əks-hücum komandasında Füzulinin Abdurrahmanlı istiqamətində Vodapron deyilən istiqamətdən düşmənə əks-hücum etdik. Düşmənin illərdir hazırladığı “ohanyan” deyilən xətti biz yardıq, darmadağın etdik və o istiqamətdən irəlilədik. Aşağı Abdurrahmanlı istiqamətində güclü döyüşlər getdi. Ondan sonra biz gəldik kənd Horadiz istiqamətinə, Hadrut istiqamətində döyüşlər artıq gedirdi və axırıncı döyüşümüz 1550 yüksəkliyi deyilən yerdə oldu. Orada yaralandım. Bu çox strateji yüksəklik idi, Şuşanın alınması üçün bu vacib idi.

Düşmən 30 ildən bəri hazırladığı istehkam maneələri, texnikamız üçün və piyada əleyhinə minalar düzmüşdü, val qazmışdı çoxlu. Onları keçmək çətin idi. Onların bir neçə eşelonu var idi. Bunları keçmək çətin olsa da, bizim şəhidlərimizin, qazilərimizin, döyüşçülərimizin hesabına həmin maneələr dəf olundu və hal-hazırda bu torpaqlardayıq.

Biz yüksəklikdə artilleriya atəşi nəticəsində mən başımdan yaralandım və hospitalında ilk yardım olunduqdan sonra mən yenidən döyüşlərə qayıtdım. Qayıtdıqdan sonra döyüş bitmişdi.

Bizim yaralılarımız olurdu, təxliyyə etmək üçün təxliyə qrupları gəlirdi təxliyyə olmurdu. Yaralı ola-ola yenidən döyüşə qatılırdı. Şəhid olanda olurdu, hal-hazırda aralarında yaşayanda var. Güllə yarası dəydiyi anda getmək istəmirdilər.

Biz demək olar ki, bu 30 ildən bəri düşmənə nifrət hissi ilə böyümüşük. Bir tərəfim Cəbrayıl, bir tərəfim Zəngilandandır. 30 ildən bəri gözləyirdik bu komandanı ki, biz döyüşə qatılaq. Xüsusi hazırlanmış bölmədən idik ona görə də şəxsi heyət həmişə istəyirdi döyüşsün. Onun üçün ruh yüksəkliyi çox böyük idi.

Vətən müharibəsində şəhid olan şəhidlərimizə Allah rəhmət etsin, qazilərimizə can sağlığı və hal-hazırda xidmətdə olan yoldaşları salamlayırıq.

Elə silahlarımız var idi ki, heç istifadə olunmadı, ehtiyac olmadı. Müasir silahlarımız düşməndən qat-qat daha yaxşı idi. Döyüş bitdikdən sonra da müasir silahlar alırıq, istifadə olunur”.

Onu da qeyd edək ki, Azərbaycanın milli və dövlətçilik maraqlarını daim üstün tutan Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev 2020-ci il noyabrın 8-də Şuşa şəhərinin azad olunması münasibətilə xalqa müraciətində deyib: “İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, Zəfərimizin günüdür!”

MRS1985

Poliqon.az

CATEGORIES
TAGS