
Təhlükəsizlik məsələləri üzrə 13-cü beynəlxalq görüş keçirilib
2025-ci ilin 27-29 may tarixlərində Rusiyanın paytaxtı Moskva şəhərində təhlükəsizlik məsələlərinə kuratorluq edən yüksəksəviyyəli nümayəndələrin “Bərabər və bölünməz təhlükəsizlik arxitekturası: Cənub və Şərq dövlətləri üçün imkanlar və təhdidlər” mövzusunda 13-cü beynəlxalq görüşü keçirilib.
Bu barədə “Poliqon” Azərbaycan Təhlükəsizlik Şurasının mətbuat xidmətinə istinadən xəbər verib.
Bildirilib ki, Azərbaycan Təhlükəsizlik Şurasının katibi, general-polkovnik Ramil Usubovun rəhbərlik etdiyi nümayəndə heyəti tədbirdə iştirak edib.
Dünyanın 105 ölkəsinin təmsil olunduğu, 126 nümayəndə heyətinin iştirak etdiyi üçgünlük dialoq çərçivəsində qlobal miqyasda bərabər və bölünməz təhlükəsizliyin yeni arxitekturasının formalaşdırılması, mühüm informasiya infrastrukturunun terror hücumlarından və təxribatlardan qorunması, o cümlədən internet fırıldaqçılgı ilə mübarizə məsələləri müzakirə olunub.
R.Usubov çıxışında bu gün sürətlə baş verən proseslərin dünyada təhlükəsizliyə, sabitliyə yeni çağırışlar və təhdidlər yaratdığını, qlobal Cənubun və Şərqin bundan təklikdə qorunmaq imkanlarının olmamasının narahatlıq doğurduğunu, beynəlxalq birliyin birgə səylərinin vacibliyini diqqətə çatdırıb. O, möhtərəm Prezidentimiz İlham Əliyevin bilavasitə rəhbərliyi və yorulmaz səyləri ilə qlobal maraqların kəsişdiyi coğrafi ərazidə yerləşən Azərbaycanın bölgədə və dünyada dayanıqlı təhlükəsizlik mühitinin formalaşmasına, möhkəmləndirilməsinə, bərabərhüquqlu əsasda dayanıqlı beynəlxalq əməkdaşlığın inkışafına verdiyi töhfələrdən danışıb.
Tədbir çərçivəsində keçirilən görüşlərdə təhlükəsizliyin təmini sahəsində əlaqələrin gücləndirilməsi, ikitərəfli əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.