“Switchblade” süzən sursatları xarici sifarişçiyə çatdırılacaq

“Switchblade” süzən sursatları xarici sifarişçiyə çatdırılacaq

ABŞ-ın “AeroVironment” şirkətinin istehsalı olan “Switchblade” süzən sursatları ilk dəfə olaraq ixrac olunacaq.

“Poliqon” xəbər verir ki, “Flightglobal” portalının yaydığı məlumata görə, Böyük Britaniya tərəfindən “Switchblade” süzən sursatları sifariş olunub.

Bu günə qədər ABŞ qanunvericiliyindəki ixrac qadağası səbəbindən uzun müddət “Switchblade” süzən sursatlarının yeganə sifarişçisi ABŞ Hərbi Hava Qüvvələri olaraq qalırdı.

“Switchblade” süzən sursatları düşmənin canlı qüvvəsini və yüngül zirehli texnikalarını məhv etmək üçün təyin edilib.

Satınalmanın həcmi və süzən sursatın modeli açıqlanmayıb. Lakin məlumdur ki, ABŞ Müdafiə Nazirliyi ilə “AeroVironment” şirkəti arasında bağlanmış müqavilənin məbləği 44,9 milyon ABŞ dolları dəyərindədir və ABŞ hökumətlərarası Silah Satış Rejimi (Foreign Military Sales) çərçivəsində süzən sursatların son istifadəçisi Böyük Britaniya olacaqdır. Müqavilənin gözlənilən bitmə tarixi 29 aprel 2023-cü ildir.

“AeroVironment” şirkəti “Switchblade” süzən sursatının iki versiyasını (“Switchblade 300” və “Switchblade 600), həmçinin onların sualtı qayıqlardan buraxılmaq üçün nəzərdə tutulmuş “Blackwing” modifikasiyasını istehsal edir.

“Switchblade 300” süzən sursatı hədəfləri görmə hüdudlarından kənarda vurmaq üçün yaradılıb. Quru, dəniz və ya hava platformalarından buraxılış borusundan buraxıla bilir. Canlı qüvvəyə qarşı olmaqla, kütləsi 2,5 kq (bəzi mənbələrə əsasən 1 kq), uçuş məsafəsi 10 km-ə qədər və havada qalma müddəti 10 dəqiqədir (bəzi mənbələrə əsasən 20-40 dəqiqə). Uçuş sürəti saatda 60 km (bəzi mənbələrə əsasən saatda 157 km) təşkil edir. Döyüş atımı 40 mm-lik qumbaranın atımı ilə eynidir.

“Switchblade 300” süzən sursatı daxilində PUA olan “borudan” və ya “Multi-Pack Launcher – MPL” modul sistemindən buraxıla bilir. 6 ədəd süzən sursat olan blokun kütləsi 73 kq, yenidən doldurulma müddəti 30 saniyədir. Sistem 2-dən 20-yədək buraxma qurğusununun birləşdiyi kompleks kimi tətbiq edilə bilir.

“Switchblade 600” süzən sursatı yüngül zirehli texnikanı məhv etmək imkanına malik daha güclü döyüş başlığı ilə təchiz edilib. “Switchblade 600” süzən sursatının kütləsi 22,7 kq, hədəfi məhvetmə məsafəsi 90 km, havada qalma müddəti 40 dəqiqəyə qədərdir.

Əhəd Əzizov

163695783 284359523189333 851815291454860514 n

CATEGORIES
TAGS