
T-80 tankları təkmilləşdirilərək Rusiya Ordusunun silahlanmasına verilir
“Rostex” Dövlət Korporasiyasının tərkibinə daxil olan “Uralvaqonzavod” şirkəti tərəfindən modernləşdirilən T-80 BVM tanklarının növbəti partiyası Rusiya Ordusuna təhvil verilib.
“Poliqon” xəbər verir ki, bu barədə “Rostex” Dövlət Korporasiyasının mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilib ki, “Uralvaqonzavod”un “Omsk” maşınqayırma zavodunda modernləşdirilən T-80 BVM tankları keçirilən sınaqlarda müsbət nəticə göstərib.
Yeni modernizə işləri sayəsində T-80 BV tankının müdafiə sistemi gücləndirilib, atış gücü səviyyəsi daha da artırılıb.
Həmçinin tankın dinamik müdafiəsi əhəmiyyətli dərəcədə yaxşılaşdırılıb. T-80 BV müasir tank əleyhinə vasitələrlə və tandem döyüş başlıqlı raketlərə qarşı zirehli qoruma ilə təchiz olunub.
Bununla yanaşı, T-80 BV tanklarında “Pelenq” şirkətinin istehsalı olan “Sosna-U” çoxkanallı tuşlayıcı nişangahı, habelə digər müasir cihazlar qurulub. Tuşlayıcı və komandir bölməsi monitorla, radiostansiya və GPS/QLONASS peyk naviqasiya sistemi ilə təmin edilib.
Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi və “Uralvaqonzavod” şirkəti arasında T-80 tanklarının modernizə edilməsi ilə bağlı müqavilə 2017-ci ilin sentyabr ayında imzalanıb.