Tailand İsraildən “Hermes 900” PUA-ları alır
İsrailin “Elbit Systems” şirkəti və Tailand Silahlı Qüvvələri arasında “Hermes 900” pilotsuz uçuş aparatının (PUA) alınması ilə bağlı müqavilə imzalanıb.
“Poliqon” “Elbit Systems”ə istinadən xəbər verir ki, şirkət tərəfindən tədarük olunacaq PUA-lar Tailandın Hərbi Dəniz Donanmasının inventarına daxil ediləcək.
Müqaviləyə əsasən, “Elbit Systems” Tailandın Hərbi Dəniz Donanması üçün 120 milyon ABŞ dolları dəyərində “Hermes 900” PUA-larının tədarükünü həyata keçirəcək və onu idarəedəcək personala təlim keçəcək.
Bildirilib ki, müqavilə üç il ərzində reallaşdırılacaq və çatdırılacaq PUA-lar dənizdə şübhəlilərin aşkarlanması, ISR (Intelligence, surveillance and reconnaissance), axtarış və xilasetmə əməliyyatlarının yerinə yetirilməsi üçün istifadə olunacaq.
“Hermes-900” PUA-nın faydalı yükünə elektro-optik/infraqırmızı sensorlar, SAR radarı, radioelektron kəşfiyyat, həmçinin radioelektron mübarizə və hiperspektral sensorlar daxildir. 9100 metr yüksəkliyə qalxa bilən və havada fasiləsiz 36 saat uçuş qabiliyyətinə malik PUA-nın faydalı yükü 300 kq, qanad açıqlığı 15 metr, uzunluğu 8.3 metr təşkil edir.
Qeyd edək ki, “Hermes” ailəsinə daxil olan PUA-lar Azərbaycan, İsrail, Böyük Britaniya, Braziliya, Çili, Meksika, İsveçrə və Kanada Silahlı Qüvvələri tərəfindən istifadə olunur.