Tayland Ordusuna üzən tankların ilk partiyası təhvil verilib

Tayland Ordusuna üzən tankların ilk partiyası təhvil verilib

Çinin “NORINCO” şirkəti Tayland Dəniz Piyadalarına ilk 3 ədəd VN-16 amfibiya döyüş maşınını (üzən tankı) təhvil verib.

“Poliqon” “Sina” portalına istinadən xəbər verir ki, 3 ədəd VN-16 üzən tankı Tayland Ordusuna 13 milyon ABŞ dollarına başa gəlib.

Üzən tanklar, Taylandın 2019-cu ildə Çinə sifariş verdiyi 071E  layihə desant gəmisini təchiz etmək üçün təyin edilib. İlk partiya 3 ədəd üzən VN-16 tankından ibarətdir. Daha əvvəllər isə əlavə 3 ədəd üzən tankın alınmasının planlaşdırıldığı bildirilib.

Qeyri-rəsmi məlumatlara görə, VN-16 üzən tankı 105 mm-lik aşağı geri təpməli yivli lüləli topla, sabitləşdirmə sistemi ilə, lazer məsafəölçənlə və termal nişangahla təchiz edilib. Üzən tank suda saatda 28 km sürətlə üzə bilir.

VN-16 üzən tankı Çinin ZDT-05 atəş himayəsi döyüş maşınlarının ixrac variantıdır.

Tankda quraşdırılmış 105 mm-lik topdan zirehdələn pərli çapaltı APFSDS tipli, qəlpəli-fuqas HE tipli və tank əleyhinə kumulyativ HEAT tipli atəş yığımları ilə, həmçinin Rusiya istehsalı 9M117 “Bastion” tank əleyhinə lazer şüası ilə idarə olunan reaktiv mərminin Çin analoqu ilə atəş aparmaq mümkündür. TƏİRM lülə kanalından buraxılır.

İkinci silah olaraq 12,7 mm-lik zenit pulemyotu və köməkçi silah olaraq, qüllənin damında 7,62 mm-lik pulemyot yerləşdirilib. Qüllənin yan tərəflərinin hərəsində dörd ədəd tüstü qumbarası buraxma qurğusu nəzərdə tutulub.

Döyüş vəziyyətində kütləsi 28,5 ton, heyəti isə dörd nəfər olan üzən tankı 600 at gücünə bərabər dizel mühərrik hərəkətə gətirir.

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS