Tayvan ABŞ-dan 40 ədəd M109A6 “Paladin” ÖAQ sifariş edib

Tayvan ABŞ-dan 40 ədəd M109A6 “Paladin” ÖAQ sifariş edib

ABŞ Dövlət Departamenti, ABŞ-dakı Taybey İqtisadi və Mədəni Nümayəndəliyinə (TECRO) 155 mm çaplı M109A6 “Paladin” orta özüyeriyən haibitsa sisteminin və əlaqədar avadanlığın Xarici Hərbi Satışını (Foreign Military Sale – FMS) təsdiq edən qərar qəbul edib.

“Poliqon” xəbər verir ki, Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyinin (Defense Security Cooperation Agency – DSCA) mətbuat xidmətinin məlumatına görə, Agentlik bu mümkün satış haqqında Konqresə lazımi sertifikatı təqdim edib.

40 ədəd 155 mm M109A6 ÖAQ-a əlavə olaraq Tayvana mümkün tədarükə 20 ədəd M992A2 sursatdaşıma maşını, 5 ədəd Hercules M88A2 nəqliyyat vasitəsi, 5 dəst 12,7×99 mm çaplı M2 Chrysler Mount pulemyotu, 1 dəst təkmilləşdirilmiş səhra artilleriyasının taktiki məlumat sistemi (AFATDS) və 1698 dəst çoxfunksiyalı dəqiq idarəetmə dəstləri (Precision Guidance Kit – PGK) daxildir.

Sifarişə M109A6 ÖAQ və M992A2 maşınlarının əsaslı təmiri, yenidən qurulması və təmir xidmətləri, eləcə də sistemlərin istismarı, texniki xidməti və təmiri üçün zəruri olan laboratoriya avadanlığı, xüsusi alətlər və vasitələr daxildir. Həmçinin artilleriya sistemləri, nəqletmə, ehtiyat və təmir hissələri, ən müasir rabitə avadanlıqları və onun inteqrasiyası, kadr hazırlığı və təlim avadanlığı üçün texniki dəstək veriləcək.

Sifarişin ümumi dəyəri 750 milyon ABŞ dollarına bərabərdir.

M109 ÖAQ ABŞ Ordusu və bir sıra digər ölkələrdə silahlanmada yer tutan ABŞ özüyeriyən artilleriya sistemidir. 1960-cı illərin əvvəllərində M41 “Walker Bulldog” yüngül tankına əsaslanan M44 özüyeriyən topu əvəz etmək üçün hazırlanıb. 1962-2003-cü illərdə ABŞ hərbi sənaye kompleksinin seriyalı istehsalında olmuş, istehsal əsnasında dəfələrlə təkmilləşdirilib və 1990-cı illərdə Cənubi Koreyada da lisenziya əsasında istehsal edilib.

Qurğunun bugünədək ABŞ-da istehsal edilmiş M109A1, M109A2, M109A3, M109A4, M109A5, M109A6 “Paladin”, М109А7 modifikasiyaları, həmçinin başqa ölkələrdə yaradılmış M109A3G (Almaniya), M109A3GN (Norveç), M109L (İtaliya) və M109A1 “Hoveizeh” (İran) variantları mövcuddur. M109 ÖAQ bazasında M992 FAASV (Field Artillery Ammunition Support Vehicle) sursatdaşıma maşını da yaradılıb.

M109 ÖAQ əsas silah olaraq 155 mm-lik M126, A1-A4 modifikasiyaları 155 mm-lik M185 və A5-A7 modifikasiyaları 155 mm-lik M284 haubitsası ilə silahlandırılıb. Atış məsafəsi adi atəş yığımı ilə 14,6-22 km, aktiv-reaktiv atəş yığımı ilə 19,3-30 km təşkil edir. Köməkçi silah olaraq 12,7×99 mm-lik M2 “Browning” pulemyotu nəzərdə tutulub.

M109A6 Paladin ilk atışını 60 saniyə ərzində yerinə yetirir. “Atmaq və qaçmaq” qabiliyyəti heyəti əksbatareya (kontrbatareya) atəşindən qoruyur.

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS